24 iyun 2026 20:20
173

Şagirdin uğuru müəllim üçün həm qürur, həm də məsuliyyətdir

Bu uğurlar müəllimi daha çox çalışmağa, özünü inkişaf etdirməyə və yeni üsullar axtarmağa həvəsləndirir

Cəmiyyətin inkişafında ən mühüm amil təhsildir və təhsilin keyfiyyəti birbaşa müəllim faktorundan asılıdır. Müəllim yalnız dərs deyən və bilik ötürən şəxs deyil, eyni zamanda şəxsiyyət formalaşdıran, gənc nəslin düşüncə tərzini istiqamətləndirən, onların mənəvi dünyasını zənginləşdirən və milli dəyərlərə bağlı vətəndaşlar yetişdirən bir ziyalıdır. Müasir dövrdə müəllimlik peşəsi daha da geniş məna kəsb edir: müəllim həm tərbiyəçi, həm psixoloji dəstək verən şəxs, həm yol göstərən, həm də cəmiyyətin gələcəyini formalaşdıran əsas sütundur.

Xüsusilə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin üzərinə düşən vəzifə daha böyükdür. Çünki bu fənn yalnız dil qaydalarını öyrətmir, eyni zamanda şagirdlərdə ana dilinə sevgi, milli kimlik şüuru, vətənpərvərlik hissi, ədəbi zövq və mənəvi dəyərlərin formalaşmasına xidmət edir. Ədəbiyyat insanı düşündürən, hiss etdirən və həyat hadisələrini dərindən anlamağa kömək edən ən güclü tərbiyə vasitələrindən biridir.

Bu baxımdan Azərbaycan Dillər Universitetinin məzunu, Müəllimlərin İşə Qəbulu imtahanından uğurla keçərək pedaqoji fəaliyyətə başlayan və hazırda Bakı şəhərində yerləşən 336 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışan Məmmədova Validə ilə aparılan müsahibə xüsusi əhəmiyyət daşıyır. Beş ilə yaxın pedaqoji təcrübəyə malik olan müəllim məktəb mühitində həm peşəkarlığı, həm də şagirdlərlə səmimi münasibəti ilə seçilərək nümunəvi pedaqoq kimi formalaşmışdır.

Onun fəaliyyəti göstərir ki, müasir müəllim yalnız dərs keçən deyil, eyni zamanda şagirdin şəxsiyyətini formalaşdıran, onun fərdi xüsusiyyətlərini nəzərə alan, yaradıcılığını inkişaf etdirən və gələcək həyata hazırlayan bir bələdçidir. Bu müsahibə müəllimlik peşəsinin mahiyyətini daha dərindən anlamağa, təhsilin aktual problemlərini qiymətləndirməyə və müəllimin cəmiyyətdəki rolunu daha aydın görməyə imkan verir.

Müsahibə zamanı Azərbaycan dili və ədəbiyyatının tədrisində müasir yanaşmalar, kitab oxuma vərdişlərinin zəifləməsi, sosial şəbəkələrin dil mədəniyyətinə təsiri, süni intellekt və rəqəmsal texnologiyaların təhsildə rolu, müəllim–şagird münasibətləri, valideyn–məktəb əməkdaşlığı və təhsil sistemindəki yeniliklər kimi mühüm məsələlər geniş şəkildə müzakirə olunmuşdur. Bu mövzular göstərir ki, müasir təhsil sistemi həm ənənəvi dəyərləri qorumağı, həm də texnoloji yeniliklərə uyğunlaşmağı tələb edir.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Müəllimlik yolunuz necə başlayıb?

-Mən, Məmmədova Validə, Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. Azərbaycan Dillər Universitetində təhsilimi başa vurduqdan sonra MİQ imtahanından uğurla keçərək müəllimlik fəaliyyətimə başlamışam. 5 ilə yaxındır ki, 336 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərirəm. Bu müddətdə hər gün həm şagirdlərimdən, həm də peşəmdən yeni şeylər öyrənmişəm.

-Azərbaycan dili və ədəbiyyatını tədris etməyi seçməyinizə hansı amillər təsir edib?

-Bu peşəni mənə sevdirən öz Azərbaycan dili və ədəbiyyatı müəllimim olub. Bununla yanaşı ana dilimizə, kitaba və uşaqlarla işləməyə olan sevgim bu seçimimdə böyük rol oynayıb. Azərbaycan dili mənim üçün sadəcə fənn deyil, milli kimliyimizin əsas daşıyıcısıdır. Ədəbiyyat isə insanı düşündürən, duyğularını zənginləşdirən böyük bir dünyadır.

-Sizcə, müasir dövrdə müəllimlik peşəsinin cəmiyyətdəki əsas missiyası nədir?

-Düşünürəm ki, müəllimin əsas missiyası yalnız bilik vermək deyil, həm də düşünən, məsuliyyətli, milli və mənəvi dəyərlərə sahib şəxsiyyət yetişdirməkdir. Müəllim şagirdin gələcək həyatına təsir edən insanlardan biridir.

-Yaxşı müəllimi fərqləndirən əsas keyfiyyətlər hansılardır?

-Yaxşı müəllim bilikli, ədalətli, səbirli və məsuliyyətli olmalıdır. Eyni zamanda şagirdi dinləməyi, onu anlamağı və hər bir uşağın potensialını görməyi bacarmalıdır.

-Azərbaycan dili və ədəbiyyat müəlliminin gənc nəslin formalaşmasındakı rolunu necə qiymətləndirirsiniz?

-Məncə, Azərbaycan dili və ədəbiyyat müəllimi şagirdin nitqinin, dünyagörüşünün, milli şüurunun və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Ədəbiyyat vasitəsilə şagird həm həyat hadisələrini, həm də insan xarakterini daha yaxşı anlamağı öyrənir.

-Müəllimlik fəaliyyətiniz boyunca təhsil sistemində müşahidə etdiyiniz ən mühüm dəyişikliklər nələr olub?

-Son illərdə təhsildə şagirdyönümlü yanaşmanın, rəqəmsal resursların və interaktiv metodların daha çox tətbiq olunduğunu müşahidə edirəm. Artıq əzbərçi biliklər yetərli deyil, hər şey məntiqi və tənqidi təfəkkür işə düşəndə tamamlanır.

-İlk müəllimlik təcrübənizdən bu günə qədər peşəkar baxışlarınızda hansı dəyişikliklər baş verib?

-İlk vaxtlar düşünürdüm ki, əsas məsələ mövzunu yaxşı izah etməkdir. Zamanla interaktiv təlim metodları ilə daha yaxından tanış olduqca anladım ki, hər şagirdə eyni yanaşmaq olmaz. Müəllim həm mövzunu öyrətməli, həm də şagirdin xarakterini, marağını və ehtiyacını nəzərə almalıdır.

-Şagirdlərdə Azərbaycan dili və ədəbiyyatına marağın hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

-Maraq şagirddən-şagirdə dəyişir. Bəziləri oxumağa və müzakirəyə çox həvəslidir, bəzilərində isə marağı yaratmaq üçün əlavə yanaşmalara ehtiyac olur. Müəllimin şagirdlə rəftarı burada böyük rol oynayır.

-Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması üçün hansı addımlar daha effektiv hesab olunur?

-Şagirdə kitabı məcburiyyət kimi yox, maraqlı bir dost kimi tanıtmaq lazımdır. Yaş səviyyəsinə uyğun kitab seçimi, sinifdə müzakirələr, oxu saatları və kitab haqqında müstəqil fikir söyləmək imkanları mütaliəyə marağı artırır.

Klassik ədəbiyyatın müasir gənclərə çatdırılmasında hansı yanaşmalar vacibdir? Müşahidələrimə əsasən deyə bilərəm ki, şagirdlərin klassik ədəbiyyata marağı çox aşağıdır. Marağı artırmaq üçün belə əsərləri müasir həyatla, gənclərin qarşılaşdığı problemlərlə əlaqələndirmək lazımdır. Şagird əsərdə özündən və yaşadığı həyatdan bir parça gördükdə ona daha çox maraq göstərir.

-Sosial şəbəkələrin və rəqəmsal mühitin gənclərin dil mədəniyyətinə təsirini necə qiymətləndirirsiniz?

-Sosial şəbəkələrin həm müsbət, həm də mənfi təsirləri var. Müsbət tərəfi məlumat əldə etməyi və ünsiyyəti asanlaşdırmasıdır. Mənfi tərəfi isə qısaltmaların, yad sözlərin və bəzən də yazı qaydalarına laqeyd yanaşmanın artmasıdır. Məktəbimizdə "Ana Dili Günü" ilə bağlı keçirilmiş tədbirdə şagirdlərimlə birlikdə bu mövzuda maraqlı bir çıxış hazırlamışdıq. Çıxışda şagirdlər bu cür qısaltmaların dilimizə mənfi təsirlərindən danışırdılar. Sonda belə bir nəticəyə gəldik ki, şifahi nitqimizlə yanaşı, sosial şəbəkələrdə də dilimizi qorumalı, onun saflığına və təmizliyinə toxunmamalıyıq.

-Azərbaycan dilinin saflığının qorunması istiqamətində ən vacib problemlər hansılardır?

-Əsas problemlərdən biri dilimizdə lazımsız xarici sözlərdən həddindən artıq istifadə edilməsidir. Bundan başqa, yazılı nitqdə orfoqrafik qaydalara diqqətsizlik və danışıq dilində kobud ifadələrin artması da narahatlıq doğurur.

-Televiziya, media və sosial platformalarda ana dilinin istifadəsi sizi qane edirmi?

-Fikrimcə, bəzi müsbət nümunələr olsa da, ümumi mənzərə tam qaneedici deyil. Xüsusilə ictimai çıxışlarda, televiziya proqramlarında və sosial şəbəkələrdə dil qaydalarına daha həssas yanaşılmalıdır. Çünki media insanların nitqinə birbaşa təsir edir və uşaqlara da hamılıqla düzgün örnək olmalıyıq.

-Müasir texnologiyalar Azərbaycan dili və ədəbiyyatının tədrisində hansı imkanlar yaradır?

-Texnologiyalar dərsi daha maraqlı və əyani keçməyə imkan verir. Video, təqdimat, elektron kitab, test platformaları və müxtəlif interaktiv tapşırıqlar şagirdin mövzunu daha yaxşı qavramasına kömək edir. Bu vasitələr hesabına dərsə ən az maraq göstərən şagirdlər belə fəaliyyətə cəlb olunur.

-Süni intellekt və rəqəmsal alətlərin təhsil prosesinə təsirini necə qiymətləndirirsiniz?

-Süni intellekt düzgün istifadə olunduqda müəllim və şagird üçün faydalı köməkçi vasitədir. O, məlumat toplamağa, fərqli tapşırıqlar hazırlamağa və mövzunu araşdırmağa kömək edə bilər. Lakin şagirdin müstəqil düşünməsini və yaradıcılığını əvəz etməməlidir. Buna görə də şagirdlərimə araşdırma əsaslı tapşırıqlar verən zaman onlara süni intellektdən necə istifadə etməli olduqlarını izah edirəm. Çünki bu vasitələrdən səmərəsiz istifadə uşaqlarda idraki tənbəlliyə yol aça bilər.

-Şagirdlərin yazılı və şifahi nitq bacarıqlarının inkişafı üçün hansı metodlar daha səmərəli hesab olunur?

-Müzakirələr, debatlar, təqdimatlar, esse və hekayə yazıları, mətn üzərində işləmək çox faydalıdır. Şagirdin səhv etməkdən çəkinmədən fikrini ifadə etməsinə şərait yaratmaq da vacibdir. Bu istiqamətdə əks-əlaqənin verilməsi də yazı bacarıqlarının inkişafında mühüm rol oynayır.

-Sizcə, məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisində hansı yeniliklərə ehtiyac var?

-Düşünürəm ki, son illərdə yenilənən dərsliklərdə bu məsələlər nəzərə alınıb. Dərslərdə daha çox praktik tapşırıqlara, mətn təhlilinə, yaradıcı yazıya və müzakirəyə yer verilməlidir. Əsərlərin sadəcə məzmununu öyrənməkdən çox, ideyasını və həyatla əlaqəsini anlamağa diqqət artırılmalıdır.

-İmtahan yönümlü tədrislə yaradıcı düşüncənin inkişafı arasında balans necə qurulmalıdır?

-İmtahan şagirdin bilik səviyyəsini yoxlamaq üçün vacibdir, lakin tədris yalnız imtahana xidmət etməməlidir. Dərslərdə həm imtahan tələbləri nəzərə alınmalı, həm də şagirdin sərbəst düşünməsi və fikrini ifadə etməsi üçün imkan yaradılmalıdır.

-Müəllimlik peşəsinin qarşısında duran əsas çağırışlar hansılardır?

-Müasir müəllim həm dəyişən təhsil tələblərinə, həm texnologiyaya, həm də şagirdlərin fərqli ehtiyaclarına uyğunlaşmalıdır. İllər keçdikcə şagirdlərin ehtiyacları da dəyişir və artır, biz müəllimlər bu dəyişikliyə hazır olmalıyıq. Bununla yanaşı, müəllimin əməyinin və məsuliyyətinin cəmiyyətdə daha yüksək qiymətləndirilməsi də vacibdir.

-Müəllim–şagird münasibətlərində uğurun əsas şərtləri nələrdir?

-Qarşılıqlı hörmət, etibar və səmimi ünsiyyət əsas şərtlərdir. Şagird müəllimin ona inandığını və ədalətli olduğunu hiss etdikdə dərsə daha həvəslə yanaşır. Bizim üçün çox adi bir təbəssüm şagirdin bütün həyatını dəyişə bilər, biz şagirdlərin gələcək həyatına toxunduğumuzu unutmamalıyıq.

-Valideyn–məktəb–müəllim əməkdaşlığının səmərəli qurulması üçün hansı prinsiplər vacibdir?

-Bu əməkdaşlıq qarşılıqlı hörmət, açıq ünsiyyət və ortaq məqsəd üzərində qurulmalıdır. Həm valideyn, həm müəllim şagirdin inkişafını əsas məqsəd kimi görməlidir və bunun üçün əməkdaşlıq vacibdir.

Bu günün gəncləri ilə əvvəlki nəsillər arasında hansı əsas fərqləri müşahidə edirsiniz? Demək olar ki, mən də bu günün gəncləri sırasına daxiləm) bu haqda bizim təcrübəli müəllimlərimiz daha dəqiq danışa bilər. İşlədiyim müddətdə görmüşəm ki, şagirdlərimiz daha çox məlumat əldə etmək imkanına malikdirlər və texnologiyadan daha fəal istifadə edirlər. Onlar fikirlərini daha sərbəst ifadə edirlər. Lakin zəngin informasiya içərisində düzgün seçim etməyi və diqqəti toplamağı öyrənmələrinə kömək etməliyik.

-Ədəbiyyatın milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində rolunu necə qiymətləndirirsiniz?

-Ədəbiyyat xalqın yaddaşıdır. O, dilimizi, tariximizi, adət-ənənələrimizi və mənəvi dəyərlərimizi gələcək nəsillərə çatdırır. Buna görə də ədəbiyyatın tədrisi yalnız fənn kimi deyil, tərbiyə vasitəsi kimi də dəyərlidir.

-Müəllim fəaliyyətində ən böyük motivasiya mənbəyi nədir?

-Mənim üçün ən böyük motivasiya şagirdin irəliləyişini görməkdir. Şagirdin özünə inamının artması, uğur qazanması və “mən bacardım” deməsi mənim üçün böyük sevincdir. Təbii ki, şagirdlərin sevgisini qazanmaq da əsasdır, çünki elə şagirdin inkişafı da bunun sayəsində baş verir.

-Şagirdlərin əldə etdiyi uğurlar müəllimin peşəkar fəaliyyətinə necə təsir göstərir?

-Şagirdin uğuru müəllim üçün həm qürur, həm də məsuliyyətdir. Bu uğurlar müəllimi daha çox çalışmağa, özünü inkişaf etdirməyə və yeni üsullar axtarmağa həvəsləndirir.

-Təhsil sahəsində dövlət tərəfindən həyata keçirilən yenilikləri və islahatları necə qiymətləndirirsiniz?

-Təhsildə həyata keçirilən yeniliklər müəllimlərin peşəkar inkişafına, tədrisin keyfiyyətinin yüksəlməsinə və şagirdlərin daha müasir bacarıqlara yiyələnməsinə xidmət edir. Əsas məsələ bu yeniliklərin məktəblərdə ardıcıl və səmərəli tətbiq olunmasıdır.

-Müəllimlik fəaliyyətindən geriyə baxdıqda, bu peşənin sizə qazandırdığı ən böyük həyat dərsi nə olub?

-Müəllimlik mənə səbirli olmağı, insanları daha yaxşı anlamağı və hər bir uşağın fərqli dünyası olduğunu öyrədib. Bəzən bir xoş sözün və inamın şagirdin həyatında böyük dəyişiklik yaratdığını görmüşəm.

-Gənclər arasında kitab oxuma mədəniyyətinin inkişafı üçün hansı təşəbbüslərə ehtiyac var?

-Məktəbimizdə bunun üçün kitab müzakirələri, oxu saatları, müəlliflərlə görüşlər və kitab sərgiləri təşkil edirik. Xüsusən də oxu saatlarının keçirilməsi şagirdlərdə oxu vərdişinin yaranmasına kömək olur. Eyni zamanda valideynlər də evdə oxu mühiti yaratmalıdır.

Müəllim olmaq istəyən gənclərə hansı tövsiyələri vermək istərdiniz?-Müəllimliyin yalnız bir iş deyil, böyük məsuliyyət olduğunu dərk edib seçim etsinlər. Daim oxusunlar, özlərini inkişaf etdirsinlər və şagirdlərə sevgi ilə yanaşsınlar. Çünki müəllimin sözünün və davranışının uşağın həyatında izi qalır.

-Son dərs gününüzü necə təsəvvür edir və necə xatırlanmaq istərdiniz?

-Son dərs günümü şagirdlərimin sevgisi və xoş xatirələri ilə xatırlamaq istərdim. Mənim üçün ən böyük dəyər odur ki, şagirdlərim məni onlara yalnız dərs deyən müəllim kimi yox, həm də inanan, dəstək olan və yol göstərən insan kimi xatırlasınlar.

Aparılan müsahibə bir daha göstərir ki, müəllimlik peşəsi sadəcə bir peşə deyil, insan taleyinə təsir edən, gələcəyin formalaşmasında birbaşa rol oynayan müqəddəs bir missiyadır. Bu missiyanı layiqincə yerinə yetirən müəllimlər cəmiyyətin mənəvi dayağını təşkil edir və milli inkişafın əsasını qoyurlar. Məmmədova Validənin pedaqoji fəaliyyəti və düşüncələri də bu həqiqəti bir daha təsdiqləyir.

O, Azərbaycan dili və ədəbiyyatını yalnız bir fənn kimi deyil, milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin daşıyıcısı kimi qiymətləndirir. Onun fikrincə, bu fənnin əsas məqsədi şagirdlərə yalnız qaydaları öyrətmək deyil, onlarda düşünmək, analiz etmək, müqayisə aparmaq və nəticə çıxarmaq bacarığı formalaşdırmaqdır. Eyni zamanda ədəbiyyat vasitəsilə gənclər insan xarakterini, həyatın müxtəlif çalarlarını və mənəvi dəyərlərin əhəmiyyətini daha dərindən dərk edirlər.

Müəllimənin ən çox vurğuladığı məsələlərdən biri şagirdlərlə düzgün münasibət qurulmasıdır. O hesab edir ki, müəllim–şagird münasibətləri qarşılıqlı hörmət, etibar və səmimiyyət üzərində qurulmalıdır. Şagird müəllimin ona inandığını hiss etdikdə daha çox motivasiya olur, dərsə marağı artır və öz potensialını daha rahat şəkildə ortaya qoyur. Bu isə təhsil prosesinin keyfiyyətinə birbaşa təsir göstərir.

Eyni zamanda Validə müəllimə müasir dövrün çağırışlarını da diqqət mərkəzində saxlayır. O, rəqəmsal texnologiyaların, interaktiv tədris metodlarının və süni intellektin təhsildə istifadəsini müsbət qiymətləndirir. Lakin o, çox vacib bir məqama toxunur: texnologiya insan düşüncəsini əvəz etməməli, əksinə onu inkişaf etdirməlidir. Əks halda, şagirdlərdə passiv düşüncə və hazır məlumatlara alışma vərdişi yarana bilər.

Müəllim həmçinin kitab oxuma mədəniyyətinin zəifləməsindən narahat olduğunu bildirir və bu istiqamətdə məktəbdə müxtəlif tədbirlər həyata keçirilməsinin vacibliyini qeyd edir. Onun fikrincə, kitab oxumaq şagirdin təxəyyülünü genişləndirir, nitqini inkişaf etdirir və dünyagörüşünü zənginləşdirir. Sosial şəbəkələrin dilə təsiri məsələsində isə o, balanslı yanaşmanı vacib hesab edir: texnologiyadan istifadə oluna bilər, lakin ana dilinin saflığı hər zaman qorunmalıdır.

Validə müəllimənin fikirlərində ən önəmli məqamlardan biri də müəllimin motivasiyası ilə bağlıdır. O, hesab edir ki, müəllimin ən böyük qazancı şagirdin uğurudur. Şagirdin inkişafını görmək, onun özünə inamının artdığını hiss etmək müəllim üçün ən böyük sevinc və güc mənbəyidir. Bu, müəllimlik peşəsinin nə qədər emosional və mənəvi dəyərə sahib olduğunu göstərir.

Nəticə etibarilə, Məmmədova Validə kimi fədakar müəllimlərin fəaliyyəti Azərbaycan təhsil sisteminin inkişafında mühüm rol oynayır. Onların əməyi nəticəsində şagirdlər yalnız biliklə deyil, həm də milli-mənəvi dəyərlərə bağlı, düşünən, araşdıran, yaradıcı və məsuliyyətli vətəndaşlar kimi formalaşırlar. Belə müəllimlər cəmiyyətin gələcəyini işıqlandıran ən mühüm mənəvi sütunlardır.

Bu müsahibə bir daha sübut edir ki, əsl müəllim təkcə dərs deyən deyil, həm də həyat öyrədən, yol göstərən və gələcək nəsillərin formalaşmasına birbaşa təsir edən böyük bir şəxsiyyətdir.

Sonda bu səmimi müsahibəyə vaxt ayırdığı, öz pedaqoji təcrübəsini və dəyərli fikirlərini bizimlə bölüşdüyü üçün Azərbaycan dili və ədəbiyyatı müəllimi **Məmmədova Validəyə dərin təşəkkürümüzü bildiririk**. Onun peşəsinə olan sevgisi, şagirdlərinə göstərdiyi qayğı və təhsilə verdiyi dəyər hər bir oxucu üçün örnək olacaq bir nümunədir.

Arzu edirik ki, müəllimlik yolunda atdığı hər addım daha böyük uğurlarla nəticələnsin, şagirdlərinin nailiyyətləri onun əməyinə verilən ən gözəl qiymət olsun. Uğurlarının daim artmasını, pedaqoji fəaliyyətində yeni zirvələrə çatmasını, hər zaman sevdiyi peşəsində sevinc və motivasiya ilə çalışmağa davam etməsini diləyirik.

Eyni zamanda arzumuz budur ki, onun yetişdirdiyi şagirdlər gələcəkdə ölkəmizin savadlı, düşünən, milli dəyərlərinə bağlı və vətənpərvər vətəndaşları kimi formalaşsınlar və müəllimlərinin zəhmətini layiqincə doğrultsunlar.

Belə fədakar müəllimlərə uğurlar, möhkəm cansağlığı və uzunömürlü pedaqoji fəaliyyət arzu edirik.