Ötən gecə ABŞ ordusunun İranın cənub sahillərində bir neçə sahil nəzarət obyektinə hava zərbələri endirməsi BMT Nizamnaməsinin, eləcə də İran və ABŞ arasında imzalanan anlaşma memorandumunun 1-ci müddəasının açıq-aşkar pozulmasıdır.
“İki sahil” xəbər verir ki, bu, İranın Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.
“İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun ötən gecə İranın cənub sahillərində bir neçə məkana hava zərbələri endirməsini kəskin şəkildə qınayır. İranın bir neçə sahil nəzarət obyektinin vurulmasını BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də müharibəyə son qoyulmasına dair İran və ABŞ arasında imzalanan İslamabad anlaşma memorandumunun 1-ci müddəasının açıq-aşkar pozulması hesab edir”, - deyə bəyanatda qeyd olunur.
İran XİN qeyd edir ki, eyni zamanda ABŞ-nin koordinasiyası ilə İsrailin Livana hücumu anlaşma memorandumunun 1-ci müddəasının açıq-aşkar pozulmasıdır.
“İran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq suverenliyi, təhlükəsizliyi və milli mənafeyini var-gücü ilə müdafiə edəcək. İran silahlı qüvvələrinin ABŞ-nin mövqelərinə müdafiə xarakterli zərbələri də bu istiqamətdə baş tutub. Aydındır ki, yaranan bu vəziyyətlə əlaqədar məsuliyyət ABŞ və İran əleyhinə hücumlarda hər hansı formada iştirak edən tərəflərin üzərinə düşür”, - deyə bəyanatda qeyd olunur.
XİN qeyd edib ki, İran Fars körfəzinin cənub hissəsində yerləşən ölkələrin İrana hücum etmək istiqamətində öz ərazilərindən istifadə olunmasının qarşısının alınmasına dair beynəlxalq hüquq normaları və yaxşı qonşuluq prinsipinə riayət etmələrini istəyir.
XİN əlavə edib ki, İran BMT, BMT Təhlükəsizlik Şurasının baş katiblərindən və başqa beynəlxalq məsuliyyətli dairələrdən BMT Nizamnaməsinin prinsiplərinin açıq-aşkar şəkildə pozulmasına etinasız yanaşmamalarını istəyir.
Qeyd edək ki, ötən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz bğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyini açıqlayıb.
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) da ABŞ ordusunun hücumlarına cavab olaraq Birləşmiş Ştatları ordusunun bölgədəki yerləşmə məntəqələrinə zərbələr endirib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.