Azərbaycanın kamandan oxatma üzrə gənclərdən ibarət milli komandası növbəti nüfuzlu beynəlxalq yarışda ölkəmizi təmsil etməyə hazırlaşır. “İki sahil” xəbər verir ki, gənc idmançılarımız 20-26 iyul 2026-cı il tarixlərində İtaliya Respublikasının paytaxtı Roma şəhərində keçiriləcək Gənclərin Avropa Çempionatında qüvvələrini sınayacaqlar.
Qitə birinciliyində ölkəmizi gənc və perspektivli oxatanlarımız Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyev təmsil edəcəklər. Oxatanlar fərdi və qarışıq komanda növlərində 60 və 70 metr məsafələrdə mübarizə aparacaqlar.
Komandanın üzvləri hazırda bu mötəbər yarışa hazırlıq məqsədilə Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadırlar. Qeyd edək ki, Gənclərin Avropa Çempionatında milli komandaya məşqçilər Leyla Fazilova və Fuad Allahverdiyev rəhbərlik edəcəklər.