08 iyun 2026 17:57
90

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin sonuncu sessiyası baş tutub. Görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  Müsabiqənin İşçi Qrupundan bildirilib ki, görüş “Kitabi Dədə Qorqud” və türk mədəniyyətində idarəçilik nümunələri” mövzusunda akademik Kamal Abdullanın təqdimatında baş tutub. Təqdimat zamanı Azərbaycan xalqının qədim ədəbi-mədəni irsinin ən qiymətli nümunələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanının milli kimliyimizin formalaşmasında, tarixi yaddaşımızın qorunmasında və mədəni düşüncəmizin inkişafında mühüm rolu barədə fikirlər səsləndirilib. Bildirilib ki, bu dastan Azərbaycan xalqının dünyagörüşünü, mənəvi dəyərlərini, ailə və cəmiyyət münasibətlərini, qəhrəmanlıq ruhunu, ana dilinin zənginliyini və söz mədəniyyətini özündə yaşadan nadir irs nümunələrindəndir.

Kamal Abdulla çıxışında “Kitabi-Dədə Qorqud”un yalnız ədəbi abidə kimi deyil, həm də xalqımızın tarixi təfəkkürünü, milli xarakterini və mədəni kodlarını əks etdirən mühüm mənbə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dastanda yer alan obrazlar, hadisələr və ifadələr Azərbaycan xalqının qədim dövlətçilik düşüncəsi, ailə dəyərləri, vətənə bağlılığı, böyüyə hörmət, sözə sədaqət və birlik anlayışı haqqında geniş təsəvvür yaradır.

Vurğulanıb ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan ədəbiyyatının, folklorunun və ümumtürk mədəniyyətinin ən önəmli abidələrindən biri olmaqla yanaşı, bu gün də milli-mənəvi dəyərlərin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Dastanın dili, poetik üslubu və məzmun zənginliyi Azərbaycan xalqının mədəni yaddaşında xüsusi yer tutur və milli irsimizin dünyaya tanıdılmasında mühüm rol oynayır.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.