24 iyun 2026 21:29
132

Sent-Martinli hüquqşünas: Niderlandın 6 Karib müstəmləkəsinin statusu beynəlxalq səviyyədə qiymətləndirilməlidir

Niderland Krallığının Karib hissəsində dekolonizasiya prosesi tam başa çatmayıb.

“İki sahil” xəbər verir ki, bu sözləri hüquqşünas, Sent-Martinin keçmiş hökumət müşaviri Rogelio Voges Bakı Təşəbbüs Qrupu tərəfindən Vaşinqtonda Konqres binasında keçirilən “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1954-cü ildə qəbul olunmuş Xartiya muxtariyyət versə də, Niderland hökuməti hələ də qanunvericilik və idarəetmədə mühüm təsirə malikdir.

“Bu məsələ uzun illərdir müzakirə olunmur, lakin həm beynəlxalq qurumlar, həm də Niderlandın öz hüquqşünasları Krallıq daxilində struktur bərabərsizliyinin mövcud olduğunu qeyd ediblər. Muxtariyyət tam və qeyd-şərtsiz deyil, müəyyən şərtlərə bağlıdır. Məsələn, Aruba hazırda maliyyə sahəsində Niderlandın nəzarətini qəbul etməyə məcbur edilir. Əks halda daha sərfəli maliyyə şərtlərindən yararlana bilmir. Bu, mənim fikrimcə, təzyiq formasıdır və bərabər tərəfdaşlıq prinsipi ilə uzlaşmır”, - deyə o bildirib.

Rogelio Voges əlavə edib ki, eyni vəziyyət pandemiya dövründə də müşahidə olunub və Karib adalarına yardım göstərilməsi müəyyən şərtlərlə əlaqələndirilir, bu isə bərabərlikdən çox asılılıq yaradırdı: “Hesab edirəm ki, bu məsələ yenidən BMT çərçivəsində nəzərdən keçirilməlidir. Niderlandın 6 Karib müstəmləkəsinin statusu beynəlxalq səviyyədə qiymətləndirilməli, onların siyasi, iqtisadi və sosial inkişafı barədə hesabatlılıq təmin edilməlidir. Ən əsası isə öz müqəddəratını təyin etmə məsələsi Haaqanın deyil, həmin xalqların öz qərarı ilə olmalıdır. Gələcək nəsillərin öz gələcəyini sərbəst və ədalətli şəkildə müəyyən etmək hüququ var. Mənim üçün öz müqəddəratını təyin etmənin mahiyyəti məhz budur”.