İrəvanın rəsmi xətti ilə diasporun radikal ambisiyaları arasındakı dərin çat daha aydın görünməyə başlayır
Onilliklər boyu beynəlxalq siyasətin və regional münaqişələrin təhlili zamanı tez-tez mifik bir gücdən bəhs edilirdi: erməni diasporu və onun Vaşinqtondan Parisə qədər uzanan, qərarlara təsir etmək qabiliyyətinə malik "hərşeyə qadir" lobbi şəbəkəsi. Bu şəbəkə uzun illər boyu xarici dövlətlərin parlamentlərində qətnamələr qəbul etdirmək, maliyyə yardımları qoparmaq və Cənubi Qafqazdakı status-kvonu dondurulmuş vəziyyətdə saxlamaq üçün effektiv bir alət təsiri bağışlayırdı. Lakin müasir geosiyasi proseslər, xüsusilə son illərin regional reallıqları bu böyük mifi daxilindən sarsıtdı və onun effektivlik limitlərini ortaya qoydu. Bu gün biz "erməni lobbisi" fenomeninin çöküşünün və onun qürub dövrünün şahidiyik.
Erməni diasporunun yaratdığı "toxunulmazlıq" və "sarsılmaz dəstək" mifi ilk ciddi və fundamental zərbəni 2020-ci ildə və ondan sonrakı regional proseslərdə aldı. Dəyişikliklərin ilk xəbərçisi 2021-ci ilin mayında baş verən qalmaqal oldu. Baş nazir Nikol Paşinyan o zaman revanşist dairələrlə bağlılığı olan Paris meri Ann İdalqonun özü ilə İrəvana CCAF həmsədri, daşnak Murad Papazyanı gətirdiyini öyrənən kimi onu qəbul etməkdən imtina etdi. Paşinyan bir qədər sonra, 2021-ci ildə Parisə gəlib, bu xadimlərin məlum ekstremist baxışlarına baxmayaraq, Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının rəhbərliyi ilə danışmaq qərarına gəldikdə, görüşün keçirildiyi səfirliyin qarşısında erməni diasporunun etiraz aksiyaları ilə qarşılaşdı. Bunun qisası olaraq 2022-ci ilin iyulunda Ermənistan hakimiyyəti Papazyanı nümayişkaranə şəkildə Ermənistana, ümumiyyətlə, buraxmadı. Aydın oldu ki, diasporun revanşist strukturlarını çökdürmək mümkündür və hələ 2024-cü ildə Ermənistan hakimiyyəti məqsədi "dövlətyönümlü diaspor" formalaşdırmaq olan "2023–2033-cü illər üçün Ermənistan – Spyurk (Diaspor) Əməkdaşlığının İnkişafı Strategiyası"nı işə saldı. Keçən ilin fevralında Paşinyan Fransanın erməni icmasının nümayəndələri ilə qapalı, sərt bir görüş keçirdi. Sonradan onların fəalı Hilda Çoboyan həmin tədbiri belə nəql edirdi: "Paşinyan deyirdi ki, onun məqsədi Ermənistan əhalisinin inkişafını və rifahını təmin etməkdir, bura isə diaspor daxil deyil... O, həmçinin deyirdi ki, diaspor Ermənistan əhalisinin təhlükəsizliyinin və rifahının təmin olunmasına mane olur".
İllərlə ABŞ Konqresində və ya Fransa Senatında qəbul edilən bəyanatların, diaspor fondlarının topladığı milyonlarla dolların real hərbi-siyasi müstəvidə heç bir praktiki çəkiyə malik olmadığı aydınlaşdı. Beynəlxalq münasibətlərdə praqmatik siyasətin qanunları işə düşdükdə, lobbi qruplarının emosional və tarixi narrativlərə əsaslanan təbliğatı dövlətlərin milli, strateji və iqtisadi maraqlarının kölgəsində qaldı. Diasporun ən güclü olduğu ölkələrin belə real addımlar ata bilməməsi, həm Ermənistan cəmiyyətində, həm də diasporun öz daxilində ciddi bir xəyal qırıqlığı yaratdı. Mifin çökməsinin ən bariz səbəblərindən biri də Ermənistanın daxili siyasi reallıqları ilə kənarda yaşayan diasporun baxış bucaqları arasındakı dərin asimetriya oldu. Ermənistan dövləti coğrafi reallıqları qəbul etmək, qonşuları ilə sülh və iqtisadi inteqrasiya yollarını aramaq məcburiyyətində olduğu halda, Qərb paytaxtlarında rahat şəraitdə yaşayan diaspor elitası hələ də radikal şüarlarla çıxış etməyə davam edir.
Ermənistan rəhbərliyinin zaman-zaman diaspor təşkilatlarının fəaliyyətini dövlət maraqlarına deyil, dar qrup maraqlarına xidmət etməkdə ittiham etməsi daxili inamsızlığı artırır. Diaspor artıq Ermənistanın inkişafına kömək edən bir lokomotiv deyil, onun xarici siyasətini girov saxlayan bir yükə çevrilməkdədir. Ermənistanın gələcəyini regional layihələrdə və sülhdə görən rasional kəsimlə keçmişin mifləri ilə yaşayan diaspor dairələri arasındakı bu qütbləşmə lobbinin vahid mərkəzdən idarə olunan güc imicini tamamilə sıradan çıxarır. Diaspor artıq nəinki İrəvanın xarici siyasətini idarə edə bilmir, hətta Ermənistanın daxili siyasi kursunu dəyişmək rıçaqlarını da tamamilə itirib. Bunun ən bariz nümunəsi diaspor dairələrinin Baş nazir Nikol Paşinyanın Qərbə doğru geosiyasi yönəlmə və regional sülh layihəsini neytrallaşdırmaq cəhdləri oldu. Diasporun maliyyələşdirdiyi və ideoloji rəhbərlik etdiyi radikal müxalifət son bir neçə ildə İrəvan küçələrində yerli "maydan"lar formalaşdırmağa, kütləvi itaətsizlik aksiyaları ilə hakimiyyəti devirməyə çalışdı. Ermənistan cəmiyyətinin böyük hissəsi isə xaricdən gələn radikal çağırışların arxasınca getmədi. İnsanlar xaricdə yaşayan milyarderlərin emosional şüarları ilə real müharibə və böhran təhlükəsi arasında seçim edərək, praqmatizmə və mövcud sabitliyə üstünlük verdilər. Kilsənin rəhbərlik etdiyi aksiyaların yatırılması və müxalifətin darmadağın edilməsi göstərdi ki, erməni diasporu artıq Ermənistan daxilində "hakimiyyət dəyişdirə bilən qüvvə" statusunu itirib. İrəvan öz daxili və xarici siyasətini diasporun ambisiyalarına deyil, dövlətin sağ qalma instinktinə uyğun formalaşdırır.
Sevinc Azadi, “İki sahil”