05 iyul 2026 20:40
89

Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Mikheil Khergiani Cup 2026” beynəlxalq idman dırmanması turniri Azərbaycan idmançıları üçün uğurla başa çatıb. “İki sahil” xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idmançıları boulderinq növü üzrə bir gümüş və bir bürünc medal qazanıblar.

Turnirdə Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan idmançıları mübarizə aparıblar. Azərbaycan yığması yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında dörd idmançı — iki kişi və iki qadın idmançı ilə təmsil olunub. Komandamızın bütün üzvləri təsnifat mərhələsini uğurla adlayaraq final mərhələsinə yüksəliblər. Qadınlar arasında Əhmədova Leyla gümüş medala layiq görülüb. Kişilər arasında isə Nazim Yusifzadə üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Qeyd edək ki, “Mikheil Khergiani Cup” Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növü üzrə təşkil olunur və reqlamentə əsasən, final mərhələsində qadınlar və kişilər arasında təsnifat mərhələsinin nəticələrinə görə ən güclü səkkiz idmançı mübarizə aparır. Azərbaycan Alpinizm Federasiyası idmançılarımızı əldə olunan nəticələr münasibətilə təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayır.