Bu vasitələrlə siz xolestrolunuzu azalda, qan təzyiqinizi sabitləşdirə, ürəyinizi daha da sağlam edə bilərsiniz.
1. Qovrulmuş badam-qabığı ilə birlikdə
Gündəlik menyuda nə qədər çox badam olarsa, xolestrolun qanda miqdarı o qədər aşağı düşər. Tərkibindəki B9 vitamini-fol turşusu qanda ürək qan-damar xəstəliklərinin yaranmasına səbəb olan zərərli xolesterinin miqdarını azaltmaqla, qaraciyərin işini yaxşılaşdırır. Əgər siz hər gün qəlyanaltıya kartof qızartması, pişi və simit əvəzinə bir neçə badam yesəniz xolestrolunuzu 10 % azaltmış olarsınız. Badamın tərkibindəki E vitamini ətdən daha xeyirli hesab olunur. O, şəkər xəstəliyi riskini azaldır, sümükləri möhkəmləndirir.
2. Avokado
Meksika Universitetinin araşdırmaçıları belə bir qənaətə gəliblər ki, gündəlik 1 avokado yeməklə bədəndəki xolestrolu 17% azaltmaq mümkündür. Belə ki, avokadonun lif və folatla zəngin olması onun bədəndəki artıq xolestrolun qarşısını almaqla yanaşı, ürək xəstəlikləri riskini də azaldır. İnsan əhvalına yüksək təsir göstərir.
3. Pomidor-təzə yetişmiş və sousu
Bostonun Brigham xəstəxanasında həkimlər tərəfindən 3500 qadın arasında aparılan tədqiqat zamanı məlum olub ki, gündəlik qidasında pomidor istifadə edən qadınların 30 %-də ürək-qan damar xəstəliklərinə daha az rast gəlinir. Pomidorun tərkibindəki liflər antioksidant tərkiblidir və xolestrolun azalmasında rolu böyükdür. Təzə yetişmiş pomidorun sousu qan təzyiqinin aşağı salınmasında əvəzsiz vasitə hesab olunur.
4. Konservləşdirilmiş qızıl balıq
Omeqa-3 ilə zəngin qızıl balıq ən mükəmməl vasitə hesab olunur. Bu balıq növünün insan orqanizminə xeyri əvəzsizdir. Zülal, ürək və əsəb sistemi üçün faydalı olan omeqa-3 yağ turşularının mənbəyi olan qızıl balıq tərkibindəki turşularla insan orqanizmindəki artıq xolestrolu azaldır, ölümcül ürək xəstəlikləri riskini yox edir və iltihabla mübarizə aparır.
5. Yulaf
Yulafda olan beta qlükan qanda xolestrolun səviyyəsini də nizamlayır. Yulaf, həmçinin bağırsaqda yediyimiz qidaların tərkibindəki xolestrolun qismən sorulmasının qarşısını alır. “Amerika Tibb Assosiasiyası” jurnalında dərc olunan məqalədə 1-1/2 stəkan yulafın orqanizmdəki xolestrolu 2-3% azaltdığı qeyd olunub.
Leyla Şıxəliyeva, “İki sahil”