19 iyun 2026 12:38
93

Starmerin rəqibi Bernem təkrar seçkilərdə qalib gəldi

Mançesterin meri, leyborist Endi Bernem Meykerfild dairəsində parlamentə keçirilən təkrar seçkilərdə (əlavə seçkilərdə) qələbə qazanıb. Səsvermənin nəticələrinə əsasən, Bernem 24,9 min səs (təxminən %55) toplayaraq İcmalar Palatasında (parlamentin aşağı palatası) Meykerfilddən deputat olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

"Mən öz partiyama deyirəm: bu, dəyişiklik üçün son şansdır... İkinci şans olmayacaq. Lakin indi, bugünkü nəticə sayəsində bizim yeni siyasət qurmaq şansımız var", - deyə Bernem öz qələbəsini şərh edib.

Medianın məlumatına görə, leyborist siyasətçi son vaxtlar siyasəti kəskin tənqid olunan Baş nazir Kir Starmerin əsas rəqibidir.

"Reuters"in istinad etdiyi rəy sorğularının nəticələrinə görə, 56 yaşlı Endi Bernem Leyboristlər Partiyasının ən populyar siyasətçisidir. Eyni zamanda, Starmeri dəstəkləyən respondentlərin sayı sosial sorğuların keçirilməsi tarixində rekord dərəcədə aşağı səviyyədədir. Ötən ay keçirilən yerli seçkilərdə leyboristlərin məğlubiyyətindən sonra partiyadan olan deputatların təxminən dörddə biri Kir Starmeri istefaya çağırıb, Meykerfilddən olan deputat Coş Saymons isə mandatını cənab Bernemə güzəştə gedib.

Endi Bernem artıq iki dəfə partiya liderliyinə namizədliyini irəli sürüb. O, 2010-cu ildə dördüncü, 2015-ci ildə isə Ceremi Korbindən sonra ikinci yeri tutub. İcmalar Palatasına seçildikdən sonra onun partiya rəhbərliyinə seçkilərdə namizədliyini irəli sürə bilməsi üçün leyboristlər fraksiyasından 81 deputatın imzasını toplaması lazım gələcək.