Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin nəticələrinə təsir göstərə biləcək pozuntuların olmadığını bəyan edib.
“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsində işə baxılarkən Ermənistan MSK sədrinin müavini Nune Ovannisyan bildirib.
Onun sözlərinə görə, komissiyanın mandatların bölüşdürülməsi və səsvermənin yekunlaşdırılması ilə bağlı qərarları Seçki Məcəlləsinin tələblərinə tam uyğun olaraq qəbul edilib.
Ovannisyan qeyd edib ki, qanunvericiliyə əsasən, seçkilər yalnız o halda etibarsız sayıla bilər ki, aşkar edilmiş pozuntuların nəticələrini ayrı-ayrı məntəqələrdə təkrar səsvermə keçirməklə aradan qaldırmaq mümkün olmasın.
Onun sözlərinə görə, ayrı-ayrı seçki məntəqələrində qeydə alınmış pozuntular avtomatik olaraq bütün ölkəyə şamil edilə və səsvermənin nəticələrinə şübhə üçün əsas ola bilməz.
"Seçkilərin nəticələri yalnız yol verilmiş pozuntular seçicilərin real iradəsini müəyyən etmək imkanını istisna etdiyi təqdirdə etibarsız sayıla bilər", - MSK sədrinin müavini bildirib.
Ovannisyan əlavə edib ki, nəticələrin ləğv edilməsi üçün əsas yalnız seçkilərin yekun nəticəsinə həlledici təsir göstərmiş və ya göstərə biləcək hüquqi cəhətdən təsdiqlənmiş pozuntular ola bilər.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin emalının yekunlarına görə, Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçicilərin 49,83 % səsini toplayıb, bu da ona təkbaşına hökumət qurmaq hüququ verir.