08 iyun 2026 19:01
92

Laqeyd ailə mühiti uşaqlarda emosional boşluq və dəyərsizlik hissi yaradır - MÜSAHİBƏ

Bu uşaqlar diqqət və sevgi ehtiyacını fərqli, bəzən də neqativ yollarla ödəməyə çalışırlar

Müasir dövrdə yeniyetmələr arasında emosional sabitsizlik, davranış pozuntuları və aqressiv reaksiyaların artması təkcə psixoloji deyil, həm də sosial, pedaqoji və mədəni aspektlərdən ciddi araşdırma tələb edən aktual problem kimi diqqət çəkir. Qloballaşma, informasiya axınının sürətlənməsi, ailədaxili münasibətlərin transformasiyası, məktəb mühitində artan akademik təzyiq və rəqabət, eləcə də rəqəmsal dünyanın nəzarətsiz təsiri yeniyetmə psixikasında müxtəlif gərginlik formalarının yaranmasına səbəb olur.

Bu baxımdan aqressiyanın yalnız fərdi xüsusiyyət kimi deyil, kompleks sosial-psixoloji faktorların qarşılıqlı təsiri nəticəsində formalaşan bir davranış modeli kimi təhlil edilməsi xüsusi əhəmiyyət daşıyır. Problemin köklərinə enmək, risk faktorlarını müəyyənləşdirmək və erkən müdaxilə mexanizmlərini dəyərləndirmək üçün sahə üzrə mütəxəssislərin yanaşmaları mühüm elmi-praktik dəyər kəsb edir.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə bu və digər problemlər, onların həlli yolları barədə danışırıq.

- Son dövrlərdə yeniyetmələr arasında aqressiv davranışların artmasının əsas psixoloji səbəbləri nədir?

- Yeniyetmələrdə aqressiyanın artması bir neçə psixoloji faktorun paralel təsiri ilə izah olunur. Ən əsas səbəblərdən biri emosiyaları düzgün ifadə etmə bacarığının zəif inkişaf etməsidir. Bu  yaş dövründə şəxsiyyət formalaşdığı üçün daxili konfliktlər və kimlik axtarışı gərginlik yaradır. Valideyn diqqətinin azalması və ya qeyri-sabit ailə münasibətləri də aqressiyanı artıran amillərdəndir. Sosial mediada müqayisə və rədd edilmə qorxusu özünə inamı zədələyir. Məktəb mühitində təzyiq və uğursuzluq hissi də əlavə stress yaradır. Bəzi hallarda isə aqressiya, əslində, qorxu və ya incimənin maskalanmış forması olur. Yəni, aqressiv davranış çox vaxt daxili psixoloji gərginliyin xaricə çıxışıdır.

- Ailə mühitində laqeydlik və ya həddindən artıq sərt tərbiyə uşaqlarda hansı psixoloji nəticələr yaradır?

- Laqeyd ailə mühiti uşaqlarda emosional boşluq və dəyərsizlik hissi yaradır. Bu uşaqlar diqqət və sevgi ehtiyacını fərqli, bəzən də neqativ yollarla ödəməyə çalışırlar. Həddindən artıq sərt tərbiyə isə qorxu və daimi gərginlik fonunda böyüməyə səbəb olur. Belə uşaqlar ya həddindən artıq itaətkar, ya da üsyankar və aqressiv olurlar. Öz fikrini ifadə etməkdə çətinlik çəkirlər və güvənsizlik problemi yaşayırlar. Uzunmüddətli perspektivdə bu, münasibətlər qurmaqda çətinlik və emosional sabitsizlik yarada bilər. Hər iki halda uşağın psixoloji təhlükəsizlik hissi zədələnir. Sağlam inkişaf üçün balanslı və anlayışlı yanaşma vacibdir.

- Yeniyetmələrdə emosional gərginlik və aqressiya daha çox hansı yaş dövründə kəskinləşir və bunun səbəbi nədir?

- Emosional gərginlik əsasən 13–17 yaş aralığında daha kəskin müşahidə olunur. Bu dövr hormonal dəyişikliklərin intensiv olduğu mərhələdir. Beynin emosiyaları idarə edən hissəsi hələ tam inkişaf etmədiyi üçün impulsiv davranışlar artır. Yeniyetmə həm uşaqlıqdan uzaqlaşır, həm də yetkinliyə tam çatmır, bu da daxili ziddiyyət yaradır. Sosial qəbul olunmaq istəyi və rədd edilmə qorxusu da stresi artırır. Bu yaşda valideynlərlə konfliktlər daha çox baş verir. Özünü ifadə etməkdə çətinlik isə aqressiya kimi üzə çıxa bilər. Yəni, bioloji və sosial faktorlar bu dövrdə üst-üstə düşür.

- Məktəb mühiti, təzyiq və rəqabət uşaqlarda aqressiv davranışları artıra bilərmi?

- Bəli, məktəb mühitindəki təzyiq aqressiyanın artmasına ciddi təsir göstərə bilər. Davamlı qiymət və uğur təzyiqi uşaqlarda stress səviyyəsini yüksəldir. Rəqabət mühiti bəzən özünü dəyərsiz hiss etməyə səbəb olur. Bullinq və ya sosial kənarlaşdırılma aqressiv reaksiyaları tətikleyə bilər. Uşaqlar özlərini müdafiə etmək üçün aqressiyanı “alət” kimi istifadə edə bilirlər. Müəllim-şagird münasibətlərində anlaşılmazlıq da emosional gərginliyi artırır. Məktəbdə psixoloji dəstəyin olmaması bu problemləri dərinləşdirir. Sağlam mühit isə əksinə, aqressiyanı azaldır.

- Sosial şəbəkələr və telefondan istifadə uşaqların psixologiyasına və davranışlarına necə təsir edir?

-Sosial şəbəkələr uşaqlarda özünü müqayisə etmə meylini gücləndirir. Bu isə özünəgüvənin azalmasına və narazılıq hissinə səbəb ola bilər. Mobil telefondan uzunmüddətli istifadə diqqət dağınıqlığı yaradır. Virtual mühitdə aqressiv davranış modelləri tez-tez normallaşdırılır. Uşaqlar real emosional ünsiyyətdən uzaqlaşa bilər. Bu da empatiya bacarıqlarının zəifləməsinə gətirib çıxarır. Eyni zamanda, kiberbullinq ciddi psixoloji travma yarada bilər. Mobil telefondan nəzarətli və balanslı istifadə isə daha sağlam nəticə verir.

- Sosial izolasiya və özünü qəbul edilməmiş hiss edən yeniyetmələrdə hansı təhlükəli davranışlar formalaşa bilər?

- Sosial izolasiya yaşayan yeniyetmələrdə depressiv meyillər arta bilər. Onlar özlərini dəyərsiz və tək hiss edirlər. Bu vəziyyət özünə zərər vermə davranışlarına gətirib çıxara bilər. Bəzi hallarda aqressiya daxilə yönəlir, bəzən isə ətraf mühitə qarşı yönəlir. Riskli davranışlara, məsələn, zərərli vərdişlərə meyil arta bilər. Real ünsiyyət çatışmazlığı sosial bacarıqları zəiflədir. Bu da gələcək münasibətlərə mənfi təsir edir. Erkən müdaxilə bu riskləri azalda bilər.

- Bu problemlərin məktəblərdə psixoloji dəstək sistemi və məktəb psixoloqları, eləcə də valideynlərin bu prosesdə iştirakı nə dərəcədə effektivdir?

-Məktəblərdə psixoloji dəstək sistemi bu problemlərin həllində çox önəmli profilaktik rol oynayır. Məktəb psixoloqları uşaqların emosional vəziyyətini erkən mərhələdə müəyyən edə bilir. Bu, problemlərin böyüməsinin qarşısını alır. Valideynlərlə əməkdaşlıq isə daha effektiv nəticə verir. Çünki uşaq həm məktəbdə, həm də evdə dəstək hiss edir. Maarifləndirmə tədbirləri aqressiyanın səbəblərini azaltmağa kömək edir. Sistemli yanaşma olduqda ağır halların sayı azalır. Yəni, bu üçlük – məktəb, psixoloq və valideyn – birlikdə işlədikdə ən effektiv nəticə əldə olunur.

- Uşaqlarda aqressiyanın erkən əlamətləri necə müəyyən edilə bilər və onun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Aqressiyanın erkən əlamətləri davranış dəyişiklikləri ilə özünü göstərir. Tez-tez əsəbiləşmə, səbəbsiz qəzəb partlayışları diqqətə alınmalıdır. Uşaqda empatiyanın azalması da siqnal ola bilər. Fiziki və ya verbal zorakılığa meyil erkən mərhələdə görünə bilər. Bütün bunların qarşısını almaq üçün ilk növbədə uşaqla açıq ünsiyyət qurulmalıdır. Emosiyaları ifadə etməyi öyrətmək vacibdir. Valideyn və müəllimlərin müşahidəsi bu məsələdə mühüm rol oynayır. Lazım gəldikdə psixoloq dəstəyi alınmalıdır.

- Aqressiv davranış göstərən uşaqlar əvvəlcədən hansı “xəbərdarlıq əlamətləri” verir və bunlar niyə çox vaxt vaxtında aşkarlanmır?

- Aqressiv uşaqlar əvvəlcədən davranışlarında müəyyən siqnallar verirlər. Onlar tez əsəbiləşir, qaydalara qarşı çıxır və konfliktə meyilli olurlar. Sosial münasibətlərdə problemlər yaşayırlar. Bəzən təcrid olunurlar və ya başqalarına qarşı sərt davranırlar. Bu əlamətlər çox vaxt “adi uşaq davranışı” kimi qəbul edilir. Valideynlər və müəllimlər bəzən bu siqnalları kiçik sayır. Məlumat çatışmazlığı da vaxtında müdaxiləni gecikdirir. Halbuki erkən fərqinə varmaq daha ciddi problemlərin qarşısını ala bilər.

- Zorakılıq məzmunlu filmlər, oyunlar və onlayn kontent yeniyetmələrin davranış modelinə real təsir göstərə bilərmi? Bu cür hallarda əsas problem fərdi, yoxsa sosial mühitdir?

- Zorakılıq məzmunlu kontent yeniyetmələrin davranış modelinə müəyyən təsir göstərə bilər. Xüsusilə empatiya zəifdirsə, bu təsir daha güclü olur. Aqressiv davranışlar normal kimi qəbul edilə bilər. Lakin bu, yeganə səbəb deyil. Əsas məsələ fərdi xüsusiyyətlər və sosial mühitin qarşılıqlı təsiridir. Sağlam ailə və dəstəkləyici mühit bu təsiri azalda bilər. Əksinə, problemli mühitdə bu kontent daha təhlükəli olur. Yəni, məsələ tək bir faktordan ibarət deyil. Kompleks yanaşma ilə qiymətləndirilməlidir.

Yaqut Ağaşahqızı, “İki sahil”