21 iyun 2026 20:35
91

Ədən körfəzində naməlum şəxslər neft məhsulları daşıyan tankeri ələ keçirməyə cəhd ediblər

Ədən körfəzində naməlum silahlı şəxslər neft məhsulları daşıyan tankeri ələ keçirməyə cəhd ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzindən (UKMTO) bildirilib.

Məlumata görə, hadisə Yəmənin Eş-Şixr liman şəhərindən 50 dəniz mili cənub-şərqdə baş verib.

"Neft məhsulları daşıyan tankerin kapitanı göyərtəsində beş silahlı şəxs olan qayığın yaxınlaşması barədə məruzə edib. Cinayətkarlar gəminin göyərtəsinə qalxmağa cəhd ediblər. Heyət yayınma manevrləri edib və hərəkət kursunu dəyişib. Hazırda tanker təyinat limanına doğru hərəkətini davam etdirir. Nə gəmi zədələnib, nə də heyət üzvləri xəsarət alıb", - mərkəzin bəyanatında qeyd olunub.