Oman hökuməti, BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə koordinasiyalı şəkildə Hörmüz boğazında gəmilər üçün müvəqqəti tranzit dəhlizinin açıldığını elan edib. Bu dəhliz vasitəsilə boğazı keçən gəmilərdən heç bir rüsum tələb olunmayacaq.
“İki sahil” xəbər verir ki, müvafiq bəyanat Oman Xarici İşlər Nazirliyinin "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb.
Oman XİN-in bəyanatında qeyd olunur: "Hörmüz boğazı ilə bağlı üzərimizə düşən öhdəlikləri və bu coğrafiyanın dünya iqtisadiyyatı üçün əhəmiyyətini rəhbər tutaraq, həmçinin boğazda tranzit rüsumları tutulmadan gəmilərin sərbəst hərəkətini təmin edən beynəlxalq hüquqa və dəniz hüququna sadiq qalaraq... Oman müvəqqəti dəniz dəhlizi açmışdır".
Marşrutun dəqiq koordinatları yaxın vaxtlarda BMT-nin dəniz təşkilatı və Omanın səlahiyyətli qurumları tərəfindən açıqlanacaq. Bu xətt vasitəsilə tranzit keçid etmək istəyən gəmilər fəaliyyətlərini mütləq IMO ilə razılaşdırmalıdırlar. Oman XİN rəsmiləri bu qərarın ABŞ və İran arasında regional vəziyyətin nizamlanması istiqamətində göstərilən səylərə uyğun olaraq qəbul edildiyini bildiriblər.
Beynəlxalq Dəniz Təşkilatının (IMO) yaydığı məlumatda isə təxliyə planının detallarına toxunulub: "Biz hazırda bu regionda qalan 11 mindən çox dənizçinin təxliyəsi planının icrasına başlayırıq".