21 iyun 2026 20:48
92

Fransanın 49 departamentində istilərə görə qırmızı təhlükə səviyyəsi elan edilib

Paris və paytaxt regionu İl-de-Frans da daxil olmaqla, Fransanın materik hissəsinin 96 departamentindən 49-da ən yüksək - qırmızı meteoroloji təhlükə səviyyəsi elan edilib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Xidmətindən bildirilib.

Əvvəllər qırmızı təhlükə səviyyəsi eyni vaxtda heç vaxt bu qədər çox sayda departamenti əhatə etməmişdi. Bir sıra rayonlarda termometrlərin göstəriciləri 42 dərəcəyə qədər yüksələ bilər. Meteoroloqların proqnozlarına görə, isti hava şəraiti qarşıdan gələn həftə ərzində davam edəcək və hətta daha da güclənəcək.

Bundan başqa, 40 departamentdə sondan əvvəlki - narıncı təhlükə səviyyəsi elan edilib. Daha yeddi departamentdə isə sarı xəbərdarlıq səviyyəsi qüvvədədir. Faktiki olaraq dövlətin bütün Avropa ərazisi ekstremal istilərlə əlaqədar meteoroloji xəbərdarlığın təsiri altındadır.

Daha əvvəl Fransanın Milli Təhsil Nazirliyinin rəhbəri Eduar Jeffre həddindən artıq yüksək temperaturla əlaqədar 845 məktəbin bağlandığını bildirib. Daha 1,8 min təhsil müəssisəsində dərs cədvəlinə düzəliş ediləcək: məktəblilərə tədris gününü günortaya qədər başa vurmaq təklif olunacaq.