“Qarabağ” futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın “Polesye” klubunun təklifini yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb.
“İki sahil” xəbər verir ki, klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən kabo-verdeli futbolçu komandanın heyətində 2021-2022-ci, 2022-2023-cü, 2023-2024-cü və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022-ci və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb. Komandanın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023-cü və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022-ci və 2022-2023-cü illər mövsümlərində UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.
Andrade “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.