Hazırda IV Şuşa Qlobal Media Forumu çərçivəsində Şuşaya dünyanın 50-dən çox ölkəsindən 160-a yaxın media nümayəndəsi gəlib. Ən vacib məqamlardan biri isə burada müxtəlif ölkələrin media nümayəndələri arasında əlaqələrin necə formalaşdığını öz gözlərimizlə müşahidə etməyimizdir.
“İki sahil” xəbər verir ki, bunu IV Şuşa Qlobal Media Forumunun iştirakçısı, “Beyond Media”nın nümayəndəsi Sergey Şerbakov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, fərqli ölkələrdən, müxtəlif din və mədəniyyətlərdən olan insanlar Şuşada bir araya gəliblər və hər kəs bunun şahididir.
“Düşünürəm ki, cavab elə gözümüzün önündədir və bunun əlavə izaha ehtiyacı yoxdur. Burada olan bəzi şəxslər bir neçə il əvvəl də Şuşaya səfər ediblər. Onlar şəhərin əvvəlki vəziyyəti ilə bugünkü siması arasındakı böyük fərqi aydın şəkildə görə bilirlər. Dörd il ərzində Şuşanın keçdiyi inkişaf yolu həqiqətən təsirlidir. Şəhərin azad edildikdən dərhal sonra necə bərpa olunmağa başladığını və bu gün nə qədər sürətlə inkişaf etdiyini görmək hər kəsdə böyük təəssürat yaradır”, – deyə Forum iştirakçısı vurğulayıb.