Dövlətimizin başçısı İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa rayonunun Kiçik Qaladərəsi, Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinin sakinləri ilə görüşündə bir daha bildirdi ki, son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmamışdır
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu fikri daim xüsusi qeyd edir ki, Böyük Qayıdış Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır.
Azərbaycanın tarixi Zəfərindən dərhal sonra başladığı bərpa-quruculuq işlərinin miqyası mərhələli şəkildə doğma yurd-yuvasına qayıdan soydaşlarımızın say tərkibində, həmçinin qayıdış ünvanlarının davamlı olaraq atmasında özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı ilk gündən bu çağırışı etdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək.
Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 90 mindən çox insan yaşayır.
Hədəfə doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata keçirilir, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev hər zaman hədəflərdən bəhs edərkən bildirir ki, bu ərazilərdə yüksək yaşayışın təmin edilməsi üçün bütün zəruri olan addımlar atılacaq. Bu gün Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, o torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.
Azad edilmiş ərazilərimizə qayıdışın miqyası genişləndikcə bu torpaqların malik olduğu iqtisadi imkanlardan səmərəli istifadənin prioritetliyi məsələsi daha da aktuallaşır. Dövlətimizin başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərə diqqət yetirdikdə məqsəd, hədəf özünü aydın şəkildə göstərir. Azad edilmiş ərazilərimizin hər biri özünəməxsus imkanlara malikdir. Onlardan səmərəli istifadə etməklə həm bu ərazilərdə yaşayan soydaşlarımızın sosial müdaıiəsini gücləndirmək mümkündür, eyni zamanda, Azərbaycanın dayanıqlı inkişafına davamlı töhfələrin veriləcəyi qaçılmazdır. Tarixi Zəfərimizdən dərhal sonra iqtisadi rayonların bölgüsünün yenidən aparılması ilə bağlı Fərman imzalanmasında, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi biri-birindən mühüm addımların atılmasında da məqsəd bu bölgənin imkanlarından səmərəli istifadə etməkdir. Artıq neçə illərdir dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsini qarşıya prioritet məsələ kimi qoyub. Bununla bağlı rayonlara görə ixtisaslaşma həyata keçirilib. Azad edilmiş ərazilərimizi də bu ixisaslaşmış ərazilərimiz sırasında qeyd edə bilərik.
Prezident İlham Əliyev iyulun 11-də azad Qarabağa və azad Şərqi Zəngəzura səfər etdi. Laçında “Həkəriçay” su anbarının təməlinin qoyulmasında iştirak edən cənab İlham Əliyevə məlumat üçün bildirildi ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. “Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.
Qeyd edək ki, “Həkəriçay” su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.
Prezident İlham Əliyev, həmçinin Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak etdi. Müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında qurulan, SCADA sistemləri ilə təchiz edilən bu üç su elektrik stansiyası ölkənin vahid enerji sisteminə inteqrasiya olunaraq il ərzində ümumilikdə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisinin istehsalına imkan verəcək. Nəticədə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə təxminən 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.
Səfərin davamı olaraq Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında, eyni zamanda “Xankəndi” hotelinin açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə, Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu. Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı 10 bina inşa edilib. Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib. Bu layihənin icrası ilk növbədə tarixi şəhərimiz və mədəniyyət paytaxtımız olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir. Binaların inşası şəhərin gözəlliyinə əlavə rəng qatır, burada aparılan bərpa-yenidənqurma işlərinin həcmini göstərir. Bu, eyni zamanda, Şuşanın iqtisadi həyatının canlanmasına, şəhərin sakinlərinin və qonaqlarının rahatlığının təmin olunmasına da töhfə verir. Layihə həm də Azərbaycanda dövlət-özəl tərəfdaşlığının yüksək səviyyədə qurulduğunu aydın şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyev Qarabağın, Şərqi Zəngəzurun cənnətə çevrilicəyini bəyan etməklə yanaşı, bu reallığı da xüsusi vurğulayır ki, bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq yaradılmaqla bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Doğma yurd-yuvasına qovuşan soydaşlarımız onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura budəfəki səfəri zamanı Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldu və kəndə qayıdan sakinlərlə görüşdü. “Uzun illər siz Vətən həsrəti ilə yaşamısınız müxtəlif yerlərdə. Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız” deyən cənab İlham Əliyev vurğuladı ki, Qaladərəsi kəndi 3 il bundan əvvəl - 2023-cü ilin sentyabr ayında azad edildi. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində əminəm ki, o vaxt hələ işğal altında qalmış ərazilərdə yaşamış insanlar da ümid edirdilər ki, gün gələcək biz bu torpaqlara qayıdacağıq. Dövlətimizin başçısı bu çağırışı da etdi ki, hər zaman bilməliyik ki, gec-tez ədalət öz yerini tutacaq. Sadəcə olaraq, iradə lazımdır, güc lazımdır, birlik lazımdır. Xalqımız bütün bu ülvi xüsusiyyətlərini nümayiş etdirdi. Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. Qələbəmizin əsas səbəbi də budur. Yumruq həm də birliyin, gücün rəmzidir. Hər ikisini də biz nümayiş etdirdik.
Prezident İlham Əliyev səfər çərçivəsində, həmçinin Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində oldu və hər iki kəndə qayıdan sakinlərlə görüşdü. Güneyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl sakinlər əsasən heyvandarlıq, üzümçülük və əkinçiliklə məşğul olub. Burada 2 məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət evi, klub, kitabxana, idman kompleksi, çörək istehsalı müəssisəsi və rabitə şöbəsi fəaliyyət göstərib. Kənddə ümumilikdə 549 fərdi ev var. Onlardan da 170-i yararsız, 379-u qismən yararlıdır. Artıq 50 ev istismara hazırdır, 147 evdə təmir işləri davam edir. Digər 182 evin isə təmir-bərpası ilə bağlı hazırlıq işləri gedir. Bir neçə gün əvvəl kəndə 18 ailə (72 nəfər) qayıdıb. Quzeyxırman isə Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. 1992-ci ildə işğal olunan kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. İşğaldan əvvəl kənd sakinləri üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olublar. Burada orta məktəb, uşaq bağçaları, klub, kitabxana fəaliyyət göstərib. Quzeyxırman kəndində 447 fərdi ev var. Onlardan da 65-i yararsız, 382-si qismən yararlıdır. 244 evdə təmir-bərpa işləri aparılır və bunlardan da 100-ü artıq istismara hazırdır. Digər 144 evdə görülən işlər növbəti aylarda yekunlaşacaq. Qalan 138 evdə isə təmir-bərpa işlərinə hazırlıq görülür. Bir neçə gün əvvəl kəndə ilkin mərhələdə 21 ailə (87 nəfər) qayıdıb. Sakinlərlə görüşündə cənab İlham Əliyev bir daha bildirdi ki, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Demək olar ki, hər həftə olmasa da, hər ay bir qrup keçmiş köçkün öz doğma torpağına qayıdır, yerləşir, dövlət tərəfindən belə gözəl evlərlə təmin edilir. Burada iş şəraiti gözəldir, yaşamaq üçün gözəl şərait var. Gözəl mənzərəli, səfalı yerlərdir. Suyu var, təmiz havası var. Torpağı da münbitdir: “Siz qarabağlılar da yaxşı bilirsiniz ki, buranın çox gözəl torpağı var. Əkib-becərmək, maldarlıqla məşğul olmaq, yəni ölkəmizi gücləndirmək, Qarabağı çiçəkləndirmək – hamımızın işidir.”
“Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır” söyləyən Prezident İlham Əliyev bildirdi ki, son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır. Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, öz dədə-baba ənənələrimizə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altında idi, insanlarımızın böyük hissəsi qaçqın-köçkün şəraitində yaşayırdı, ancaq bizim iradəmiz sınmadı. İnanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqlara torpaqların sahibləri kimi qayıdacağıq. Buna nail olmaq üçün əlbəttə ki, bütün xalq birləşməli idi və birləşdi də. İkinci Qarabağ müharibəsi bunu əyani şəkildə bütün dünyaya göstərdi. Əlbəttə, bu birlik uzun illər ölkəmizi gücləndirirdi və addım-addım, hər gün biz bu şanlı Qələbəyə doğru irəliləyirdik. Hərə öz yerində bu tarixi günü yaxınlaşdırırdı: “Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq. Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir. İkinci Qarabağ müharibəsi və ondan 3 il sonra antiterror əməliyyatı, bir daha deyirəm, bütün dünyaya xalqımızın nəyə qadir olduğunu göstərdi. Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmamışdır, özü də cəmi 44 gün ərzində.”
Bu gün artıq şanlı Zəfərimizdən təxminən 6 il keçir. Bu torpaqları bərpa edirik. Ermənistan dövləti torpaqlarımızı talan edib, viran qoyub. Biz isə qurub-yaradırıq, şəhərlər, kəndlər dirçəlir. Bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Cənab İlham Əliyevin virğuladığı kimik, bəziləri istəməsələr belə, bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik. Bu gün azad edilmiş torpaqlarda 90 mindən çox insan yaşayır, çalışır, təhsil alır və hər ay onların sayı artır və artacaq.
Bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz bununla həm iqtisadi və maliyyə imkanlarını dünyaya təqdim edir, eyni zamanda, qurucu xalq olduğumuzu təsdiqləyirik. Böyük Qayıdış Proqramı çərçivəsində görülən işləri sadalamaqla bitməz. Bunlar davamlıdır. Bu torpaqlarda soydaşlarımızın yüksək səviyyədə yaşayışını təmin etmək üçün zəruri olan bütün tədbirlər görülür. Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinin fonunda şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim etdi. Sessiyadakı çıxışında 30 illik işğal dövründə torpaqlarımızın tamamilə dağıdıldığını, yerlə-yeksan edildiyini iştirakçıların diqqətinə çatdıran cənab İlham Əliyev bu reallıqları xüsusi vurğuladı ki, beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.
Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır: “Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar.”
Yeganə Əliyeva, “İki sahil”