Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan İcması ilə birlikdə keçirdiyi “Qərbi Azərbaycana qayıdış milli ideyanın yeni mərhələsi kimi” mövzusunda beynəlxalq elmi konfrans bu istiqamətdə gerçəkləşdirilən məqsədyönlü və konseptual fəaliyyətə ciddi töhfə və dəstək kimi dəyərləndirilə bilər. Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən son 200 il ərzində mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən təşkilatdır. Onun fəaliyyətinin ana xəttini həmin insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda deyib.
O, qeyd edib ki, bu təşkilat 1987-1988-ci illərdə – Qarabağ münaqişəsinin ilk mərhələsində və bu münaqişənin tərkib hissəsi kimi, Qərbi Azərbaycandakı ata-baba yurdlarından Ermənistan dövləti tərəfindən sonuncu adamına qədər qovulan 300 min nəfər azərbaycanlı qaçqının sosial problemlərini həll etmək üçün 1989-cu il dekabrın 28-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı ilə təsis edilmiş, 2022-ci il avqustun 3-də “Qərbi Azərbaycan İcması” adı ilə yenidən təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2022-ci ildə İcmanın inzibati binasını ziyarəti, orada etdiyi proqram xarakterli tarixi çıxışı Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstək ifadə etməsi İcmanın fəaliyyətinə yeni təkan vermişdir. Həmin çıxışında cənab Prezidentin Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsaslarının yaradılmasına dair verdiyi tapşırığa uyğun olaraq İcmamız qısa müddətdə “Qayıdış Konsepsiyası” hazırlamış və bu gün də həmin Konsepsiyanın müddəalarına uyğun fəaliyyətini davam etdirir. Bu Konsepsiya beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanır.
Lakin təəssüf ki, İcmamız Ermənistan hökumətinə dialoq təklifi ilə dəfələrlə müraciət etsə də, qarşı tərəf çağırışlarımıza hələ də cavab vermir, əksinə, Qərbi Azərbaycana qayıdış məsələsini siyasi gündəmdən çıxarmaq üçün əlindən gələni edir. Əlbəttə, biz bunun səbəblərini anlayırıq. Təkcə sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, 400-dən artıq insanımız bədən xəsarəti almışdır. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulmuşdur ki, beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün – 38 ildən sonra həmin ziyanın məbləği yüz milyardlarla ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil. Ən dəhşətlisi isə odur ki, bu münaqişədən təkcə insanlarımız yox, həm də dünya mədəni irsinin tərkib hissəsi olan mədəni irsimiz ziyan çəkib, tarixi abidələrimiz dağıdılıb, qəbiristanlıqlar məhv edilib, mənəvi mühitlər yoxa çıxıb. Bu, bəşəri cinayətdir və biz Ermənistanda Azərbaycan mədəni irsinə qarşı bu vandalizmin durdurulması üçün UNESCO-ya da dəfələrlə çağırışlar etmişik.
Əziz Ələkbərli qeyd edib ki, təkcə belə bir faktı xatırladım ki, bu yaxınlarda Qərbi Azərbaycan İcmasında Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində aparılan monitorinq zamanı müəyyən edilmişdir ki, bu qəbiristanlıqların 12-si üzərindən asfalt yollar çəkilmiş, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikilmiş, 56 qəbiristanlığın ərazisi əkin sahəsinə çevrilmiş, 6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrilmiş, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edilmiş, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salınmış, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparılmış, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görülmüş, 3 qəbiristanlıq ərazisində isə su anbarı inşa edilmişdir.
Qərbi Azərbaycan İcması olaraq, bizim əsas hədəflərimizdən biri Qərbi Azərbaycan həqiqətlərinə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyətin gücləndirilməsidir. Məlumat üçün deyim ki, bu günə qədər İcma tərəfindən müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlanmışdır. İcmanın 11 sənədi BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri qismində bütün ölkələr arasında yayılmışdır. İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı ümumilikdə isə 345 bəyanat yayılmışdır. Azərbaycana səfər edən xarici nümayəndələrlə və ölkəmizdə fəaliyyət göstərən nüfuzlu xarici diplomatlarla İcma nümayəndələrinin ümumilikdə 78 görüşü olmuşdur. Milli Məclisin müxtəlif komitələri tərəfindən Qərbi Azərbaycan məsələsi ilə bağlı 6 ictimai dinləmə keçirilmişdir. Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul etmiş və İcmamızın qayıdış hüququnu dəstəkləmişlər.
Onun sözlərinə görə, İcmanın təmsilçiləri Türkiyədə, İspaniyada, Niderlandda, Almaniyada, Belçikada, Polşada, Macarıstanda, Qazaxıstanda, Özbəkistanda, Mərakeşdə, Avstriyada, İordaniyada keçirilən tədbirlərdə iştirak etmişlər. Bununla belə, 2025-ci il il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşlər, Azərbaycanla Ermənistan arasında bağlanacaq Sülh sazişinin paraflanması, Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi, nəhayət, bölgəyə sülhün gələcəyinə inamı artırmışdır. Biz, Qərbi Azərbaycan İcması olaraq, hər iki dövlət başçısının dialoq səylərini alqışlayır və bu danışıqlara Qərbi Azərbaycan qaçqınlarının öz doğma ocaqlarına qayıdışına açılan qapı kimi baxırıq. Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın – erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır, birgəyaşayışın yeganə yolu isə hər bir insanın doğulub boya-başa çatdığı ərazilərə qayıdış hüququnun tanınmasından və təmin edilməsindən keçir. Buna görə də ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, İcmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza kömək edəcəkdir.
Bu gün Cənubi Qafqaz tarixinin həssas dönəmlərindən birini yaşayır. Sülh danışıqları davam edir. Yeni iqtisadi imkanlar müzakirə olunur. Nəqliyyat xətləri, enerji layihələri, regional əməkdaşlıq perspektivləri gündəmdədir. Ancaq məncə bütün bunlardan daha böyük bir məsələ var - İnsanın taleyi.
Əgər iqtisadi layihələr insanın rifahına xidmət etmirsə, onlar natamam qalacaq. Əgər sülh yalnız sənədlərdə yaşayırsa, o zəif olacaq.
Sülh insanın həyatına daxil olduğu zaman davamlı ola bilər. İnanıram ki, Qərbi Azərbaycana hüquqi və ləyaqətli qayıdış ideyası düzgün idarə edilərsə, bu, Cənubi Qafqaz üçün təhlükə deyil. Əksinə, bu, etimad quruculuğunun yeni mərhələsi ola bilər. Çünki hüquqa əsaslanan qayıdış revanş yaratmır.
Etimad yaradır. Ədalət yaradır. Sülh yaradır.
Yeni sistem vətəndaşların sağlamlıq göstəricilərinin vahid elektron reyestrdə saxlanılmasını təmin edəcək
Elçin Babayev: Qərbi Azərbaycan irsinin gənc nəsil arasında təbliği universitetlərin əsas missiyasıdır