05 iyul 2026 01:07
115

Yevlaxda yol qəzası baş verib, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax rayonunun Əkşəm kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Chevrolet” və “Mercedes” markalı minik avtomobillərinin iştirakı ilə yol qəza hadisəsinin baş verdiyi və “Mercedes” markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1966-cı il təvəllüdlü Miryunis Miryusif oğlu Mahmudovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.