19 iyun 2026 17:44
126

Kiçik və orta sahibkarlığa dövlət dəstəyi gücləndirilir

Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının dəstəklənməsi ilə bağlı 2026-cı il iyunun 16-da imzaladığı Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsini dövlət hesabına geri ala biləcəklər.

Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın maliyyə təminatının artırılması və digər amillər qeyri-neft sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində özəl sektorda iş yerləri əsaslı şəkildə artıb. Ölkə iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.

Son illərdə sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, bu sahədə dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırıb, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə ciddi təkan verib. Ötən dövrdə özəl sektorun dinamik inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması daim diqqətdə saxlanılıb. Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azalmasına səbəb olub, eyni zamanda, büdcəyə vergi ödənişlərinin həcminin artırılmasını şərtləndirib.

Ölkəmizdə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkili həyata keçirilib. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Bundan başqa, Prezident İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkəmizdə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsinə, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılmasına ciddi təkan verib.

Hazırda respublikamızda sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir. Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq edilir. Prezident İlham Əliyevin 2026-cı il iyunun 16-da qeyri-neft məhsullarının ixracının dəstəklənməsi ilə bağlı yeni Fərman imzalaması bunun bariz nümunəsidir. Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsini dövlət hesabına geri ala biləcəklər. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiyanı rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi ödəyəcək. İxrac olunan malların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyən ediləcək. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödəniləcək. Bütün bunlar ölkəmizdə mikro, kiçik və orta biznesin inkişafına töhfələr verəcək.

Zahid Rza, “İki sahil”