Ölkə başçısı tərəfindən imzalanmış 12 sentyabr 2018-ci il tarixli müvafiq Fərmana əsasən “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalara əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində Əmlak Məsələləri Dövlət Xidməti və Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən 35-dən çox dövlət qurumu arasında müvafiq inteqrasiyalar təmin edilməklə 100-dən çox məlumat mübadiləsi təşkil edilmişdir. Bunun nəticəsində hüquqi və fiziki şəxslər tərəfindən müvafiq dövlət qurumlarına müraciət edilərkən qanunla ərizəyə əlavə edilməli olan daşınmaz əmlakın dövlət reyestri və kadastrına dair müvafiq sənəd (və ya məlumatların) fiziki formada kağız əsaslarla təqdim edilməsi zərurəti aradan qaldırılmışdır. Hazırda digər dövlət qurumları ilə qarşılıqlı şəkildə məlumat mübadilələrinin təşkili istiqamətində tədbirlər davam etdirilməkdədir.
Bunu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əbləsənov “İki sahil”ə özəl açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, inteqrasiya proseslərində rast gəlinən əsas çətinliklər dövlət qurumları tərəfindən müxtəlif dövrlərdə formalaşmış bəzi məlumat bazalarının texniki standartlarının, məlumat tamlığının, keyfiyyətinin və aktuallığının dövrün tələblərinə tam cavab verməməsidir. Odur ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda bu problemlərin həlli üçün vahid rəqəmsal arxitekturanın və məlumat idarəetmə standartlarının tətbiqi nəzərdə tutulmuşdur. Bu çərçivədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə məlumatların vahid standartlara salınması, keyfiyyətinin yüksəldilməsi, təkrar qeydlərin aradan qaldırılması, fərqli mənbələrdən gələn məlumatların uyğunlaşdırılması istiqamətində işlərə başlanılmışdır.
Yaqut Ağaşahqızı,”İki sahil”