Boliviya Prezidenti Rodriqo Pas ölkədə ümummilli səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, Boliviya 50 gündən çoxdur, yolların bağlanması səbəbindən böyük böhran yaşayır və bu da ciddi iqtisadi fəsadlara səbəb olub.
Rəsmilərin məlumatına görə, gündəlik zərər 50 milyon dolları ötür, ərzaq, yanacaq və dərman qıtlığı isə bir sıra regionlara təsir edib.
Etirazlar nəticəsində azı 16 nəfər ölüb.
İyunun ortalarında aksiyaların intensivliyi azalsa da, Boliviya Prezidenti ölkədə fövqəladə vəziyyət elan edib və orduya əsas magistral yolların blokadadan çıxarılmasını tapşırıb.
Etirazlara ilkin səbəb torpaq islahatı haqqında qanun olub. Lakin sonradan aksiya iştirakçılarının tələbləri genişlənərək prezidentin istefası, sərt qənaət tədbirlərinin ləğvi, yanacaq subsidiyalarının bərpası və yüksək inflyasiya ilə mübarizə çağırışlarını da əhatə etməyə başlayıb. Mübahisəli qanunun ləğv edilməsinə baxmayaraq, etirazlar səngiməyib.
Mayın sonlarında etirazçılar tərəfindən La-Pasdakı prezident sarayının mühasirəyə alınmasından sonra hökumət öz fəaliyyətini müvəqqəti olaraq ölkənin konstitusiya paytaxtı olan Sukreyə köçürüb. Hazırda hakimiyyət ölkənin ən böyük həmkarlar ittifaqı birliyi olan Boliviya Fəhlə Mərkəzi (COB) ilə danışıqlar aparır.