19 iyun 2026 13:22
101

Üçqat Stenli Kuboku çempionu karyerasını başa vurur

"Vinnipeq Cets" komandasının kanadalı hücumçusu Conatan Teyvz karyerasını başa vuracaq.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Devid Panyotta məlumat verib.

Mənbənin bildirdiyinə görə, bu gün "Vinnipeq" klubunun mətbuat konfransı keçiriləcək və xokkeyçi orada qərarını rəsmən elan edəcək. 38 yaşlı Teyvz "Cets" komandasında cəmi bir mövsüm çıxış edib. Buna qədər isə o, səhhətindəki problemlər səbəbindən karyerasına iki illik fasilə vermişdi.

Kanadalı xokkeyçi 16 il ərzində "Çikaqo Blekşoks" (Chicago Blackhawks) komandasında oynayıb və onun heyətində üç dəfə Stenli Kubokunun (2010, 2013, 2015) qalibi olub. 2010-cu ildə o, pley-off mərhələsinin ən dəyərli oyunçusuna verilən "Conn Smythe Trophy" mükafatına layiq görülüb. Hücumçu Milli Xokkey Liqasında (NHL) ümumilikdə 1286 oyun keçirib və bu matçlarda 1031 (428 qol + 603 məhsuldar ötürmə) xal toplayıb.

Teyvz həmçinin Kanada yığmasının heyətində iki dəfə Olimpiya qızılı (2010, 2014) və bir dəfə dünya çempionluğu (2007) qazanıb. 2014-cü il Olimpiya Oyunlarının İsveç komandasına qarşı keçirilən final matçında qələbə şaybasının müəllifi məhz o olub. Hücumçu Olimpiadanı, dünya birinciliyini və Stenli Kubokunu qazanmış oyunçuların daxil olduğu "Üçqat qızıl klub"un (Triple Gold Club) ən gənc üzvüdür. O, bu kluba 22 yaşında daxil olub. 2017-ci ildə Conatan Teyvz elə liqanın öz versiyasına görə "NHL tarixinin 100 ən böyük oyunçusu" siyahısına salınıb.