03 iyun 2026 14:38
81

”Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilib

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqı son illərdə öz tarixinin ən mühüm mərhələlərindən birini yaşayır. 2020-ci ildə əldə edilmiş tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində dönüş nöqtəsi olub. 2023-cü ildə isə Azərbaycan bütün əraziləri üzərində dövlət suverenliyini tam təmin edib. Hazırda işğaldan azad edilmiş torpaqlarda şəhərlər, kəndlər yenidən qurulur, insanlar doğma yurdlarına qayıdır, həyat bərpa olunur. Ölkəmizin qazandığı tarixi qələbələr Qərbi Azərbaycandan müxtəlif dövrlərdə zorla çıxarılmış, öz tarixi torpaqlarından didərgin salınmış soydaşlarımızın taleyini bir daha gündəmə gətirir. Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Söhbət tanklarla qayıdışdan getmir – söhbət avtomobillərlə, sülh yolu ilə, ləyaqətli və təhlükəsiz qayıdışdan gedir” fikrinin yeni dövrün fəlsəfəsi və qarşımızda dayanan yol xəritəsi olduğunu bildirib: “XXI əsrdə tarixi ədalət yalnız güclə deyil, hüquq, diplomatiya, beynəlxalq mexanizmlər və sülh gündəliyi ilə təmin olunur. 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı ziyalılarla görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin görüşdə qayıdışın ideoloji, siyasi və hüquqi konturları daha aydın şəkildə ifadə edildi. Sonrakı mərhələdə formalaşdırılmış Qayıdış Konsepsiyası isə bu istiqamətdə aparılan fəaliyyətin nəzəri və praktik əsaslarını müəyyən edən mühüm sənədə çevrildi. Qərbi Azərbaycana qayıdış məsələsi yalnız milli gündəlik deyil, beynəlxalq humanitar hüquq, insan hüquqları, öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın geri dönüşü kontekstində araşdırılması vacib olan elmi istiqamətlərdir. Azərbaycan artıq münaqişədən çıxmış ölkə deyil. Azərbaycan eyni zamanda postmünaqişə quruculuğu modeli təqdim edən dövlətdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa prosesi, “ağıllı kənd” layihələri, infrastrukturun yenidən qurulması, dağıdılmış məskənlərin yaşayış və inkişaf məkanına çevrilməsi dünyada nadir nümunələrdən biridir. Ölkəmiz regionda yeni sülh arxitekturasının formalaşması istiqamətində ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, sülh gündəliyi bütövlükdə regionun gələcəyini müəyyən edən strateji seçimdir. Məhz buna görə Qərbi Azərbaycana qayıdış məsələsi qarşıdurma yox, sülh gündəliyinin bir hissəsi kimi təqdim olunur. Qayıdış ideyası revanşizm, münaqişənin davamı deyil, hüquqa söykənən tarixi ədalət çağırışı, uzunmüddətli sülh və etimad üçün yeni imkanların axtarışıdır”.
Rektor vurğulayıb ki, bu məsələdə milli yaddaşın qoruyucuları olan ali təhsil müəssisələrinin üzərinə xüsusi missiya düşür: “Tarixi sənədlərin toplanması, hüquqi bazanın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq, arxiv materiallarının sistemləşdirilməsi, toponimika, etnoqrafiya, mədəni irs, insan hüquqları və beynəlxalq hüquq istiqamətlərində araşdırmaların genişləndirilməsi mühüm vəzifələr olaraq qalır. BDU-da 2023-cü ildə yaradılmış Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi də məhz bu amala xidmət edir. Mərkəzin əsas vəzifəsi Qərbi Azərbaycan irsinin öyrənilməsi, elmi, tarixi, mədəni və hüquqi araşdırmaların aparılması və təbliğ edilməsidir. Mərkəz Qərbi Azərbaycanla bağlı məlumatları sistemli şəkildə öyrənərək akademik müstəvidə təqdim edir. Qərbi Azərbaycanın tarixi, toponimləri, folkloru, dialekt və şivələrinin araşdırılması, deportasiya və köç proseslərinin elmi şəkildə öyrənilməsi istiqamətlərində, Qayıdış Konsepsiyası ilə bağlı elmi-tədqiqat işləri aparılır. Qərbi Azərbaycan irsinin tələbə gənclər arasında təbliği əsas məqsədlərimizdən biri kimi diqqət mərkəzində saxlanılır. Bu işdə Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə layihələr xüsusi əhəmiyyət kəsb edir. Əminik ki, “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” I Beynəlxalq elmi konfransı da yeni ideyaların yaranmasına, elmi əməkdaşlığın genişlənməsinə və Qərbi Azərbaycana qayıdış mövzusunun beynəlxalq elmi diskursda daha geniş yer almasına mühüm töhfə verəcək”.
QAİ-nin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda Beynəlxalq elmi konfrans bu istiqamətdə gerçəkləşdirilən məqsədyönlü və konseptual fəaliyyətə ciddi dəstək kimi dəyərləndirilə bilər. O bildirib ki, Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən son 200 il ərzində mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən təşkilatdır. Onun fəaliyyətinin ana xəttini həmin insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2022-ci ildə İcmanın inzibati binasını ziyarəti, orada etdiyi proqram xarakterli tarixi çıxışı Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstək ifadə etməsi İcmanın fəaliyyətinə yeni təkan verib. Bundan sonra hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, sülh, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanır.
İcma rəhbəri bildirib ki, 2025-ci il il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşlər, Azərbaycanla Ermənistan arasında bağlanacaq Sülh sazişinin paraflanması, Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi bölgəyə sülhün gələcəyinə inamı artırıb: “Qərbi Azərbaycan İcması hər iki dövlət başçısının dialoq səylərini alqışlayır və bu danışıqlara Qərbi Azərbaycan qaçqınlarının öz doğma ocaqlarına qayıdışına açılan qapı kimi baxır. Ümid edirik ki, Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza kömək edəcək. Qərbi Azərbaycana hüquqi və ləyaqətli qayıdış ideyası Cənubi Qafqazda etimad quruculuğunun yeni mərhələsi ola bilər. Çünki hüquqa əsaslanan qayıdış revanş yox, etimad, ədalət, sülh yaradır”. 
Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Qərbi Azərbaycana qayıdış tələbinin Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına xidmət edən mühüm amillərdən biri olduğunu deyib: “İnsanların doğulduqları torpaqlara təhlükəsiz, şərəfli və hüquqi çərçivədə dönməsi regional barışığın ən səmimi və dayanıqlı əsaslarından biridir. Qərbi Azərbaycandan deportasiya olunmuş insanların taleyi yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ortaq vicdan məsələsidir. Bu çağırış Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, insan hüquqlarına, tarixi ədalətə və insan ləyaqətinə əsaslanan çağırışdır”. 
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Qərbi Azərbaycanla bağlı milli fəaliyyətin elm və təhsilin üzərinə xüsusi vəzifələr qoyduğunu bildirib. O qeyd edib ki, tarixi faktların araşdırılması, sənədləşdirilməsi, elmi əsaslarla hazırlanması akademik ictimaiyyətin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu istiqamətdə universitetlər, elmi-tədqiqat institutları və bütün təhsil müəssisələri mühüm işlər həyata keçirirlər: “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası ali təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin, həqiqətlərinin təbliği, bununla bağlı resursların artırılmasını tələb edir. Qərbi Azərbaycan məsələsi insan hüquqları, tarixi ədalət və beynəlxalq hüquq məsələsidir, missiyadır. Bu missiya ideyadan fəaliyyətə, sözdən əmələ keçib. Qərbi Azərbaycana qayıdış bizim davamlı sülh və dialoq gündəliyimizin bir hissəsidir. Bu, bizdən xatirələrlə yox, məhz planlarla yaşamağı tələb edir. Güclü dövlət kimi biz illəri yox, nəsilləri, əsrləri planlaşdırmağı öyrənməliyik və bunu da edirik”.
Milli Məclis sədrinin müavini Musa Qasımlı Qərbi Azərbaycana qayıdış ideyasının tarixi həqiqətlərə əsaslandığını bildirib: “Hesab edirəm ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Qərbi Azərbaycana qayıdış ideyası öz məqsədinə çatacaq. Bugünkü konfransda gənclərin, alimlərin və tədqiqatçıların məruzələrlə çıxış etməsi bu ideyanın elmi əsaslarının daha da möhkəmlənməsinə və təşviqinə əlavə töhfə verəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Qərbi Azərbaycana qayıdış çağırışına ölkəmizdə ilk səs verən qurumlardan biri də AMEA olub. Qərbi Azərbaycan məsələlərini tədqiq etmək üçün Akademiyanın müxtəlif strukturlarında Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan toponimiyası və Qərbi Azərbaycanla bağlı əlyazmaların tədqiqi adlı şöbələr fəaliyyətə başlayıb. O, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ərazi iddiası olmayan bütövlük, barış konsepsiyası olduğunu vurğulayıb. 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova isə bildirib ki, Qərbi Azərbaycanla bağlı elm və tədris istiqamətində həyata keçirilən işlər genişləndirilib. Son illərdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycanın folkloru və toponimikası ilə bağlı seçmə fənlər tədris olunur və bu proses artıq iki ildən çoxdur davam edir: “Bu gün həmin ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusunda dərs vəsaitləri və dərsliklər hazırlanıb və tədris prosesində istifadə olunur. Bu, çox mühüm addımdır. Çünki biz gənc nəslə Qərbi Azərbaycanın tarixi, coğrafiyası və zəngin folkloru haqqında dərin biliklər verməliyik. Deportasiya və tarixi yaddaş mövzularını əhatə edən hekayə və şeirlər müxtəlif ölkələrdə, o cümlədən Orta Asiya dövlətlərində, Tatarıstanda və Rusiyada çap olunur. Ali təhsil müəssisələrində Qərbi Azərbaycan Araşdırma mərkəzlərinin yaradılması vacibdir. Bu mərkəzlər arxiv materialları ilə işləməyə, elmi tədqiqatları genişləndirməyə və koordinasiyalı fəaliyyətə imkan yaradır”.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini Vaqif Şadlinski diqqətə çatdırıb ki, Qərbi Azərbaycana qayıdış ideyasına gedən yol böyük çətinliklərdən keçib: “Lakin bu gün ümid və inamla yaşayırıq. Bu gün əsas müzakirə etdiyimiz məsələ doğma torpaqlarımıza hansı yollarla və hansı mexanizmlərlə qayıdacağımızdır. Həmin ərazilərdə bir sıra yaşayış məntəqələri dağıdılıb, kəndlər viran qoyulub. Mən inanıram ki, özüm görə bilməsəm belə, övladlarım və nəvələrim həmin torpaqlara qayıdacaq, onları yenidən qurub abadlaşdıracaqlar”.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, Qərbi azərbaycanlıların deportasiyası faktlarının beynəlxalq hüquq müstəvisində sistemli şəkildə sənədləşdirilməsi və hüquqi qiymətləndirilməsi istiqamətində işlər davam etdirilməlidir. Onların hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq hüquqi mexanizmlərdən və aidiyyəti beynəlxalq institutlardan daha fəal və səmərəli şəkildə istifadə olunmalıdır. Bu mövzu üzrə müqayisəli hüquqi tədqiqatların genişləndirilməsi vacibdir. 
İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Qərbi Azərbaycana qayıdış konsepsiyası milli ideyanın inkişaf mərhələsi kimi beynəlxalq hüquq normaları kontekstində qiymətləndiriləcək. Konfransda həmçinin humanitar və mədəni irsin qorunması məsələləri, qayıdış ideyasının sülh və regional sabitliklə uzlaşan konseptual model kimi təqdim edilməsi, milli ideyanın müasir mərhələdə dövlətçilik, suverenlik və tarixi ədalət prinsipləri əsasında yenidən şərh olunması istiqamətində əldə edilmiş elmi nəticələr beynəlxalq müstəvidə müzakirə olunacaq, habelə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququnun normativ əsasları elmi baxımdan təhlil ediləcək. 
Konfrans öz işini panel sessiyaları ilə davam etdirir.

Yaqut Ağaşahqızı, “İki sahil”