Neft sənayesinin bütün aparıcı sahələrində - istər yeni yataqların axtarışı və kəşfiyyatında, istərsə də mövcud yataqların işlənməsində əsas geoloji-hidrodinamik informasiya bazası məhz geofiziki tədqiqatlar vasitəsilə yaradılır.
Geofiziki tədqiqatların əsas istiqamətlərindən biri olan quyularda aparılan tədqiqat işlərinin ilkin təşəkkül mərkəzlərindən biri məhz Azərbaycan olmuş və hazırda bu tədqiqatlar bütün yeni qazılan və işlənmədə olan quyularda geofiziklərimiz tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.
Hazırda SOCAR-ın Geofizika və Geologiya İdarəsinin “Mədəngeofizika” İstehsalat Bölümünün mütəxəssisləri tərəfindən Azərbaycanın quru və dəniz ərazilərində Kompleks Qazma İşləri Trestinin, “Azneft” İB-nin, “SOCAR AQŞ”nin və respublikamızda neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən müştərək müəssisələrin qazma və istismar quyularında, qazmada olan quyularda kompleks mədən - geofiziki tədqiqat işləri, qazmaya geoloji-texnoloji nəzarət, eləcə də istismar quyularında perforasiya-atma və quyuların işlənməsinə nəzarət məqsədi ilə geofiziki tədqiqat işləri müvəffəqiyyətlə yerinə yetirilir.
Quyularda geofiziki tədqiqat işləri əsasən elektrik, radioaktiv, akustik karotajdan, inklinometriya, kavernometriya və termometriyadan, yataqların işlənməsinə geofiziki, quyuların qazılmasına geoloji və texnoloji nəzarətdən, perforasiya və s.-dən ibarət olub. Bölüm “Azneft” İB-nin tabeliyindəki Neft-Qazçıxarma idarələri, Kompleks Qazma İşləri Tresti, eləcə də respublikamızda fəaliyyət göstərən “SOCAR AQŞ”, “Neftchala OCL”, “Gulf Drilling Supply FZE”, “AzGerNeft” MMC, “Shirvan OCL”, “Surakhani Oil OC”, “Balakhani OCL” və “Bahar Enerji OCL” kimi şirkət və təşkilatların sifarişlərini yerinə yetirib.
Quyularda aparılan ölçü işləri əsasında neftli-qazlı intervalların seçilməsi zamanı mütəxəssislərimiz tərəfindən verilən rəylərə diqqət bir qədər də artırılıb və bunun nəticəsində verilən rəylərin 94%-i sonrakı perforasiya və sınaq-yoxlama işləri nəticəsində təsdiqlənib ki, bu da çox böyük göstəricidir.
Yerinə yetirilən partlayış-atma işlərinin keyfiyyətini daha da artırmaq məqsədilə beynəlxalq standartlara cavab verən müasir perforator sistemləri alınıb və çoxsaylı quyularda uğurla tətbiq olunub. Cari ilin ötən dövrü ərzində perforasiya işləri üzrə 623 quyuda 840 sifariş yerinə yetirilib.
Mütəxəssislər tərəfindən “Günəşli”, “Neft Daşları”, “Ümid”, “Bulla-dəniz”, “Qərbi Abşeron” və “Qaradağ” sahələrində qazılan quyularda qazmaya geoloji-geokimyəvi-texnoloji və qaz karotaj nəzarət işləri aparılıb. Bu zaman işlərin nəticələri birbaşa onlayn sistemində SOCAR-ın baş ofisinə və sifarişçi təşkilatlara ötürülüb ki, bu da sifarişçi təşkilatlara qazma prosesini birbaşa izləməyə şərait yaradır və quyularda baş vermiş geoloji-texnoloji mürəkkəbləşmələrə operativ müdaxilə etməyə imkan verir.
Bununla yanaşı, “Darvin küpəsi”, “Günəşli”, “Neft Daşları”, “Pirallahı”, “Bibiheybət”, “Buzovna-Maştağa”, “Qala”, “Qaradağ” və “Quşxana” sahələrində qazılan quyularda yataqların işlənməsinə geofiziki üsullarla nəzarət məqsədilə impuls-neytron, neytron-karotaj işləri aparılıb, əlavə neftli intervallar müəyyən edilib. Görülən işlərin uğurla yerinə yetirilməsi nəticəsində nəzərəçarpacaq iqtisadi səmərə əldə edilib ki, bu da sifarişçi təşkilatları razı salıb.
“Mədəngeofizika” İstehsalat Bölümü qazma quyularında geofiziki tədqiqat işlərini yerinə yetirmək üçün qazma vaxtı karotaj kimi ən müasir texnoloji yenilikləri tətbiq edir. Qazma vaxtı karotaj M/LWD işləri Bölümdə 2012-ci ildən başlanıb. Hazırda qazma vaxtı karotaj işləri “Qaradağ” sahəsində qazılan 481, 475 və 488 saylı quyularda aparılıb və quyunun layihələndirilən horizonta çatdırılması üçün proqramlandırılmış əyilməsi işləri tətbiq olunur. İşlər “Compas” proqramı vasitəsilə yerinə yetirilir.
Bölüm 150°C temperaturlu və 150 Mpa təzyiqli quyu şəraitində 1500 mm-dək dəlmə dərinliyinə malik perforatorlarla perforasiya işləri aparmaq imkanlarına malikdir. Cari ilin iyun ayında ilk dəfə “Günəşli” yatağındakı 350 saylı horizontal istiqamətlənmiş quyuda, quyu əyriliyi 76° olan 3068-3110 m intervalında nasos-kompressor boruları ilə endirilən hidravlik atıcı başlıqlı perforatorla müvəffəqiyyətlə dəlmə işləri aparılıb və quyu yüksək debitlə istismara verilib. Bölümün istifadəsində hər ölçüdə istismar kəmərlərində ayırıcı körpülərin qoyulması üçün ən müasir partlayış pakerləri vardır.
Qeyd edək ki, on bir ay ərzində quyularda açıq lülədə 1321, kəmər daxilində isə 1560 sifariş yerinə yetirilib. Karotaj işləri üzrə yerinə yetirilən sifarişlərin ümumi həcmi isə 335 quyu üzrə 2041 olub. Tədqiqat işləri əsasında 5274 lay dəyərləndirilib. Bunlardan 1991 lay neftli-qazlı, 196 lay qalıq neftli, 3034 lay sulu, 47 lay ehtimal neftli-qazlı, 6 lay isə sulaşmış lay kimi qiymətləndirilib.
İşlər müasir cihaz, avadanlıq və proqram təminatının köməyi ilə aparıldığından alınan nəticələr bir qayda olaraq sifarişçiləri razı salıb.
Orxan Vahidoğlu, “İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub