29 iyun 2026 19:32
111

Birinci Türkoloji Qurultay: 100 il əvvələ qiyabi səyahət

Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsindən 100 il ötür. Xatırladaq ki, qurultaya Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin o vaxtki sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, Rəyasət Heyətinə Ruhulla Axundov seçilmiş, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin sədri Qəzənfər Musabəyov təbrik nitqi ilə çıxış edərək iştirakçıları salamlamışdı. Ünlü akademiklər Nikolay Marr, Anatoli Lunaçarski, Vasili Bartold, Sergey Oldenburq, Banq, Avropa alimlərinin təmsilçiləri professor F.F.Menşel və Tomsen, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M.Pavloviç, Türkiyədən Mehmed Fuad Köprülü, Qazaxıstandan Əhməd Baytursunov, Türkmənistandan Berdiyev,  Özbəkistandan Rahim İnogomov, Qırğızıstandan Tunstanov, Krımdan Osman Nuri Akçökraklı, Tatarıstandan Qələmcan Rahimov, Başqırdıstandan İdelquzin, Dağıstandan Cəlaləddin Qorxmazov, Şimali Qafqazdan Umar Əliyev, Azərbaycandan Əli bəy Hüseynzadə,  Mustafa Quliyev fəxri qonaqlar kürsüsündə əyləşmişdilər...

Beynəlxalq elmi qurumlardan 20-dən çox rəsmi qonağın da qatıldığı 17 iclasda türklərin, bütövlükdə türk dünyasının dilinə və tarixinə, etnogenezisinə və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənildi. Səkkizgünlük tədbir çərçivəsində qaldırılan elmi problemlər bir yana qalsın, təkcə məruzələrin adları xüsusi məmnunluq, eyni zamanda böyük heyrət doğururdu. Belə ki, məşhur şərqşünas və türkoloq alimlərin "Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri", "Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları", "Türk xalqlarının təsviri sənəti haqqında", "Türk xalqlarının ədəbi dillərinin inkişafı", "Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri", "Türk ləhcələrinin yaxın qohumluğu haqqında", "Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri" və digər mövzularda çıxışları mərasimin  işinə yeni rəngarəng çalarlar qatmışdı. 

Bəs adıçəkilən toplantının təşkili daha çox hansı zərurətlə əlaqələndirilirdi? Bundan səkkiz ay öncə - 1925-ci ilin avqustunda SSRİ Xalq Komissarları Şurası Ümumittifaq Türkoloji Qurultayın çağırılması haqqında qərar qəbul etmişdi. Ondan da bir il əvvəl, ilk dəfə belə bir təklif Azərbaycan SSR hökuməti tərəfindən ittifaq rəhbərliyinə təqdim olunmuşdu. Gündəlikdə duran əsas məsələ - ərəb qrafikasından latın əlifbasına keçid isə həmin yığıncaq barədə rəsmi qərara altı ay qalmış 1-ci Yerli Diyarşünaslıq Konfransında, eləcə də SSRİ Elmlər Akademiyası və Ümumittifaq Şərqşünaslar Birliyində irəli sürülmüşdü. Sonrakı hadisələr göstərdi ki, sovet rejimi digər məsələlər kimi, latın qrafikasında da səmimi deyilmiş. Doğrudur,  türkoloqların qurultayında qəbul edilən qərara əsaslanaraq heç 3 il keçməmiş, 1929-cu il yanvarın 1-dən ərəb heroqliflərindən istifadəni yasaqladı - bütün respublika üzrə kitabyandırma kampaniyası da məhz bu üslubu unutdurmaqdan ötrü planlaşdırılmışdı, amma on il sonra - 1939-cu ildə sərhədləri daxilində yaşayan bütün xalqlara kiril əlifbasını tətbiq etdi. Rəsmi açıqlamaya görə, latından kiril əlifbasına məcburi keçid "zəhmətkeşlərin ümumi istəyi" adı altında pərdələnmişdi. Əlbəttə, bu, “qırmızı imperiya”nın buxovlarından biri idi. Bolşeviklər ərəb əlifbası ilə yazılmış qiymətli əlyazmalarımızı və ümumilikdə ədəbiyyatımızı “köhnəliyin qalığı” adı ilə məhv etdilər.

Ali məclisin qərarına əsasən, II Türkoloji Qurultayın 1927-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, bu, dövlət siyasətinin dəyişməsi səbəbindən baş tutmadı. İyirminci illərin sonlarından qurultayın bir çox iştirakçısı millətçilik, pantürkizm, əks-inqilabi fəaliyyətdə günahlandırıldı, repressiya olundu və güllələndi. Onların arasında Salman Mümtaz, Bəkir Çobanzadə, İsidor Baraxov, Cəlaləddin Qorxmazov, Hənəfi Zeynallı, Əhməd Baytursunov, Osman Akçökraklı, Hikmət Cevdet-zadə, gənc şair Mikayıl Müşfiq və başqaları vardı. 
Birinci Türkoloji Qurultay XX yüzilliyin ən əhəmiyyətli hadisəsi səviyyəsində tarixdə və yaddaşlarda qaldı. O, bir əsr sonra zamanın diktəsindən yaranan türk ailəsinin birmənalı şəkildə bünövrəsi, təməl daşları sayılmalıdır.

Lakin onlardan sonra gələn  milli kadrlar dilimizin inkişafında görkəmli xidmətlər göstərdilər.  Böyük dilçi alimlərimiz, tanınmış türkoloqlar  Əbdüləzəl Dəmirçizadə, Cəfər Cəfərov, Tofiq Hacıyev, Həsən Mirzəyev kimi nəhəng alimlərimizlə bərabər, istedadlı ziyalılarımız, tədqiqatçılarıçız Azərbaycan dilinin saflaşdırılmasına və inkişafına sanballı töhfələr verdilər. 2005-ci il noyabrın 5-də Prezident İlham Əliyev bu mötəbər tədbirin 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı və ölkəmizdə bununla əlaqədar beynəlxalq konfrans keçirildi. 2016-cı ildə yenə də dövlətimizin başçısının müvafiq sərəncamı ilə həmin əlamətdar hadisənin 90 yaşı qeyd olundu. 18 fevral 2016-cı il tarixli Prezident Sərəncamında deyilirdi ki, qurultaydan ötən dövr ilk növbədə türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın dünya miqyaslı türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır.

Birinci Türkoloji Qurultayın 100 illiyi Bakıda böyük təntənə ilə qeyd olunur. Heydər Əliyev Mərkəzində açılış mərasimindən sonra panel iclasları AMEA-da və BDU-da keçirilir. Qurultayda türk xalqlarının alimləri iştirak edir, fikir mübadiləsi aparırlar. Orada Türk dünyasının görkəmli dilçi alimlərinin yada salınması, xidmətlərinin qeyd olunması tariximizə geridönüşdən xəbər verir.  Onları daha repressiyalar, zindanlar gözləmir, əksinə xalqlarımızın hörmət və ehtiramı gözləyir. Qurultay alimlərin şəxsində xalqların qardaşlıq tellərinin möhkəmləndirilməsinə stimul verir. Qurultayın digər töhfələrini də görəcəyik.

Vəli İlyasov, “İki sahil”