14 iyul 2026 18:22
138

Şuşa artıq təkcə Qələbənin deyil, qlobal dialoqun da ünvanıdır - TƏHLİL

Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər regional əməkdaşlıqdan qlobal siyasətə qədər bir sıra mühüm məsələlərə Azərbaycanın baxışını ortaya qoydu

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa son illərdə təkcə tarixi və mədəni irsin qorunduğu şəhər kimi deyil, həm də beynəlxalq siyasi dialoqun, qlobal media əməkdaşlığının və mühüm geosiyasi müzakirələrin aparıldığı platforma kimi tanınır. İyulun 13-də keçirilən IV Şuşa Qlobal Media Forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan Forum bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq informasiya məkanında söz sahibi olan ölkələr sırasında yer alır.

Forumun Şuşada keçirilməsi təsadüfi seçim deyil. İşğaldan azad olunmuş şəhərin qısa müddətdə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa, quruculuq və inkişaf siyasətinin real nəticələrini nümayiş etdirir. Bu gün Şuşa yalnız mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq əməkdaşlığın və siyasi dialoqun ünvanına çevrilib.

Dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirakı ilə keçirilən Forum həm iştirakçıların coğrafiyası, həm də müzakirə olunan mövzular baxımından geniş beynəlxalq əhəmiyyət daşıyır. Bu, Azərbaycanın beynəlxalq etimad qazanan platformalar yaratmaq imkanlarının getdikcə genişləndiyini göstərir.

Forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı isə həm regional, həm də beynəlxalq gündəmə dair mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı çıxışında Azərbaycanın xarici siyasət kursu, regional əməkdaşlıq, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi, ABŞ və Türkiyə ilə münasibətlər, həmçinin postmünaqişə dövründə formalaşmış yeni geosiyasi reallıqlarla bağlı fikirlərini bölüşdü.

Coğrafi üstünlükdən geosiyasi üstünlüyə gedən yol

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına toxunaraq bildirdi: "Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq".

Bu fikir Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən birini əks etdirir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat layihələri, enerji marşrutları və rəqəmsal bağlantılar ölkəmizin geostrateji əhəmiyyətini daha da artırır. Hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında əməkdaşlığın genişlənməsi istiqamətində həyata keçirilən layihələr Azərbaycanın regional inteqrasiyada rolunu gücləndirir.

Strateji müttəfiqlikdən daha artıq münasibət

Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin də xüsusi əhəmiyyətini vurğuladı: "Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük".

Bu fikirlər iki qardaş ölkə arasında münasibətlərin yalnız strateji tərəfdaşlıq səviyyəsində deyil, həm də ortaq tarixə, mədəniyyətə və qarşılıqlı etimada söykəndiyini bir daha nümayiş etdirir. Son illərdə müdafiə, enerji, nəqliyyat, iqtisadiyyat və humanitar sahələrdə əldə olunan nəticələr də bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.

Ədalətsiz 907-ci düzəlişə qarşı yeni siyasi arqumentlər

Prezident İlham Əliyev Forumdakı çıxışında Azərbaycan-ABŞ münasibətlərinə də toxunaraq diqqəti uzun illər ölkəmizə qarşı tətbiq olunan 907-ci düzəliş barədə mühüm məqamlara yönəltdi:

"Azadlığa Dəstək Aktı ABŞ Konqresi qəbul olunanda Sovet İttifaqının süqutundan sonra yeni müstəqil ölkələrə maliyyə yardımının göstərilməsi ilə bağlıdır. 907-ci düzəliş isə ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. Yeri gəlmişkən, Prezident Bayden onlardan biridir, o, həmin vaxt senator idi. Bu səbəbdən biz Bayden administrasiyası vaxtında bu qədər çətinliklərlə üzləşdik".

Prezident çıxışında 907-ci düzəlişin artıq müasir geosiyasi reallıqlara uyğun gəlmədiyini də xüsusi vurğulayıb və bildirdi: "Azərbaycan və Ermənistan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar. Sonra isə Azərbaycan Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırdı".

Dövlət başçısı əlavə etdi ki, Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 min tondan artıq müxtəlif yük daşınıb. Azərbaycan özü də Ermənistana neft məhsullarının təchizatına başlayıb və artıq 10 min tondan çox məhsul daşınıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün bunlar 907-ci düzəlişin tamamilə köhnəldiyini və ləğv edilməsinin zəruriliyini göstərir.

Vaşinqtonla münasibətlərdə yeni mərhələ

Forumda ABŞ ilə münasibətlərin hazırkı vəziyyətinə də toxunan Prezident İlham Əliyev dedi: "Prezident Trampla tarixi görüşümüz ötən ilin avqustunda Vaşinqtonda baş tutdu. Daha sonra isə bu ilin yanvarında biz Davosda yenidən görüşdük. Onlar Prezident Trampın qurucusu olduğu Sülh Şurasının təsisedici bir üzvü kimi də Azərbaycanı dəvət edib. Daha sonra isə Vitse-prezident Vens Azərbaycana səfər etdi, biz strateji tərəfdaşlığın qurulması ilə bağlı bəyannaməyə imza atdıq. Bir çox digər meyarlar nümayiş etdirir ki, münasibətlərimiz hazırda pik səviyyəsindədir. Biz heç vaxt belə münasibətlərə nail olmamışdıq".

Bu bəyanat Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətində yeni mərhələnin başlandığını göstərən mühüm mesajlardan biri kimi qiymətləndirilə bilər.

Keçmişin dərsləri və yeni regional reallıq

Prezident İlham Əliyev çıxışında uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə də toxundu: "Təəssüf ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyasının ovaxtkı Minsk qrupunun həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin dondurulmasından ibarət idi. Azərbaycanın əraziləri azad edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi ki, bunu onların özləri də qəbul etmişdilər. Məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana, müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə etmək idi".

Bu fikirlər Azərbaycanın uzun illər beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəyişmədiyini və regionda formalaşan yeni reallığın məhz ölkəmizin siyasi iradəsi nəticəsində yarandığını bir daha ortaya qoyur.

IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Şuşa artıq yalnız Azərbaycanın tarixi Qələbəsinin simvolu deyil, eyni zamanda, beynəlxalq dialoqun, media əməkdaşlığının və qlobal gündəmin müzakirə olunduğu mühüm platformadır. Burada səsləndirilən mesajlar Azərbaycanın xarici siyasət prioritetlərini, regional əməkdaşlığa verdiyi önəmi və beynəlxalq münasibətlər sistemində artan rolunu aydın şəkildə əks etdirdi.

Forumun nəticələri həm də onu da göstərir ki, Azərbaycan artıq qlobal proseslərin passiv müşahidəçisi deyil, onların formalaşmasında iştirak edən və beynəlxalq gündəliyə təsir göstərən dövlətlərdən birinə çevrilib. Şuşada keçirilən bu kimi tədbirlər isə ölkəmizin  siyasi nüfuzunun, diplomatik imkanlarının və beynəlxalq etimadının getdikcə möhkəmləndiyini bir daha təsdiqləyir.

Nigar Orucova, "İki sahil"