Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Uqanda İnkişaf Bankının direktoru Patrisiya Odonq Ojanqole ilə görüşüb və Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib.
“İki sahil” xəbər verir ki, M. Babayev bu barədə məlumatı "X" sosial şəbəkə hesabında paylaşıb.
"Bərpa olunan enerji, infrastruktur, kənd təsərrüfatı və dayanıqlı iqtisadi artım sahələrində investisiyalar, inkişafın maliyyələşdirilməsi və tərəfdaşlıqlar vasitəsilə Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanlarını müzakirə etdik", - o yazıb.
Qeyd olunub ki, Afrika qlobal iqlim gündəliyində getdikcə daha mühüm rol oynayır:
"Bütün qitədə dayanıqlı inkişaf, davamlılıq və enerji keçidi səylərini dəstəkləmək üçün COP29 nəticələrinin icrasının irəlilədilməsi və iqlim maliyyəsinin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq".