Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Azərbaycan Silahlı Qüvvələri - dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxışında bildirib ki, Azərbaycanda peşəkar və nizami ordu quruculuğunun tarixi təməli xalqımızın Ümummilli Lideri, uzaqgörən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər hələ Sovet İttifaqının ən sərt dövrlərində – milli hərbi kadrların yetişməsinə imperiyanın qısqanclıqla yanaşdığı bir vaxtda, öz qətiyyəti və dəmir iradəsi ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Bu addım sadəcə bir məktəbin açılması deyil, gələcək müstəqil Azərbaycanın hərbi elitasının təməlinin qoyulması idi. Müstəqilliyimizin ilk illərində ölkəmiz xaos və daxili çəkişmələr içində boğularkən, dövlət sükanı arxasına keçən Ulu Öndər məhz həmin liseyin vətənpərvər məzunlarına, peşəkar hərbçilərinə güvəndi. Dağınıq dəstələrdən qısa zamanda vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, şəxsi heyətin təlim-tərbiyəsi və maddi-texniki təchizatı dövlətin bir nömrəli prioritetinə çevrildi.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova isə çıxışında qeyd edib ki, Ulu Öndərin müqəddəs vəsiyyətini və siyasi kursunu ən yüksək səviyyədə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu zamanın ən son tələbləri çərçivəsində tamamilə yenidən qurdu. Azərbaycanın artan iqtisadi imkanları ilk növbədə müdafiə sənayesinə yönəldildi. Dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait ildən-ilə artırılaraq ordumuzun arsenalı dünyanın ən müasir, yüksək texnologiyalı və strateji silahları ilə zənginləşdirildi.
Tədbirdə müharibə veteranları İsmayıl Xuduyev, İlham Beydullayev və Şahin Məmmədov Azərbaycan Ordusunun rəşadətindən geniş bəhs ediblər. Qeyd edilib ki, bu gün dünya hərb elmi Azərbaycan Ordusunun strategiyasını araşdırmaqla məşğuldur. Beynəlxalq hərbi analiz mərkəzləri, ABŞ-dan Avropaya qədər dünyanın ən tanınmış hərbi akademiyaları və təhsil müəssisələri Azərbaycan Ordusunun Şuşada, Cəbrayılda, Füzulidə tətbiq etdiyi 5-ci nəsil hərb taktikasını dərslik kimi öyrənir. Keçilməz relyeflərdə, sıldırım qayalarda yüngül silahlarla yazılan Şuşa dastanı bu gün hərb dərsliklərinin ən maraqlı mövzusudur. İşğaldan azad olunmuş hər bir qarış torpağımızda, Şuşada, Xankəndidə dalğalanan üçrəngli müqəddəs bayrağımız ordumuzun gücünün, dövlətimizin qüdrətinin rəmzidir.