Avropada və Şimal yarımkürəsinin bir sıra ölkələrində müşahidə olunan ekstremal isti hava şəraiti ilə bağlı narahatlıqlar artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, isti hava dalğaları iqlim dəyişikliyinin insan sağlamlığı və təhlükəsizliyi üçün yaratdığı ən ciddi təhdidlərdən birinə çevrilib.
ÜST-ün həftəlik mətbuat konfransında çıxış edən Qebreyesus qeyd edib ki, hər il dünyada təxminən 500 min nəfər həddindən artıq istilər səbəbindən həyatını itirir. Onun sözlərinə görə, bu ölümlərin böyük əksəriyyətinin qarşısını almaq mümkündür. ÜST rəhbəri əlavə edib ki, yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər, uşaqlar, hamilə qadınlar, açıq havada çalışanlar və sosial baxımdan həssas qruplar isti hava dalğalarından ən çox təsirlənən əhali kateqoriyalarındandır.
Qebreyesusun sözlərinə görə, ekstremal istilər kütləvi tədbirlər və idman yarışları zamanı da ciddi sağlamlıq riski yaradır. Bu səbəbdən qarşıdan gələn FIFA World Cup çərçivəsində məlumatlandırma işlərinin gücləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin yaradılması, təhlükəsiz içməli suyun əlçatanlılığının artırılması və sərinlədici tədbirlərin tətbiqi istiqamətində FIFA və ev sahibi ölkələrlə əməkdaşlıq edilir.
ÜST-ün Risklərin Azaldılması, Humanitar əməliyyatlar və iqlim dəyişikliyi şöbəsinin rəhbəri Teresa Zakaria isə Avropada temperaturun yüksəlməsinin ciddi narahatlıq doğurduğunu bildirib. O, qeyd edib ki, qarşıdakı altı ay ərzində dünyanın bir çox bölgələrində temperatur göstəriciləri mövsümi normaları əhəmiyyətli dərəcədə üstələyə bilər. Bəzi ərazilərdə temperaturun orta göstəricilərdən 80 faizə qədər yüksək olacağı gözlənilir.
Mətbuat konfransında Ebola virusunun yayılması məsələsinə də toxunan Qebreyesus bildirib ki, Konqo Demokratik Respublikasında cari il ərzində elan olunmuş epidemiya ilə mübarizədə müəyyən irəliləyiş əldə olunub. Onun sözlərinə görə, son həftələr ərzində səhiyyə müəssisələrində xəstələrin qəbulu üçün ayrılmış çarpayıların sayı 10-dan 500-600-a qədər artırılıb, 100-dən artıq xəstə isə sağalaraq evə buraxılıb. Bununla belə, virusun yayılması davam edir. ÜST-ün rəhbəri bildirib ki, indiyədək 1094 təsdiqlənmiş yoluxma və 277 ölüm halı qeydə alınıb. O, vurğulayıb ki, epidemiya ilə mübarizə tədbirləri davam etsə də, xəstəlik hələ də ciddi təhlükə olaraq qalır.
Qebreyesus, həmçinin bildirib ki, iyunun 21-də Uqandada yeni Ebola yoluxması aşkarlanıb. Hazırda ölkədə 20 təsdiqlənmiş yoluxma və 2 ölüm faktı qeydə alınıb. Bundan əlavə, Fransada Konqo Demokratik Respublikasından qayıdan bir tibb işçisində Ebola virusu aşkar edilib. Həmin şəxsin nəzarət altında müalicə aldığı bildirilir. Bütün bu hallara baxmayaraq, ÜST-ün rəhbəri Ebola virusunun qlobal miqyasda yayılma riski hələ də aşağı səviyyədə qiymətləndirildiyini qeyd edib.
Şahnigar Əhmədova, “İki sahil”