44 günlük haqq savaşımızda yağıya qan qusdurub 30 yaşında şəhidlik zirvəsinə ucalan Elyar Elbəyi oğlu Məmmədov indi təkcə bir ailənin yox, bütöv bir xalqın qürur yerinə, iftixar mənbəyinə çevrilib. Biləsuvarın Ağalıkənd kəndində boya-başa çatan bu Vətən sevdalısının şərəfli ölümü əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazılıb. Elyar millətin kimliyini, mənliyini bir daha dünyaya sübut etmək, eləcə Azərbaycanın parlaq gələcəyi naminə müharibə meydanında yağıya qarşı son damla qanınadək mərdliklə döyüşüb. Misilsiz fədakarlığa görə milyonların ürəyinə köç etməklə bərabər, həm də dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın azadlığına görə medallarına layiq görülüb. Onun mənalı həyat yoluna nəzər salanda Vətən sevgisinin hər şeydən uca olduğuna tam inanırsan. Elyar cismən özü işıqlı dünyadan getsə də, adı canından artıq sevdiyi Azərbaycanla qoşa çəkilir.
Məktəbi yüksək səviyyədə bitirən Elyar yurduna dadanmış yağıdan qisas almaq üçün hər şeyi kənara qoyub Vətənə əsgər olub, övladlıq borcunu verməyi ən müqəddəs iş sayıb. Odur ki, ordu sıralarına gedib, cəbhə bölgəsində əyninə hərbi forması geyinib. Və xidmət etdiyi hərbi hissədə bildirib ki, mən buraya erməni dığaların burnunu əzməyə gəlmişə. Arzum da Qarabağımızı azad edib evə qələbə ilə dönməkdir.
Bəli, Elyar nümunəvi xidməti ilə əsgərlərin, zabitlərin sevimlisinə çevrilib. Onun yüksək mədəniyyətinə, əxlaqına, qeyrətinə, mərdliyinə, bacarığına, fəal vətəndaşlıq mövqeyinə heyran qalıblar. Komandirlərin verdiyi bütün tapşırıqlarını qüsursuz, vaxtında yerinə yetirib. Vətən torpaqlarını göz bəbəyim kimi qorumaqla bərabər, təlimlərdə fəalıq göstərib, silahların sirlərinə dərindən yiyələnib və döyüş meydanında yağıya qalib gəlməkdən ötrü daim təcrübəsini , səriştəsini artırıb. Xidməti zamanı ən çox güvənən, inanan əsgər olaraq ad qoyub. Həmçinin əsgər Elyar müqəddəs yurd yerimiz Qarabağın azadlığı naminə birbaşa səngərə, erməni dığalarına qarşı döyüşə can atıb. Dedikləri də belə olub:” Əgər müharibə başlansa ön sırada mən gedəcəyəm və son qarşı Vətən torpağının azad olunacağı günədək erməni dığalarına qarşı döyüşərəm. İnanıram ki, düşmən heç vaxt qeyrətli oğulların qarşısında tab gətirə bilməz. Mütləq qələbə bizim olacaq”.
Əsgərlikdən sonra Elyar Məmmədov bir müddət el-obada yaxşı işləri, xeyirxah əməllərlə dərin hörmət, nüfuz qazanıb. Onun gördükləri, etdikləri çoxu üçün sevinc olub. Xalqına fayda vermək, insanlara təmənnasız xidmət etmək onun həyat amalı dönüb. Həmçinin Qarabağın işğalı da Elyarı həmişə narahat edib. Ürəyində, qəlbində dolaşan vətənpərvərlik hissi onu cəbhə bölgəsinə çəkib aparıb. Məhz buna görə də 2020-ci ilin sentyabrın 27-də erməni işğalçılarının hücumları nəticəsində alovlanan müharibəyə könüllü qatılıb, Füzulinin, Cəbrayılın uğrunda gedən döyüşlərdə odlardan, alovlardan keçərək misilsiz şücaət göstərib. Neçə-çeçə ağır qanlı savaşda erməniləri ciddi itkilərə məruz qoyub. 27 oktyabra kimi həmişə öndə olmaqla qəsbkarlara qarşı cəsarətlə vuruşub. Qana susamış düşməni öz qanında boğmaqla istədiyi qisasını onlardan ala bilib. Çox təəssüflər olsun ki, Biləsuvar elinin igid, qorxmaz, qeyrətli oğlu Elyar Məmmədov növbəti döyüşlərdə düşmən atəşinin hədəfinə tuş gəlib. Müdafiəsinə atıldığı Qarabağ torpaqları uğrunda son nəfəsinədək vuruşaraq şəhid olub. Bununla da Vətənə olan ilahi sevgisini torpağa axıtdığı qızıl qani ilə möhürləyib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri dünyaya örnəkdir - Türkiyə-Azərbaycan
Müasir universitet müəllimi həm fəal tədqiqatçı, həm də yüksək pedaqoji səriştəyə malik mütəxəssis olmalıdır - MÜSAHİBƏ