14 iyul 2026 10:30
160

Molla Pənah Vaqif necə eşik ağası oldu?..

Azərbaycan realist ədəbiyyatının görkəmli nümayəndələrindən biri və dövlət xadimi, şeirləri sevilə-sevilə oxunan Molla Pənah Vaqifin xatirəsi xalqımızın yaddaşında yaşayır və yaşayacaq. Şair təlatümlü bir dövrdə, feodal müharibələrinin arası kəsilmədiyi zamanda yaşamış, çətinliklərlə dolu həyat yolu keçmişdir. Deyilənlərə görə, təxminən 1759-cu ildə Qazaxda baş verən dağıdıcı feodal müharibələrindən təngə gəlmiş bir çox ailələr, o cümlədən Molla Pənah köçüb Tərtərbasara (indiki Tərtər rayonu) gəlir. İndi də qocaların Yetim Sarıcalı adlandırdıqları kənddə məktəbdarlıqla məşğul olur, uşaqlara yazmaq-oxumaq öyrədirmiş.

...Belə nəql edirlər ki, bir çoban sürünü yaxşı qoruyan güclü və sərvaxt itinə dua yazdırmaq üçün molla hesab etdiyi Vaqifin yanına gəlir. Çoban molla hesab etdiyi Vaqifə dua yazmaq haqqı olaraq bir yağlı qoyun cəmdəyi də gətirir. Molla Pənah bilir ki, itə dua yazmaq olmaz, din qadağan edir, lakin yağlı qoyun ətindən də keçmək istəmir. Odur ki, ərəbcə bir bənd məzəli şeir yazıb verir çobana, özünə də tapşırır ki, duanı heç kəs oxumasın. Çoban kağızı göy parçaya büküb itin boynundan asır. Qəribə hadisə tezliklə yayılır. Elə olur ki, duanı İbrahimxəlil xana gətirirlər. Xan duanı göy parçadan çıxartdırıb oxutdurur və özünü uğunub getməkdən saxlaya bilmir.  Xana yəqin olur ki, bu adam kimdirsə ağıllı və savadlıdır. Əshabələrinə tapşırır ki, onu tezliklə tapıb saraya gətirsinlər. İbrahimxəlil xan Molla Pənahı qəbul edib onunla xeyli söhbətləşir. Xanda fikir yaranır ki, dünyanın gedişatından yaxşı xəbərdar olan bu adamdan bacarıqlı eşik ağası (o zamankı xarici işlər naziri) olar. Beləliklə, Vaqif saraya gəlir, xanlığın idarə olunmasında fəal iştirak edir, özünü bacarıqlı diplomat kimi təsdiq edir. O, Rusiya və Gürcüstan çarları ilə xanlıq arasında dinc münasibətlərin nizamlanmasına nail olur.   Xanlığın dinc dövrü İran şahı müstəbid Ağa Məhəmməd şah Qacarın Azərbaycana hücumu ilə pozulur.

Molla Pənah Vaqif diplomatik işlə bərabər poeziya yaradıcılığını da davam etdirirdi. Onun əsasən gözəllərə, məhəbbətə, ictimai həyata həsr etdiyi qoşmaları xalq arasında sevilir, dildən-dilə düşür. Xanəndələr, aşıqlar onun şeirlərini el məclislərində ifa edir, könülləri musiqili-poetik ifaları ilə xoşnud edirdilər. Xalq arasında şairin “Pəri” qoşmasının son bəndini bilməyən yox idi, desək, mübaliğə olmaz.

Günəş təki hər çıxanda səhərdən,

Alırsan Vaqifin əqlini sərdən,

Duaçınam, salma məni nəzərdən,

Əskik olmayasan sənadan Pəri.

Və ya:

Sevdiyim, ləblərin yaquta bənzər,

Sərasər dişlərin dürdanədəndir,

Sədəf dəhanından çıxan sözlərin

Hər biri bir qeybi-xəzanədəndir.

Lakin xoş günlər uzun sürmədi. Qüdrətli poeziya sərkərdəsinin həyatı faciəli sonluqla bitdi...

1797-ci ildə Şuşaya hücum edən İran hökmdarı Ağa Məhəmməd şah Qacar orada sui-qəsdlə öldürüldü. Onun qoşunu Qarabağdan geri çəkildi. Bunu görən İbrahimxəlil xanın kiçik qardaşı Mehrəli bəyin oğlu Batmanqılınc Məhəmməd bəy xanın Dağıstanda olmasından istifadə edərək hakimiyyəti ələ keçirdi. Məhəmməd bəy hakimiyyəti öz əlində saxlamaq üçün əmisinin ən yaxın tərəfdarlarını öldürməyə başladı. Məhəmməd bəy Molla Pənah Vaqifi və onun oğlu Əli bəyi gizli olaraq edam etdirdi. Vaqifi Şuşada böyük təntənə ilə dəfn etdilər. Xalq yasa batdı.  Məzarının üstündə kiçik bir məqbərə tikildi ki, bura da sonradan ziyarətgaha çevrildi.

Beləcə təxminən yüz səksən il müddətində böyük şairin ruhuna və məzarına dövlət qayğısı göstərilmədi. Lakin Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra Şuşada şairin adını əbədiləşdirən böyük və yaraşıqlı məqbərə ucaldıldı.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb. Bu, görkəmli şairin ruhuna ən böyük ehtiram idi. Dahi dövlət xadiminin və siyasətçinin tapşırığı ilə Vaqif Poeziya Günlərinin mütəmadi olaraq keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı...

Ümummilli Liderimizin qoyduğu gözəl ənənə bu gün də davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun möhtəşəm Qələbəsi nəticəsində Şuşa şəhəri erməni işğalından azad olunduqdan sonra şairin məqbərəsi yenidən təmir və bərpa olunub. Vaqif Poeziya Günləri yenidən doğma yurdunda-Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb. Bu günlərdə böyük şairin xatirəsi anılacaq zəngin tədbirlər planı həyata keçiriləcək. Azərbaycan və xarici ölkə şairlərinin, yazıçılarının, ədəbiyyatşünas alimlərinin iştirak edəcəyi poeziya məclisi əsl sənət bayramına çevriləcək. Ölkə ictimaiyyəti böyük coşqu ilə bu bayrama hazırlaşır.

Vəli İlyasov, “İki sahil”