“Neft hasilatçılarının gələn ildən etibarən gündəlik hasilatı 1,8 milyon barel aşağı salmaqla bağlı qərarı neft bazarlarına öz müsbət təsirini göstərəcək”. Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Suhail əl Mazroy Əbu Dabidə Federal Milli Şuranın sessiyasında çıxışı zamanı belə deyib. “OPEK üzvləri olan və olmayan bütün hasilat payçıları hasilatı 2017-ci ildən aşağı salmağa razı olublar ki, bu da bazarlarda vəziyyətin stabilləşməsinə kömək edəcək”,-deyə vurğulayan nazir neftin qiymətinin dəqiq olaraq hansı səviyyəyə qalxacağını açıqlamayıb. O, yanvar ayından etibarən neftin qiymətində artımın müşahidə olunacağını qeyd edib.
Xatırladaq ki, 30 noyabrda OPEK üzvləri yanvarın 1-dən etibarən xam neftin qiymətinin yüksəlməsi məqsədilə gündəlik hasilatı 1,2 milyon barelə qədər azaltmaqla bağlı mühüm bir müqavilə imzaladılar.
OPEK üzvü olmayan, lakin dünyanın başlıca neft hasilatçılarından olan Rusiya, Qazaxıstan kimi ölkələr də hasilatı günə 558 min barelə qədər azaltmaqla dünya bazarında vəziyyətin balanslaşmasına yardım edəcəklərini açıqladılar.
Bu, son 15 ildə OPEK və qeyri-OPEK ölkələrinin bir araya gələrək, neftin qiymətini yüksəltməklə bağlı ilk cəhdidir.
Nubar Süleymanova “İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub