10 iyun 2026 22:43
90

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

Şotlandiyanın Qlazqo şəhərində baş verən iğtişaşlar və irqi zəmində hücumlarla əlaqədar üç nəfər saxlanılaraq ittiham olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Şotlandiya polisi məlumat yayıb. Məlumata görə, bazar ertəsi Şimali İrlandiyanın paytaxtı Belfastda baş verən bıçaqlı hücumdan sonra çərşənbə axşamı axşam saatlarında yüzlərlə maskalı şəxs Qlazqo şəhər mərkəzində yürüş edib. Baş verən iğtişaşlar zamanı iki polis əməkdaşı da daxil olmaqla beş nəfər xəsarət alıb.

Şotlandiya polisinin baş köməkçi rəisi Alan Vaddell bildirib ki, bəzi şəxslər dərilərinin rənginə görə hücuma məruz qalıblar. Onun sözlərinə görə, hadisələr irqi nifrət zəminində törədilmiş zorakılıq xarakteri daşıyır.

İğtişaşlar Belfastda baş vermiş bıçaqlı hücumdan sonra qeydə alınıb. Sudanəsilli Hadi Alodid şəhər sakini Stiven Oqilviyə qarşı törədilmiş hücumla əlaqədar qəsdən adam öldürməyə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, Hadi Alodid 2023-cü ildə ölkəyə daxil olub və ona qaçqın statusu verilib. Belfast Məhkəməsində bildirilib ki, hücum nəticəsində Stiven Oqilvi sol gözünü itirib, sağ gözündən ciddi xəsarət alıb, həmçinin boyun və kürək nahiyəsindən yaralanıb.