Avstraliya 16 yaşdan kiçik uşaqlar tərəfindən sosial şəbəkələrin istifadəsinə qoyulan qadağaya riayət etmədiklərinə görə texnoloji şirkətlər üçün maksimal cərimə məbləğini ikiqat artırmaq niyyətindədir.
“İki sahil” "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstraliya hökumətinin bəyanatında bildirilib.
Qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, yaş məhdudiyyətlərinin sistematik şəkildə pozulmasına görə maksimal cərimə 49,5 milyon Avstraliya dollarından 99 milyon Avstraliya dollarına (təxminən 68 milyon ABŞ dolları) qədər artırılacaq.
Bundan əlavə, hökumət İnternet təhlükəsizliyi məsələləri üzrə komissarın səlahiyyətlərini genişləndirməyi planlaşdırır ki, o, sosial platformalardan 16 yaşdan kiçik istifadəçilərin qeydiyyatının qarşısını almaq üçün görülən tədbirlərin sübutlarını tələb edə bilsin. O, həmçinin yaşın yoxlanılması xidmətlərinin təchizatçıları və tətbiq mağazalarının sahibləri də daxil olmaqla üçüncü tərəflərdən məlumat tələb etmək səlahiyyətinə malik olacaq.
Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, iri texnoloji şirkətlər qanuna riayət etmək üçün kifayət qədər iş görmürlər.
"Sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddi tətbiq edildikdən sonra müzakirələrin dəyişməsi və müşahidə etdiyimiz qlobal tendensiya mənə ümid verir, lakin aydındır ki, iri texnoloji şirkətlər qanuna riayət etmək üçün kifayət qədər iş görmürlər - sosial şəbəkələrdə hələ də həddindən artıq çox uşaq var", - Albaneze deyib.
Hökumətin məlumatına görə, qadağa qüvvəyə mindiyi vaxtdan etibarən 16 yaşından kiçik istifadəçilərin 5 milyondan çox hesabı deaktiv edilib və ya məhdudlaşdırılıb.
Lakin çoxsaylı tədqiqatlar göstərib ki, uşaqlar texnoloji şirkətlər tərəfindən tətbiq edilən yaşın təsdiqlənməsi mexanizmlərindən, o cümlədən selfi vasitəsilə yoxlamadan asanlıqla keçirlər. Bir çox hallarda onlardan ümumiyyətlə yaşlarını təsdiq etmələri tələb olunmayıb.
Bu həftə "British Medical Journal"da dərc olunan və 408 yeniyetmənin iştirak etdiyi tədqiqata əsasən, 12-15 yaş arası avstraliyalıların 85 %-i qadağa qüvvəyə mindikdən üç ay sonra da sosial şəbəkələrdən istifadə etməyə davam ediblər.