Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə beş məsələ daxil edilib.
“İki sahil” xəbər verir ki, tədbirdə komitənin sədri Zahid Oruc məsələləri təqdim edib. O, əvvəlcə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar məlumat verib. Bildirilib ki, qanunda təklif edilən dəyişikliklər Azərbaycanın rəqəmsal suverenliyinin, virtual sərhədlərinin hüquqi əsaslarını gücləndirməyə xidmət edir. Layihə kibertəhlükəsizliklə bağlı risklərin əvvəlcədən aşkarlanmasını, insident zamanı xidmətlərin davam etdirilməsini və sistemlərin operativ bərpasını nəzərdə tutur.
Nəzərə çatdırılıb ki, layihəyə əsasən, qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir. Sənəddə dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur. Həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi ilə bağlı müddəalar müəyyən edilir.
Sonra komitə sədrinin müavini Arzuxan Əli-zadə, komitə üzvləri Bəhruz Məhərrəmov, Vüqar Rəhimzadə, Elman Nəsirov, Sevil Mikayılova, Tural Gəncəliyev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məsələ barədə fikirlərini açıqlayıblar. Çıxışçılar qanun layihəsinin ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sisteminin təkmilləşdirilməsi, kibertəhdidlərə qarşı mübarizənin effektivliyinin artırılması, informasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər.
Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, Milli Kibertəhlükəsizlik Agentliyi İdarə Heyətinin sədri Fərid Zeynalov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Novruz Orucov da öz fikirlərini bölüşüblər. Bildirilib ki, 2023-2027-ci illəri əhatə edən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Dövlət Strategiyası qəbul olunub, bununla bağlı müxtəlif islahatlar həyata keçirilir. Bundan əlavə, 2026-2028-ci illəri əhatə edən rəqəmsal inkişafla bağlı Fəaliyyət Planında da kibertəhlükəsizliklə bağlı məsələlər öz əksini tapıb. Həmin Fəaliyyət Planının icrası ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Təqdim edilən layihədə mühafizə tədbirlərinin görülməsi və gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması üçün rəqəmsal tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin ehtiva olunduğu qeyd edilib.Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı məsələlərinin vacibliyindən söhbət açılıb.
Gündəliyin növbəti məsələsi – “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar bildirilib ki, sənəddə vahid qurumun - Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Şura ilə bağlı vəzifə və öhdəliklər "Media haqqında" Qanunda öz əksini tapıb.
İclasda, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) nəzərdən keçirilib. Qanun layihəsində uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsi, təhlükəsiz informasiya mühitinin formalaşdırılması, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı məsələlər ehtiva olunur.
Komitədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə də (üçüncü oxunuş) baxılıb. Layihədə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini ilə bağlı məsələlər müəyyənləşdirilir.
İclasın gündəliyində olan qanun layihələrinin hər biri Milli Məclisin iclasına tövsiyə olunub.
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır
Sent-Martinli hüquqşünas: Niderlandın 6 Karib müstəmləkəsinin statusu beynəlxalq səviyyədə qiymətləndirilməlidir