28 iyun 2026 19:22
106

ÜST rəhbəri Avropadakı istilərlə bağlı xəbərdarlıq edib

Hazırda Avropada 150 milyon insan həddindən artıq isti şəraitdə yaşayır, yüzlərlə insan ölüb, təhsil müəssisələri bağlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Avropada istiləşmə digər qitələrdə olduğundan iki dəfə sürətlə baş verir:

"İqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən əvvəllər bir nəsildə bir dəfə baş verən istilik dalğaları indi demək olar ki, hər il baş verir. Bizə xəbərdarlıq edilmişdi".

ÜST rəhbəri vurğulayıb ki, 21 iyundan bəri Avropada əvvəlki rəqəmlərlə müqayisədə 1300 ölüm halı daha çox qeydə alınıb ki, bu da yüksək temperaturla bağlıdır.

Qebreyesus bildirib ki, ÜST ekstremal istilərin yaratdığı sağlamlıq təhdidlərini aradan qaldırmaq üçün üzv dövlətləri və tərəfdaşları ilə birgə çalışır və hazırlığa, profilaktikaya və səhiyyə sisteminin reaksiyasının gücləndirilməsinə diqqət yetirir.