14 iyul 2026 17:45
177

Azərbaycanın Avropa Şurasından çıxması ölkəmiz üçün ciddi dəyişiklik yaratmayacaq - ŞƏRH

Əgər AŞPA ikili standartlardan, qərəzli yanaşmalardan əl çəkərsə, o zaman bu təşkilatla münasibətləri davam etdirmək olar. Həmçinin Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa olunarsa, nümayəndə heyəti təşkilatdakı fəaliyyətinə qayıda bilər

Azərbaycanın müstəqil siyasət yürütməsi, regional və qlobal proseslərdə rolunun gündən-günə artması, beynəlxalq nüfüzunun güclənməsi, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi Qərbdəki bəzi “klassik” islamofob, Azərbaycanofob dairələri, ermənipərəst qüvvələri ciddi narahat edir. Ölkəmizin uğurlu diplomatik gedişləri ilə xarici siyasətdə böyük üstünlüklər qazanması, milli və dövlətçilik maraqları ilə bağlı qəti və prinsipial mövqe sərgiləməsi, bölgəni mehriban qonşuluq, sülh, əməkdaşlıq məkanına çevirmək üçün ciddi səylər göstərməsi məlum dairələri, xüsusilə də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) anti-Azərbaycan üzvlərini hədsiz dərəcədə qıcıqlandırır.

İkili standartlar, ədalətsiz çağırışlar və qərəzli qətnamələr beynəlxalq müstəvidə getdikcə əhəmiyyətini itirən bu təşkilatın deqradasiyaya uğramasına səbəb olub. Çağdaş dünyada gedən proseslərə təsir etmək gücündə olmayan, qərəzli siyasi sifarişləri yerinə yetirən AŞPA-nın uzun illərdən bəri Azərbaycanı hədəf seçməsi bir daha təsdiq edir ki, bu qurum bəzi güc mərkəzlərinin gesosiyasi maraqlarına xidmət edən qərəzli platformadır.

Bildiyimiz kimi, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olması ölkənin Avropa institutları ilə əməkdaşlığının genişlənməsi, insan hüquqları, demokratiya və hüququn aliliyi sahəsində dialoqun inkişafı baxımından mühüm addım hesab olunurdu. Azərbaycannın beynəlxalq səviyyədə tanınmış torpaqlarını 30 il işğal aldtında saxlayan təcavüzkar Ermənistana qarşı heç bir siyasi və hüquqi addım atmayan təşkilatın daim ermənipərəst, islamofob, türkofob dairələrin tribunasına çevrilməsi inkaredilməz həqiqətdir. Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra AŞPA-nın ölkəmizə qarşı uzun illərdən bəri davam etdirdiyi qərəzli kampaniyanı daha da gücləndirməsi bunun əyani təsdiqidir.

AŞPA-nın 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməməsi və ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalar qərəzli, islamofob və beynəlxalq hüquqa zidd ikili standartlar siyasətinin bariz nümunəsidir. Şübhəsiz, bu qərar insan hüquqları ilə deyil, Azərbaycanın 2023-cü ildə Qarabağda keçirdiyi hərbi əməliyyatlarla bağlı idi. Buna görə də o zaman Azərbaycan nümayəndə heyəti Assambleyada fəaliyyətini dayandırdığını açıqlamışdı.

Ölkəmizə qarşı qərəzli mövqe tutan, əsassız iddialar səsləndirən, davamlı olaraq qeyri-obyektiv yanaşma nümayiş etdirən, məkrli, qərəzli və ikili standartlara əsaslanan fəaliyyətini davam etdirən AŞPA hələ də öz çirkin xislətindən əl çəkə bilmir. Heç kimə sirr deyil ki, “insan haqları”, “demokratiya” və s. ifadələri bəzi Qərb dairələrinin leksikonunda siyasi dəyənək rolunu oynayır. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldir. Lakin onlar unudurlar ki, beynəlxalq təşkilatlarla münasibətlərini milli maraqlar üzərində quran Azərbaycan ilə təzyiq dilində danışmaq heç bir nəticə verməyəcək. Bunu AŞPA-dakı erməni lobbisinin sifarişlərini yerinə yetirənlər də birmənalı şəkildə anlamalıdırlar. Bu baxımdan, belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi, öz növbəsində, Azərbaycanı AŞPA ilə əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşündürməyə də əsas verir. Bütün bunların fonunda Azərbaycanın Avropa Şurasını tərk etməkdən başqa çıxış yolu da qalmır. Prezident İlham Əliyev iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında bu məsələyə toxunaraq bildirib ki, Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir: “Açıq şəkildə deyirəm ki, Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir. Nəinki üzvlüyümüzün dayandırılması, dondurulması, birmənalı olaraq həmin təchizatdan getməyimizi nəzərdən keçiririk. Avropa Şurasının Parlament Assablemsiyasına vaxtı ilə başqa bir mənzərə vardı. Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Vaxtilə mən 2001-ci ildə Azərbaycan parlamentində üzv olduqda nümayəndə heyətinə rəhbər idim. İki il orada çalışdım. Orada il ərzində 4 sessiya keçirildi. Mənim üçün bu, xoşagəlməz hadisəsi idi. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək separatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər. 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyanı sual altına çəkdilər və səsvermə hüququndan məhrum etdilər. Bu, sırf insan hüquqları ilə bağlı məsələ deyildi. Onunla bağlı olsaydı daha əvvəldən edərdilər. Bu, sadəcə bizimlə, ərazi bütövlüyümüzlə bağlı bir cəza idi. Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul elədi. Onlar görüşlərdə iştirakdan imtina etdilər. Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq?!”.

 Bu gün dövlətimizin başçısının müdrik diplomatiyası nəticəsində beynəlxalq birliyin fəal üzvünə çevrilən Azərbaycan uğurlu əməkdaşlıq nümunəsinə çevrilib. Ölkəmiz artıq 200-ə yaxın dövlətlə diplomatik münasibətlər qurub, dünyanın müxtəlif ölkələrində 90-dan çox diplomatik nümayəndəlik vasitəsilə təmsil olunur. Respublikamız 50-dən artıq beynəlxalq və regional təşkilatın tamhüquqlu üzvü kimi həmin qurumlarda faəliyyətini uğurla davam etdirir. Əgər AŞPA ikili standartlardan, qərəzli yanaşmalardan əl çəkərsə, o zaman bu təşkilatla münasibətləri davam etdirmək olar. Həmçinin Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa olunarsa, nümayəndə heyəti təşkilatdakı fəaliyyətinə qayıda bilər. Bir məqamı da unutmasınlar ki, Azərbaycanın AŞPA-dan çıxması ölkəmiz üçün ciddi dəyişiklik yaratmayacaq.

Zahid Rza, “İki sahil”