Rusiya Birləşmiş Ştatların Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına yardım göstərmək səylərini davam etdirmək niyyətini alqışlayır və bu cür təşəbbüslərə açıqdır.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun Ukraynaya silah tədarükünü davam etdirməsi və Kiyevə müxtəlif növ yardım göstərməsi səbəbindən ABŞ-ni tam neytral tərəf hesab etmək mümkün olmasa da, Moskva ABŞ Prezidenti Donald Trampın və onun danışıqlar qrupunun münaqişənin sülh yolu ilə nizamlanmasına keçidə töhfə vermək istəyini yüksək qiymətləndirir.
“Biz bunu alqışlayacağıq. Biz bu cür vasitəçilik xidmətlərinə, eləcə də sülh yolu ilə nizamlanma prosesinin özünə açığıq”, – deyə Kremlin nümayəndəsi bildirib.
Fransa Prezidenti Emmanuel Makronun G7 sammitindən sonra Donald Trampın Ukrayna ilə bağlı mövqeyinin dəyişdiyinə dair bəyanatını şərh edən Peskov bildirib ki, o, Fransa liderini Vaşinqton adından danışa biləcək şəxs hesab etmir.
“Düşünmürəm ki, Prezident Makron Vaşinqtonun vəkili və ya mətbuat katibi roluna namizəd ola bilər”, – deyə o bildirib və əlavə edib ki, Moskva hələlik ABŞ tərəfindən bunu təsdiqləyən hər hansı bəyanat eşitməyib.