Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçu olub.
“İki sahil” xəbər verir ki, təcrübəli hücumçu bu göstərici ilə 1986-cı il dünya çempionu Dieqo Maradonanı geridə qoyub.
Messi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı keçirilən oyunda məhsuldar ötürmə müəllifi olub. Bununla da onun dünya çempionatlarının final mərhələlərində məhsuldar ötürmələrinin sayı doqquza yüksəlib. Dünya çempionatlarında məhsuldar ötürmələrin rəsmi statistikası 1966-cı ildən aparılır.
39 yaşlı futbolçu 2023-cü ildən ABŞ-nin MLS təmsilçisi “İnter Mayami” klubunda çıxış edir. O, daha əvvəl İspaniyanın “Barselona” və Fransanın PSJ klublarının da formasını geyinib. Messi klub karyerasında dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və üç dəfə FIFA Klublararası Dünya Kubokunun qalibi olub.
Argentina millisinin lideri 2022-ci ildə dünya çempionu, 2014-cü ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya çempionu, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. O, rekord sayda – səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb.