15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O xatırladıb ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb və ziddiyyətli proseslərlə üz-üzə qalmışdı: “Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, ölkə daxilində siyasi qarşıdurmalar dərinləşir, iqtisadi tənəzzül sürətlənir, dövlət idarəçiliyi isə iflic vəziyyətinə düşürdü. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan faktiki olaraq dövlətçiliyini itirmək təhlükəsi iləqarşı-qarşıya qalmışdı.
1993-cü ilin iyun hadisələri ölkədə böhranın kulminasiya nöqtəsinə çevrildi. Vətəndaş qarşıdurması və parçalanma təhlükəsi Azərbaycanın gələcəyini sual altına almışdı. Belə ağır və taleyüklü bir məqamda xalqımızın təkidli tələbi ilə Ümummilli Llider Heydər Əliyev Bakıya dəvət olundu. Azərbaycan xalqı öz xilaskarını seçdi və taleyini etibarlı əllərə tapşırdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin gündən Azərbaycan dövlətçiliyinin xilasına, ictimai-siyasi sabitliyin təmin edilməsinə və milli birliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirilməyə başladı. Sonralar bu tarixi gün xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi qəbul edildi və dövlət bayramı statusu aldı”.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ilknövbədə ölkədə sabitlik təmin edildi: “Dövlət institutları möhkəmləndirildi, separatçılıq meyillərinin qarşısı alındı, vətəndaş qarşıdurmasına son qoyuldu. Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edildi. Bu mərhələ yalnızsiyasi sabitliyin bərpası deyil, eyni zamanda gələcək inkişafın möhkəm təməlinin qoyulması idi. Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilən ən mühüm addımlardan biri 1994-cü ilin may ayında Ermənistanla atəşkəs sazişinin əldə olunması oldu. Atəşkəs Azərbaycan dövlətinin güclənməsi, iqtisadi potensialının artırılması və müasir ordu quruculuğu üçün əlverişli şərait yaratdı. Məhz həmin dövrdə əsası qoyulan dövlət quruculuğu siyasəti sonradan Azərbaycanın hərbi qüdrətinin formalaşmasına və torpaqlarımızın azad edilməsinə aparan yolun başlanğıcı oldu. Azərbaycanın müasir inkişaf tarixində mühüm dönüş nöqtələrindən biri də 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”dir. Bu sənəd Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, ölkəyə milyardlarla dollar həcmində investisiya cəlb etdi, yeni enerji strategiyasının əsasını qoydu. Sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kimi nəhəng enerji layihələrinin reallaşması məhz həmin müqavilənin məntiqi davamı oldu. Azərbaycan qısa müddətdə regionun əsas enerji və nəqliyya tmərkəzlərindən birinə çevrildi”.
Parlamentari qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin ən mühüm nailiyyətlərindən biri də hüquqi dövlət quruculuğu istiqamətində atılmış addımlar idi: “Bu baxımdan 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyənləşdirdi. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi təsbit edildi, demokratik idarəçilik mexanizmləri formalaşdırıldı, mülkiyyət toxunulmazlığı, söz və vicdan azadlığı, qanununaliliyi kimi fundamental prinsiplər öz əksini tapdı.
Əsas Qanun Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğunu təsbit etməklə ölkənin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirdi. Bu sənəd müstəqil dövlətçilik ənənələrinin formalaşmasında və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadı. Yeni Konstitusiya bazasında qanunvericilik aktları təkmilləşdirildi, məhkəmə-hüquq sistemində mütərəqqi dəyişikliklər həyata keçirildi. Hüquqi dövlətin əsas prinsipləri - qanunun aliliyi, hakimiyyət bölgüsü və vətəndaş iştirakçılığı bu sənədin mahiyyətində öz əksini tapdı”.
S.Salmanova vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyev eyni zamanda, sistemli, uzunmüddətli və strateji xarakterli dövlət quruculuğu siyasəti həyata keçirirdi: “Onun rəhbərliyi ilə iqtisadiyyat bazar mexanizmlərinə uyğunlaşdırıldı, özəlləşdirmə proqramları qəbul edildi, xarici sərmayə üçün əlverişli şərait yaradıldı. Dövlət orqanlarında struktur islahatları aparıldı, vətəndaş cəmiyyəti institutları inkişaf etməyə başladı. Ulu Öndərin xarici siyasət kursu milli maraqlara əsaslanan, təhlükəsizliyi və əməkdaşlığı təmin edən çoxşaxəli bir strategiya idi. Heydər Əliyev qarşılıqlı hörmət əsasında tərəfdaşlıq siyasəti yürüdərək Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasını və etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin etdi. Ölkəmiz regional və qlobal məsələlərdə fəal iştirak edərək Cənubi Qafqazda mühüm aktora çevrildi. Ulu Öndər Heydər Əliyev gələcəyə hesablanmış siyasi kurs müəyyən etmiş, ölkənin inkişaf trayektoriyasını düzgün formalaşdırmışdı. Onun siyasi irsi, müstəqillik və dövlətçilik fəlsəfəsi bu gün də aktualdır.
Bu strateji kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq tərəqqi yolunda inkişafını inamla davam etdirir.
Davamlı iqtisadi inkişafa, mühüm hərbi potensiala və yüksək beynəlxalq nüfuza malik Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə şanlı ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu.
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında yalnız bir tarixi hadisə deyil, həm də dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsi kimi mühüm önəm kəbs edir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri nəticəsində Azərbaycan tənəzzüldən çıxaraq müstəqil və güclü dövlətə çevrilib”.
“Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan bugün nəinki regionda, bütövlükdə dünyada nüfuzlu aktorkimi mövqeyini möhkəmləndirib. Xalq-iqtidar birliyi sayəsində milli maraqlar təmin olunur və dövlətin suverenliyi qətiyyətlə qorunur. Heç şübhəsiz, Heydər Əliyev yolu müstəqil, qalib və qüdrətli Azərbaycana yeni qələbələr bəxş edəcək. Ulu Öndərin əbədiyaşar ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını layiqincə doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni möhtəşəm uğurlar qazandıracaq”, - deputat söyləyib.
S.Salmanova həmçinin qeyd edib ki, 15 iyun eyni zamanda Azərbaycan xalqının tarixində bir digər əlamətdar hadisəyə təsadüf edir: “2021-ci il iyunun 15-də cənab Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalandı. Bu tarixi sənəd Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya nümayiş etdirdi. Şuşa Bəyannaməsi eyni zamanda regionda yeni geosiyasi düzənin və təhlükəsizlk arxitekturasının əsasını qoydu. Xüsusilə, son vaxtlar coğrafiyamızda və dünyada yaşananlar Şuşa Bəyannaməsinin nə qədər vacib və vaxtında imzalanan bir sənəd olduğunu bir daha təsdiqləyir. Azərbaycan bu gün təkcə öz uğurları ilə deyil, yaratdığı siyasi, diplomatik və iqtisadi reallıqlarla da beynəlxalq münasibətlərin fəal və etibarlı oyunçusuna çevrilib. Qurtuluşdan Zəfərə aparan yol millətimizin əzmini, dövlətimizin gücünü və Liderimizin sarsılmaz iradəsini sübut edən şanlı yoldur. Biz bu yolu ləyaqətlə qorumalı, gələcək nəsillərə daha güclü, daha firavan Azərbaycanı miras qoymalıyıq”.