19 iyun 2026 12:05
96

"Ebola"ya yoluxan xəstələr aclıq səbəbindən müalicə mərkəzlərindən qaçırlar

Konqo Demokratik Respublikasının (KDR) şərqində Ebola qızdırmasına yoluxmuş xəstələr qida tapmaq məqsədilə müalicə müəssisələrini kütləvi şəkildə tərk edirlər.

“İki sahil” "Bloomberg" agentliyinin məlumatına istinadla xəbər verir ki, aclıq virusun qarşısının alınması yolunda ən böyük maneələrdən birinə çevrilir.

Humanitar missiya əməkdaşlarının sözlərinə görə, müalicə mərkəzlərindəki xəstələr aclıqdan ölməkdən o qədər qorxurlar ki, qidasız izolyasiyada qalmamaq üçün sağlamlıqlarını riskə atmağa üstünlük verirlər. "World Food Program"ın Konqo üzrə əməliyyat rəhbəri, fövqəladə hallar zonalarında otuz il işləmiş Devid Stivenson indiyə qədər belə bir vəziyyətlə qarşılaşmadığını bildirib. Onun sözlərinə görə, insanlar ərzaq yardımı istəmək üçün rəhbərlik etdiyi təşkilatın qapısını döyürlər.

Kütləvi qaçış xəbərləri regionda epidemioloji vəziyyətin sürətlə pisləşdiyi bir vaxtda yayılıb. Təkcə Konqoda Ebola qızdırmasından ölənlərin sayı 232-yə yüksəlib. Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsinin son məlumatlarına görə, bu epidemiya təxminən 35 min nəfərlik ehtimal olunan təmas dairəsi ilə hazırda məlum olan ən genişmiqyaslı yoluxma dalğasıdır. KDR və Uqandada Ebolaya yoluxma hallarının sayı cəmi bir həftə ərzində təxminən 40 faiz artıb.

Bu günə qədər 894 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, bu da Uqandada 2000-ci ildə baş vermiş bənzər epidemiya dövrünün göstəricilərindən üç dəfə çoxdur. Bununla belə, real yoluxma sayının xeyli yüksək ola biləcəyi ehtimal edilir.