15 iyul 2026 10:58
91

Brüssel Kiyevə krediti Çin PUA komponentlərinə xərcləməyə icazə verib

Avropa Komissiyası (AK) Ukraynaya Avropa İttifaqının ayırdığı hərbi kreditin bir hissəsini Çin istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) ehtiyat hissələrinin və komponentlərinin satın alınmasına xərcləməyə rəsmi icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadla "The Financial Times" qəzeti yayıb.

Nəşrin yazdığına görə, söhbət ümumi həcmi 60 milyard avro olan müdafiə kreditinin çərçivəsində ayrılan 5,9 milyard avro məbləğindəki ilk tranşdan gedir. Normal şərtlərə əsasən, Kiyev bu vəsaitlərlə yalnız istehsal payının əsas hissəsi Aİ, Kanada və ya Böyük Britaniya şirkətlərinə məxsus olan silahları satın ala bilər. Digər müttəfiq ölkələr isə yalnız Brüssel ilə xüsusi tərəfdaşlıq sazişi imzaladıqdan sonra bu sxemə qoşula bilərlər. Bu zaman kənar ölkələrin şirkətlərinin istehsaldakı payı 35%-i keçməməlidir.

Qaydalardan kənaraçıxmalar və istisnalar yalnız o halda nəzərdə tutulur ki, Kiyevin ehtiyac duyduğu hərbi məhsulun təsdiqlənmiş ölkələr siyahısında analoqu olmasın və ya həmin dövlətlər tərəfindən kifayət qədər həcmdə istehsal edilməsin.

Ukrayna rəhbərliyi Avropa Komissiyasına müraciət edərək, 5,9 milyard avroluq vəsaitin müəyyən hissəsini Çin istehsalı olan PUA komponentlərinin alınmasına sərf etmək üçün rəsmi icazə istəyib.

Nəşrin sorğusuna cavab olaraq həm Avropa Komissiyası, həm də Ukrayna Müdafiə Nazirliyi rəsmi şərh verməkdən imtina ediblər.