İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı videoçarx nümayiş olunub.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi müasir tariximizdə silinməz iz qoymuşdur: “Bilirsiniz ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız tarixinin son dərəcədə taleyüklü bir dövrünü yaşayırdı. Günü-gündən dərinləşən ictimai-siyasi böhran, sosial-iqtisadi tənəzzül və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü fonunda dövlət müstəqilliyi ciddi təhlükə altında idi. Məhz belə bir mürəkkəb dönəmdə - 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə dövlətçilik tariximizdə yeni mərhələ başlandı. Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanın müstəqilliyini möhkəmləndirərək hüquqi, dünyəvi və demokratik dövlət kimi möhkəm təməllər üzərində gələcəyə inamla addımlamasını təmin etdi. Digər tərəfdən, milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində təcrid vəziyyətindən qurtularaq etibarlı tərəfdaşa çevrilməsini şərtləndirdi”.
YAP Sədrinin müavini vurğulayıb ki, Ulu Öndərimizin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri də siyasi varisliyin təmin edilməsidir: “Heydər Əliyev yolunu böyük əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycan böyük nailiyyətlərə imza ataraq öz qüdrətini daha da artırdı və xalqımızın uzun illər boyu arzuladığı möhtəşəm Zəfərə - tarixi ədalətin bərpasına nail oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır və soydaşlarımızın doğma yurduna qayıdışı təmin olunur ki, bu da Heydər Əliyev ideyalarının təntənəsi və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin real nəticəsidir”.
Tahir Budaqovun sözlərinə görə, Heydər Əliyev ideyalarının yaşadılmasında, Qurtuluş məfkurəsinin gənc nəslə aşılanmasında Ulu Öndərimizin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin liderliyi ilə öz fəaliyyətini inamla davam etdirən Yeni Azərbaycan Partiyasının müstəsna rolu var: “Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi öz sıralarında 750 mindən çox vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası müdrik dövlət xadiminin əbədiyaşar ideyalarına yüksək sədaqət nümayiş etdirərək ölkəmizin inkişafına mühüm töhfələr verir. Partiyamız dövlət başçısının müəyyənləşdirdiyi strateji hədəfləri bundan sonra da müvəffəqiyyətlə yerinə yetirmək əzmindədir”.
YAP Sədrinin müavini bildirib ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirərək mədəniyyət və incəsənət sahəsinə daim yüksək diqqət göstərmişdir: “Onun təşəbbüsü ilə mədəniyyətimizin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, yaradıcı insanların əməyi hər zaman yüksək dəyərləndirilmişdir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən tarixi irsimizin, o cümlədən mədəniyyətimizin qorunaraq yaşadılmasına xüsusi önəm verilir və bu istiqamətdə ardıcıl işlər görülür. Heç şübhəsiz, zəngin tarixi ənənələrimizin qorunmasında və Qurtuluş məfkurəsinin gənc nəslə çatdırılmasında mədəniyyət xadimlərinin də üzərinə böyük məsuliyyət düşür. Heydər Əliyev irsini yaşatmaq, Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün vəzifələri yerinə yetirmək və dövlətçiliyimizi daha da möhkəmləndirmək üçün milli maraqları daim qorumalı və dövlətə sədaqətlə xidmət etməliyik. Bu yolda hər birinizə möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram”.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən şərəfli və əlamətdar səhifələrindən biridir. Onun sözlərinə görə, bu gün dövlətçiliyimizin xilası, xalqımızın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtulması, ölkəmizin sabitlik və inkişaf yoluna qədəm qoyması ilə bağlıdır: “1993-cü ildə yaranmış ağır ictimai-siyasi böhran Azərbaycan dövlətinin mövcudluğunu sual altına qoymuşdu. Məhz belə bir mürəkkəb və taleyüklü məqamda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Azərbaycan xalqı öz xilaskarına üz tutaraq ölkənin gələcəyini onun müdrik siyasi təcrübəsinə etibar etdi. Əgər Heydər Əliyevin siyasi qətiyyəti, dövlətçilik təfəkkürü və xalqına sonsuz sədaqəti olmasaydı, müstəqil Azərbaycan dövlətinin gələcək taleyi ciddi təhlükə altında qala bilərdi. Buna görə də Milli Qurtuluş Günü yalnız tarixi hadisə deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası və xalqımızın gələcəyə inamının təntənəsidir”.
V.Zeynalov qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf edir, beynəlxalq nüfuzu artır, iqtisadi qüdrəti güclənir və milli maraqlarımız qətiyyətlə müdafiə olunur. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Bu şanlı qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi, Azərbaycan xalqının milli birliyinin və dövlətimizin gücünün bariz nümunəsi oldu. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin edildi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını tam bərpa etdi. Bu tarixi nailiyyətlər Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və xalq-iqtidar birliyinin nəticəsidir”.
Natiq vurğulayıb ki, bu gün Azərbaycan regionun lider dövləti kimi mühüm beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ölkəmiz siyasi sabitliyi, iqtisadi inkişafı, sosial rifahı və milli həmrəyliyi ilə seçilir. Bütün bunların əsasında isə 15 İyun - Milli Qurtuluş Günündə əsası qoyulmuş möhkəm dövlətçilik təməlləri dayanır. “Milli Qurtuluş Günü hər birimiz üçün Vətənə sədaqət, dövlətçiliyə bağlılıq və milli birlik rəmzidir. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, müstəqilliyin qorunması və dövlətçiliyimizin daha da gücləndirilməsi hər bir vətəndaşın müqəddəs borcudur”,- deyə V.Zeynalov əlavə edib.
Çıxış edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rəhbəri Aqil Bəhramlı bildirib ki, tariximizdə elə məqamlar var ki, onlar yalnız bir günün və ya bir hadisənin deyil, bütöv bir xalqın taleyinin dəyişdiyi dönüş nöqtələri kimi yadda qalır: “Milli Qurtuluş Günü də məhz belə tarixlərdəndir. Bu gün müstəqil Azərbaycanın qorunub saxlanılması, dövlətçiliyimizin möhkəmləndirilməsi və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və milli həmrəyliyin təmin edilməsinə şərait yaratdı. Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçiliyimizin gələcək inkişafı üçün möhkəm təməllər məhz həmin dövrdə formalaşdırıldı”.
“Ulu Öndərin tarixi qayıdışından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Dövlət idarəetmə sistemi təkmilləşdirildi, demokratik təsisatların inkişafı üçün şərait yaradıldı. 1995-ci ildə qəbul edilən Konstitusiya isə müasir Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirərək gələcək inkişafın yol xəritəsinə çevrildi. Eyni zamanda, ölkədə ictimai-siyasi sabitlik təmin edildi, daxili qarşıdurmaların qarşısı alındı və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bütün bunlar Azərbaycanın gələcək uğurlarının əsasını təşkil etdi” ,- deyə A.Bəhramlı əlavə edib.
Natiq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm nailiyyətlər əldə edib: “Xüsusilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixində ən şərəfli səhifələrdən biridir. Milli Qurtuluş Gününün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu tarix gənc nəslə dövlət müstəqilliyinin necə böyük dəyər olduğunu xatırladır. Gənclərimiz xalqımızın keçdiyi mürəkkəb və şərəfli yolu öyrənərək dövlətçilik ənənələrinə sadiqlik, vətənpərvərlik və milli birlik kimi dəyərləri daha dərindən mənimsəyirlər”.
YAP Veteranlar Şurasının üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov çıxışında bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür: “Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa-dayaq olan Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də siyasi rəhbərliyə qayıdan Ulu Öndərin gərgin əməyi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində qısa zaman kəsiyində dövlət müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu, siyasi sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu”.
V.Novruzov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni neft strategiyası formalaşdırılıb və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə xarici investisiyaların ölkəmizə axını üçün möhkəm zəmin yaradılıb. V.Novruzovun sözlərinə görə, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.
YAP Veteranlar Şurasının üzvü Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başlatdığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Novruz Quliyev də çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. Onun sözlərinə görə, Heydər Əliyev SSRİ dövründə həm Azərbaycana rəhbərlik edərkən, həm də Moskvada yüksək vəzifədə çalışarkən daim xalqımızın rifahı, respublikamızın inkişafı üçün böyük işlər görüb.
N.Quliyev Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə xalqımızı bir çox bəlalardan qurtarmaqla bərabər, Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdığını bildirib. O deyib ki, bu qayıdış ölkədə sabitliyin bərqərar olması və iqtisadi-siyasi inkişafın təmin edilməsi baxımından əhəmiyyətli dönüş nöqtəsi kimi yadda qalıb: “Heydər Əliyevin liderliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirib, dövlət institutlarını gücləndirib və beynəlxalq aləmdə nüfuzunu artırıb”.
Natiq diqqətə çatdırıb ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan həm daxili, həm də xarici siyasətdə mühüm nailiyyətlər əldə edib. Onun sözlərinə görə, Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı zirvələrə yüksəldib.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.
Ceyhun Bayramov yaponiyalı parlamentarilərlə ikitərəfli münasibətləri müzakirə edib
Ceyhun Bayramov və Toşimitsu Moteqi ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər