Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha yetkindir.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında "Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşının sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələrində bu gün aviasiya sektorunun sürətli böyüməsi nümayiş olunur.
"Region olduqca maraqlı bir keysdir. Azərbaycan artıq uzun müddətdir inkişaf edir və Mərkəzi Asiya dövlətləri ilə müqayisədə daha yetkin bazardır, çünki bu yola daha tez başlayıb. Mərkəzi Asiyadan danışırıqsa, Qazaxıstan uzun müddət regionun lideri olub, digər ölkələrdən daha sürətlə inkişaf edib və böyük işlər görüb. Onun üçün əsas çağırışlardan biri uçuşların təhlükəsizliyi idi, lakin zaman keçdikcə ölkə sözdə "qara siyahı"lardan çıxmağı bacardı. Bu, aviasiya sahəsinin inkişafında mühüm rol oynadı və yerli aviaşirkətlərin böyüməsinə təkan verdi", - R. Şvartsman qeyd edib.
O, həmçinin xatırladıb ki, Özbəkistanın aviasiya bazarı təxminən on il əvvəl aktiv şəkildə açılmağa başlayıb.
"Qazaxıstan, Özbəkistan və Azərbaycana nəzər salsaq, onları maraqlı bir amil birləşdirir: geosiyasi böhran müəyyən dərəcədə hava axınının (trafikin) artmasına və regionun potensialının üzə çıxmasına şərait yaradıb. Azərbaycan hələ ilkin mərhələlərdə beynəlxalq logistik və humanitar əməliyyatlarda fəal iştirak edib ki, bu da irihəcmli yük terminallarının və yük aviasiyasının inkişafına imkan yaradıb.
Bu gün Qazaxıstan və Özbəkistan bir qədər fərqli, lakin bir çox cəhətdən oxşar vəziyyətdədirlər. Müəyyən hava məkanlarından istifadəyə qoyulan məhdudiyyətlər həm yük, həm də sərnişin daşımalarının inkişafı üçün yeni imkanlar yaradır. İndi bu ölkələrdə belə imkanların tapılması və reallaşdırılması üçün ən doğru zamandır", - IATA-nın vitse-prezidenti vurğulayıb.
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb