12 iyun 2026 16:55
76

Qazaxıstanda iki partiya seçkilər öncəsi birləşib

Qazaxıstanın hakim "Əmanət" partiyası hakimyönlü "Adilet" partiyası ilə birləşmə elan edib. Birləşmə yeni konstitusiya qüvvəyə mindikdən sonra keçiriləcək parlament seçkilərindən əvvəl baş tutacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Deputat Unzila Şapak bildirib ki, bu qərar “millətin maraqlarını siyasi fikir ayrılıqlarından üstün tutmaq zərurəti” ilə bağlıdır. Onun sözlərinə görə, birləşmə ictimaiyyət və dövlətin maraqlarına xidmət edən siyasi qüvvələrin potensialını gücləndirməyə yönəlib.

Məlumatlara görə, bu addım Qazaxıstanda davam edən siyasi islahatlar fonunda atılıb. Mart ayında ölkədə yeni konstitusiya qəbul edilib. Yeni əsas qanuna əsasən, parlamentin palatalarının sayı ikidən birə endirilir, deputatların sayı azaldılır və vitse-prezident vəzifəsi yenidən bərpa olunur.

Konstitusiyaya uyğun olaraq parlament 1 iyuldan etibarən səlahiyyətlərini dayandırır. Prezident Kasım-Jomart Tokayev seçki tarixini bir ay ərzində elan etməlidir və seçkilər konstitusiyanın qüvvəyə minməsindən sonra iki ay ərzində keçirilməlidir. Tokayevin prezidentlik səlahiyyətlərinin isə 2029-cu ildə başa çatacağı bildirilir.