Ramiz Qasımov – 50
...Bu günə qədər neçə-neçə tanınmış şəxsiyyət haqqında oçerklər qələmə almış, onların elmi və bədii irsinə resenziyalar həsr etmişəm. Hər dəfə qələmim faktlara söykənmiş, düşüncələrim elmi meyarlarla cilalanmışdır. Lakin bu gün əlimə qələm alarkən tamam başqa bir duyğular aləminə qədəm qoyuram. Bu dəfə yazdığım sətirlər təkcə düşüncəmin deyil, ömrümün, xatirələrimin və taleyimin səsinə çevrilir. Çünki bu yazının qəhrəmanı haqqında yalnız bir alim, bir həmkar kimi deyil, ömrünün yarısını onunla bölüşmüş həyat yoldaşı kimi danışıram. Çünki bəzi insanlar haqqında yazmaq sadəcə qələmin işi deyil – ürəyin, yaddaşın və minnətdarlığın ən saf, səmimi ifadəsidir... burada hər söz yaşanmış bir xatirənin, hər cümlə isə bir ömrün izini daşıyır. İnsan həyatında çox az olur ki, sevinci, qüruru və həyəcanı - bu üç hissi bir arada yaşasın. Bu gün o gündür... Çünki bu dəfə yazdıqlarım təkcə tanınmış bir alimin ömür yoluna deyil, həm də ömrümün ən qiymətli həmsəfərinə ünvanlanır. Uzun zamandır səbirsizliklə gözlədiyim bu günü – Ramiz müəllimin 50 illik yubileyi münasibətilə yazacağım məqalədə onun zəngin elmi fəaliyyətini, yüksək insani keyfiyyətlərini, sevgi dolu atalığını, nümunəvi ömür-gün yoldaşı olmasını, əvəzsiz iş həmkarı və ən yaxın dostluğunu eyni səmimiyyət və məsuliyyətlə ifadə etmək istəyirəm...
Onu avtobioqrafiyasına qısaca nəzər salaq:
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov 1976-cı ilin iyul ayının 19-da Culfa rayonunun Əlincə kəndində, bir tərəfdən Haçadağ, bir tərəfdən Əlincə qalası görünən bağlı-bağçalı bir evdə, zəhmətkeş bir ailədə doğulub. Buranın camaatı bir-birinə “çay adamı” deyirlər. Onları birləşdirən dəyər Əlincə çayından axan suyun saflığıdır. Atası Asəf kişinin çayboyu uzanan kəndlərdə elə bir ev, bağ-bağça yoxdur ki, orda onun əl işi olmasın... O, yaxşı dülgər və meyvə ağaclarına peyvas (calaq) vuran əməksevər insan olub. Öz halal zəhməti ilə çətin zamanlarda 12 uşaqlı böyük bir ailəni dolandırıb. Ramiz müəllim əliqabarlı kişinin süfrəsində nə varsa, ona qane olmağı öyrənib, ona görə də, o, gözü-könlü tox, şöhrətdə, maddiyyatda təmənnası olmayan sadə və təvazökar adamdır. O, ilk təhsilini bu kənddə, ali təhsilin bütün pillələrini isə ölkəmizin paytaxtında alıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasının bakalavr pilləsini 1998-ci ildə, “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə magistratura pilləsini 2000-ci ildə bitirib. Üç il boya-başa çatdığı kəndin orta məktəbində müəllim vəzifəsində çalışarkən “İlin müəllimi” nominasiyası üzrə müsabiqənin qalibi də olub.
2004-cü ilin ilk ayından Ramiz müəllimin həyatında mühüm mərhələ başlayır. Tale onun yolunu akademiyadan salır və o, 2005-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktoranturasına daxil olur, akademik İsa Həbibbəylinin tələbkar və qayğıkeş rəhbərliyi altında “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası” adlı dissertasiyanı 2011-ci ildə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2025-ci ildə isə “Azərbaycan tənqidi realizminin poetikası” mövzusunu uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini iki indekslə (“Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid”, “Azərbaycan ədəbiyyatı”) alır. 2014-cü ildən dosentdir. Onun müəllifi olduğu 10-dan çox monoqrafiya və kitab, 350-dən çox elmi, o cümlədən yüzlərlə elmi-publisist məqalə bu ömrün silinməz səhifələrini təşkil edir. Universitet auditoriyalarında keçirilən dərslər, akademiyada aparılan tədqiqatlar, elmi konfranslarda oxunan məruzələr, yüksək kürsülərdə edilən çıxışlar bu ömürnamənin ən mənalı vərəqləridir. R.Qasımov Ölkə başçısının ədəbi şəxsiyyətlərin yubileyləri, milli-mənəvi dəyərlərin qorunması və ədəbiyyatın inkişafı ilə bağlı imzaladığı sərəncam və verdiyi tapşırıqlara kütləvi informasiya vasitələrində operativ və intensiv elmi münasibət bildirən, ziyalı mövqeyi, yüksək vətəndaş məsuliyyəti və prinsipial elmi yanaşması ilə seçilən alimlərdəndir. Etiraf edək ki, onun imzasını Azərbaycan ictimaiyyətinə daha çox tanıdan da elə publisistik qələmi və televiziya verilişlərinə verdiyi müsahibələrdir.
İnsan ömrü təqvimdə sıralanan illərlə deyil, yaratdığı dəyərlərlə ölçülür. Elə ömürlər var ki, zamanın axarında sadəcə yaşanmır, həm də elmə, cəmiyyətə və insanlığa xidmət edən mənəvi irsə çevrilir. Əlli yaş məhz belə bir zirvədir. Bu zirvəyə yüksəlmək təkcə yaşın artması deyil, həyatın, elmin, təcrübənin və müdrikliyin vəhdətinə çevrilən kamillik mərhələsidir. Bu gün ömrünün 50 illiyini qeyd edən alim, pedaqoq və ziyalı şəxsiyyət Ramiz müəllim haqqında düşünərkən ilk növbədə insanın cəmiyyət qarşısındakı məsuliyyəti, elmin inkişafındakı rolu və mənəvi bütövlüyü yada düşür. O, hər gün şəxsi kitabxanasını zənginləşdirir, hər yerdə mütaliə edir və beləcə yorulmadan özünü inkişaf etdirir. Çünki əsl alim yalnız elmi əsərlər yazan insan deyil, o, həm də milli düşüncəni formalaşdıran, elmə yeni istiqamətlər qazandıran ziyalıdır. Yarım əsrlik həyat yolu gözümün önündə baş verən böyük zəhmətin, məqsədyönlülüyün və yorulmaz fəaliyyətin nəticəsidir. Bu yolun hər mərhələsində elmə sədaqət, müəllim peşəsinə sevgi və milli-mənəvi dəyərlərə bağlılıq dayanır. Elm insanı yalnız biliklə zənginləşdirmir, həm də xarakterini formalaşdırır. Ramiz müəllim təvazökarlığı, prinsipiallığı və məsuliyyəti ilə seçilir. Elmi fəaliyyət yalnız fərdi nailiyyət deyil, həm də gələcək nəsillərə qoyulan mənəvi sərmayədir. Bu baxımdan filologiya elmləri doktoru Ramiz Qasımovun fəaliyyətini Azərbaycan filologiya elminin inkişafına verilmiş dəyərli töhfə kimi qiymətləndirmək mümkündür. Lakin insanın böyüklüyünü yalnız elmi uğurları ilə də ölçmək olmaz. O, həm də ailədəki mövqeyi, həyat yoldaşı, ata, dost və həmkar kimi daşıdığı məsuliyyətlə dəyərləndirilir. Ailə insanın ilk məktəbidir. Qarşılıqlı hörmət, etibar və mənəvi dayaq üzərində qurulan ailə isə cəmiyyətin ən möhkəm sütunudur. Professor İbrahim Bayramov həmişə bizə “filologiyanın qoşa qanadları” - deyə müraciət edir. Ona görə də, bu yubiley mənim üçün yalnız həyat yoldaşımın 50 illik ömür yolu deyil, həm də birlikdə keçirdiyimiz 22 illik həyatın, birgə iş fəaliyyətinin mənəvi hesabatıdır. Biz bu illər ərzində yalnız bir ailə qurmadıq, həm də eyni elmi mühitdə çalışdıq, eyni auditoriyalarda dərs dedik, eyni akademik dəyərlərə xidmət etdik, bir-birimizin ilk oxucusu olduq. Elmin çətinliklərini, uğurlarını və sevincini birlikdə yaşadıq. Həmçinin eyni şeylərə sevindik, eyni şeylər üçün sarsıntı keçirdik, eyni hədəflər üçün mücadilə etdik, bəzən “evdən bir nəfər” prinsipinin məhdudiyyəti ilə üzləşdik, amma ən əsası birgə tərəfdaşlığın səmərəli bəhrəsini də çox gördük. Ramiz müəllimin hər kürsüdə və ya böyük bir məclisdə çıxışını dinləyəndə illər öncə ilk dəfə onu dinlədiyim günün həyəcanı yenidən qəlbimdə canlanır. Lakin bu həyəcan artıq zamanın sınağından çıxmış, qürur hissi ilə qovuşmuş tamam başqa bir duyğudur. O danışdıqca mən təkcə dərin elmi təfəkkürün deyil, natiqlik mədəniyyətindəki böyük zəhmətin, zəkanın və mənəvi kamilliyin səsini eşidirəm, çünki Ramiz müəllim kiminsə hazır yazısını günlərlə, saatlarla əzbərləyərək kürsüdən səsləndirənlərdən deyil, o, elmi öz düşüncəsi, öz təfəkkürü və öz araşdırmaları ilə cilalayan alimdir. Onun hər çıxışı əvvəlcədən əzbərlənmiş cümlələrin təkrarı deyil, illərlə qazanılmış zəngin elmi təcrübənin, dərin mütaliənin və analitik təfəkkürün təbii ifadəsidir. Hər çıxışının sonunda ürəyimdə baş qaldıran qürur hissinin miqyasını isə nə ən həssas barometr, nə də hər hansı ölçü vahidi müəyyən edə bilər. Çünki bu, rəqəmlərlə ifadə olunan hiss deyil, inamın doğurduğu mənəvi ucalığın ölçüyəgəlməz sevincidir. Bu hisslərin ən uca, ən ali zirvəsini isə ötən il Bakıda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Ramiz müəllimin dörd-beş saat davam edən elmlər doktorluğu dissertasiyasının müdafiəsi zamanı yaşadım. Həmin saatlar mənim üçün sadəcə elmi müzakirələrin getdiyi bir zaman kəsiyi deyildi, ömrün illərlə çəkilən zəhmətinin, yuxusuz gecələrinin, sonsuz axtarışlarının və tükənməz iradəsinin elmin uca kürsüsündə təntənəsinə çevrildiyi müqəddəs bir an idi. O, görkəmli filoloq alimlərin hər sualına dərin elmi məntiqlə, yüksək intellekt və böyük təmkinlə cavab verdikcə, mən qürur hissimin sərhədlərinin genişləndiyini duyurdum. Həmin gün yaşadıqlarımı heç bir söz tam ifadə edə bilməz. Bu, yalnız ömrünü elmə həsr etmiş bir insanın uğuruna şahidlik edən, onunla eyni yolu addımlayan ömür-gün yoldaşının və həmkarının qəlbində yaşaya biləcəyi, sözlə ifadəsi çətin olan mənəvi bir ucalıq idi... Bu yolun ən böyük qazancı qarşılıqlı etimad, intellektual həmrəylik və mənəvi dostluq oldu. Birgə elmi fəaliyyət ailə həyatına xüsusi məna qazandırır. Elmi müzakirələr, ortaq ideyalar, qarşılıqlı dəstək və məhsuldar əməkdaşlıq illər keçdikcə ailə bağlarını daha da möhkəmləndirir, elm burada sadəcə peşə deyil, həm də ortaq həyat fəlsəfəsinə çevrilir.
Mənim həyat kredom gəncləri hər zaman elmə, tədqiqata və elmi yaradıcılığa həvəsləndirməyə çalışmaq və vaxtında ailə qurmağa sövq etməkdir. Çünki inanıram ki, bir millətin gələcəyi məhz elmi araşdıran və yaradan gənclərin çiyinləri üzərində qurulur. Lakin bir gün tələbələrlə auditoriyadankənar dərs zamanı eşitdiyim fikirlər məni dərindən düşündürdü. Tələbələrdən biri dedi: “Zülfiyyə müəllimə, alimlər ömürlərini elmə sərf edirlər, amma şəxsi həyatlarını dolğun və mənalı yaşaya bilmirlər, onlar üçün günlər çox sıxıcı keçir...”, digər bir tələbə isə bu fikri davam etdirərək bildirdi ki, “ümumiyyətlə, ailə gələcək elmi karyeraya mane olur...” bu və buna bənzər iddialar, mülahizələr məndə həm narahatlıq, həm də məsuliyyət hissi yaratdı. Mən həmin an düşündüm ki, bəlkə də gənclər uğurlu alim obrazını yalnız kitablar, arxivlər və konfrans salonları ilə əlaqələndirirlər. Halbuki elm insanı həyatdan ayıran deyil, əksinə, onu daha kamil, daha müdrik və daha məsuliyyətli edən bir dəyərdir. Elmlə ailə arasında qarşıdurma deyil, düzgün qurulmuş harmoniya mövcuddur. Bu harmoniya isə təsadüfən yaranmır; qarşılıqlı anlayış, mənəvi dəstək, ortaq məqsədlər və fədakar əmək nəticəsində formalaşır. Bu fikirlərə cavab olaraq mən öz həyatımı nümunə göstərdim. Çünki nəzəri mülahizələrdən daha güclü arqument yaşanmış bir həyatın özüdür. Biz həyat yoldaşımla ömrümüzün yarısını birlikdə keçirmişik. Eyni elm sahəsində çalışır, eyni dəyərlərə xidmət edir, uğurlarımıza da, çətinliklərimizə də birlikdə şahidlik edirik. Ailə bizim elmi fəaliyyətimizi məhdudlaşdırmayıb, əksinə, onu tamamlayan, gücləndirən və ilhamlandıran mənəvi dayağa çevrilib. Bu mənada ailə elmi inkişafın qarşısında duran maneə deyil, sağlam qurulduğu halda onun ən etibarlı istinad nöqtəsidir. Düşünürəm ki, cəmiyyətimizdə alim obrazı haqqında formalaşmış bəzi stereotiplərin dəyişdirilməsinə ehtiyac var. Elmi fəaliyyət insanı həyatdan uzaqlaşdırmır, əksinə, ona həyatın dəyərini daha dərindən dərk etməyi öyrədir. Elə bu məqamda haşiyə çıxmaq istəyirəm: mən bəzən sosial şəbəkə hesablarımdan sadəcə elmi nailiyyətlərimizi deyil, həftə sonu istirahətlərdən və ya tətil günlərindən müəyyən kadrları, şəxsi həyatımın bəzi xoş məqamlarını paylaşıram: həyat yoldaşımla birgə səyahət edir, şahmat, dama, top oynayır, velosiped sürür, idman mərkəzlərində peşəkar səviyyədə olmasa da, həvəskar atıcılıqla, üzgüçülüklə məşğul oluruq, evdə pianoda ifa edirik, rəngli boyalarla rəsm çəkirik, bəzən də sevdiyimiz şeirləri bədii qiraətlə səsləndiririk, yəni boş vaxtımızı səmərəli və əyləncəli hala gətirməyə çalışırıq. Əsl istirahət başqa ölkələrin dəbdəbəli və bahalı istirahət məkanlarında dincəlmək deyil, muxtar respublikamızın hər yeri bizim üçün bir cənnət guşəsidir. Şəxsi avtomobilimizlə dağlara, yaylaqlara, çay kənarlarına üz tutur, gur sulu bir çayın sahilində, bir ağacın kölgəsində samovarımızı qaynadır, təbiətin saf havasını ciyərlərimizə çəkərək dağ bitkilərindən dəmlənmiş bir stəkan çayın ətri ilə ruhumuzu dincəldir, işin yorğunluğunu üstümüzdən atırıq. Bizim üçün ən böyük rahatlıq da, ən qiymətli istirahət də məhz doğma yurdumuzun əsrarəngiz təbiəti ilə baş-başa qalmaqdır... Mən bunları yazmaqla və ya paylaşmaqla şəxsi həyatımı nümayiş etdirmirəm, bizim ailəmizin buna qətiyyən ehtiyacı yoxdur, sadəcə gənclərə, bütövlükdə cəmiyyətə təlqin etməyə çalışıram ki, həm uğurlu alim, həm də xoşbəxt ailə sahibi olmaq mümkündür. Bunun ən inandırıcı sübutu isə statistik rəqəmlərdən çox, bu harmoniyanı öz həyatında yaşadan insanların real taleyidir.
Ailə həyatımızın ən böyük uğurlarından biri də övladlarımızın sağlam mənəvi dəyərlər və keyfiyyətli təhsil mühitində yetişməsidir. Birlikdə iki övlad böyütdük, onların təhsilinə, mənəvi inkişafına və sağlam şəxsiyyət kimi formalaşmasına daim böyük həssaslıq və məsuliyyətlə yanaşdıq. Bu yolda Sizin nümunəvi atalıq sevginiz, qayğınız, müdrik məsləhətləriniz və övladlarımıza aşıladığınız yüksək mənəvi dəyərlər ailəmizin ən möhkəm dayaqlarından biri oldu. Siz onlar üçün yalnız ata deyil, həm də əsl müəllim, etibarlı dost və həyat yolunu işıqlandıran bir örnəksiniz. Bu gün onların qazandıqları uğurların arxasında Sizin zəhmətiniz, fədakarlığınız və övladlarınıza bəslədiyiniz sonsuz sevginin əvəzsiz payı dayanır. Oğlumuz Suat Qasımlı Naxçıvan Dövlət Universitetinin Kimya ixtisasının, qızımız Suay Qasımlı isə həmin universitetin İngilis dili müəllimliyi ixtisasının III kursunu ötən ay yüksək nəticələrlə başa vurdular. Hər iki övladımıza musiqi təhsili vermişik, eyni zamanda uşaqlıq illərindən onlarda mütaliə sevgisi və kitab oxuma vərdişi formalaşdırmışıq. İnanırıq ki, elmə, mütaliəyə, incəsənətə, xarici dilləri öyrənməyə və milli-mənəvi dəyərlərə bağlılıq onların gələcək həyat yolunda ən möhkəm mənəvi dayaq olacaqdır.
Müdriklərdən biri deyib ki, əlli yaş gəncliyin qocalığı, qocalığın gəncliyidir. Ramiz müəllim, Siz hələ yolun başında sayılırsınız. Çünki əlli yaş geridə qalan illərin yekunu deyil, bu yaş yeni zirvələrin başlanğıcıdır. Bu dövr insanın qazandığı bilik və təcrübəni cəmiyyətə daha geniş şəkildə təqdim etdiyi, elmi irsin formalaşdığı, yetişdirdiyi gənclərin uğurlarında öz əməyini gördüyü mərhələdir. Azərbaycan ziyalılıq ənənəsində alim adı həmişə yüksək mənəvi məsuliyyət ifadə etmişdir. Bu məsuliyyəti ömrü boyu şərəflə daşımaq isə hər kəsə nəsib olmur. Yarım əsrlik ömür yolunuz bir daha sübut edir ki, elmə sədaqət, mənəvi dürüstlük, yorulmaz zəhmət və insanpərvərlik insan ömrünü ucaldan, ona həqiqi məna və dəyər qazandıran ən ali dəyərlərdir. Sizin həyat və fəaliyyətiniz bu dəyərlərin yalnız sözlə deyil, əməl və şəxsi nümunə ilə təsdiq olunduğu bütöv bir ömürnamədir.
İnanıram ki, bu 50 illik ömür Azərbaycan filologiyasına və elminə hələ uzun illər - bir bu qədər də dəyərli töhfələr verəcək, Sizin adınız yetişdirdiyiniz kadrların, yazdığınız əsərlərin və yaratdığınız elmi irsin səhifələrində daim yaşayacaq. Çünki əsl alimlərin ömrü təqvimlə bitmir; onların ömrü qoyduqları mənəvi izdə davam edir. Bu əlamətdar yubiley münasibətilə Sizə ən səmimi ehtiramımı ifadə edir, möhkəm cansağlığı, nəvəli-nəticəli ailə səadəti, tükənməz yaradıcılıq enerjisi, uzun və məhsuldar həyat diləyirəm. Arzuladığım ömrün ilk yarım əsri mübarək olsun!..
P.S. ...artıq dan yeri sökülür. Gecənin sükutunu ilk quş nəğmələri və səhər namazının Azan səsi pozur. Pəncərəmdən içəri süzülən sübh işığı məni xəyallarımın, xatirələrimin, ömrümüzün birgə yazılmış nağıl dünyasından yavaş-yavaş ayırır. Qəlbimin ən dərin qatlarından süzülərək ruhumun sətirlərinə çevrilən bu yazının son nöqtəsini qoyarkən anlayıram ki, bəzi ömürlər haqqında yazmaq mümkün olsa da, onları tam ifadə etmək mümkün deyil. Çünki əlli illik bir ömür, iyirmi iki illik birgə yol, minlərlə xatirə və saysız-hesabsız duyğular heç bir qələmin mürəkkəbinə sığmır. ...sübhün ilk işıqları ilə birlikdə bu yazını tamamlayıram. Amma ürəyimdə bir həqiqət daha da möhkəmlənir: ömür kitabımızın ən gözəl səhifələri hələ yazılmaqdadır... (saat 05:50)
Zülfiyyə İsmayıl,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi