KÖŞƏ

Qvami Məhəbbətoğlu

Sülhə badalaq vuranlar

01 oktyabr 2026 23:58
113

Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması üçün son dövrdə mühüm siyasi addımlar atılıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanması bu prosesin əsas mərhələlərindən biri olub. Lakin sülh yalnız belə sənədlərlə yekunlaşmır.

Sülhün davamlı xarakter alması üçün onun siyasi, hüquqi, iqtisadi və ictimai əsasları möhkəmləndirilməlidir. Bunun üçün isə tərəflərin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, qarşılıqlı etimadın gücləndirilməsi, düşmənçilik ritorikasından uzaqlaşması və keçmiş münaqişənin yeni nəsillərin siyasi düşüncəsinə daşınmaması vacibdir. Yəni, bu istiqamətdə mütəmadi əməli işlər aparılmalıdır. Amma Ermənistanda bu prosesə badalaq vurmaq, daha doğrusu, revanşist düşüncələri siyasi gündəmdə saxlamaq istəyənlər kifayət qədərdir. Bu məsələdə Erməni Apostol Kilsəsi lap öndə gedir. Belə ki, II Qaregin yerli-yersiz tarixin zibilliyinə atılmış xunta rejimindən, Qarabağdan könüllü köçmüş insanlardan, Azərbaycanda barələrində məhkəmə qərarı çıxarılmış erməni hərbi canilərindən özünəməxsus “fakt”larla danışır və əhalini öz tərəfinə çəkməyə çalışır. Halbuki baş nazir Nikol Paşinyan və onun hakimiyyətinin nümayəndələri bu kimi məsələlərin gündəlikdən çıxarıldığını dəfələrlə bəyan ediblər. Üstəlik, kilsə Bakı ilə İrəvan arasında sülh gündəliyinin irəlilədiyi bir vaxtda ölkə daxilində revanşist qüvvələrin – Samvel Karapetyanın, Serjik Sarkisyanın, Robert Koçaryanın, Vardan Oskanyanın və digərlərinin mövqelərini də müdafiə etməkdə davam edir. Bəli, hazırda görünən odur ki, Ermənistan–Azərbaycan münasibətlərində yeni səhifə açılmağa çalışıldığı bir vaxtda onlar köhnə səhifələri bağlamaq niyyətində deyillər. Şübhəsiz, bu məsələdə xarici qüvvələr də müəyyən rol oynayır. Hətta Ermənistanın “Xristian-Demokratik” partiyasının sədri Levon Şirinyan deyib ki, Rusiya Paşinyanı devirməkdə, bütün ermənilərin katolikosu II Qareginin və ya onun qardaşı Yezras Nersisyanın Ermənistanda hakimiyyətə gəlməsində maraqlıdır. Elə bu kimi səbəblərdən erməni ilahiyyatçı Harutyun Harutyunyan erməni kilsəsinin rəhbərinin Rusiyanın agenti olduğunu bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, Ktriç Nersisyan (II Qaregin) artıq bütün ermənilərin katolikosu deyil. Hətta Alen Simonyan ona öz dini adı II  Qaregin kimi yox, dünyəvi adı Ktriç Nersisyan kimi xitab edib. Şübhəsiz, bunu ölkədə kilsə ilə hakimiyyət arasındakı qarşıdurmanın hansı həddə çatdığını göstərən nümunələrdən biri kimi dəyərləndirmək olar. Baş nazir Paşinyan isə II Qareginin yola salınması üçün bütün mümkün tədbirlərin görüləcəyini bir daha bəyan edib.

Bir tərəfdən də ABŞ senatorları - Demokratlar Partiyasının Vermontdan olan nümayəndəsi Piter Uelç, Şimali Karolinanı Respublikaçılar Partiyasında təmsil edən Tom Tillis və daha bir demokrat, virciniyalı Tim Keyn də bu günlərdə sərsəmləyiblər. Hətta ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının pul kisələrindən asılı olan bu üçlük ABŞ Dövlət katibi Marko Rubioya bu məsələlərlə əlaqədar müraciət də ünvanlayıb.

Hazırda Azərbaycan və Ermənistan arasında “soyuq sülh”ün hökm sürdüyünü bildirən erməni konfliktoloq Hrayr Palyan bu günlərdə bildirib ki, ən kiçik səbəb belə müharibənin yenidən başlamasına gətirib çıxara bilər. Amma bütün bunları bütövlükdə erməni cəmiyyətinin düşüncəsi kimi təqdim etmək doğru olmaz. Unutmaq olmaz ki, iyunun 7-də keçirilmiş parlament seçkilərində erməni seçicilərin böyük hissəsi sülh, sabitlik və normal qonşuluq siyasətinin davam etdirilməsinə səs verib. Azərbaycana gəldikdə isə, rəsmi Bakı əməli işləri ilə sülh gündəliyinə sadiqliyini, regional inteqrasiyanın tərəfdarı olduğunu dəfələrlə  ortaya qoyub. Bu gün də ölkəmiz normallaşma prosesinin yalnız bəyannamələr müstəvisində qalmaması, real həyatda və praktikada öz əksini tapması üçün həm iqtisadi, həm də humanitar sahələrdə ardıcıl addımlar atmaqda davam edir. Bu da beynəlxalq aləm tərəfindən təqdir olunur.