16 iyul 2026 11:56
97

Dünyanın ən böyük çip və yarımkeçirici istehsalçısı rekord gəlir əldə edib

Dünyanın yarımkeçirici sənayesində lider gücü sayılan Tayvanın "TSMC" (Taiwan Semiconductor Manufacturing Company) şirkəti cari ilin ikinci rübünə dair maliyyə hesabatını açıqlayıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, hesabata əsasən, şirkətin ümumi rüblük gəliri 1,27 trilyon Tayvan dolları (təxminən 39,4 milyard ABŞ dolları), xalis mənfəəti isə 705,6 milyard Tayvan dolları (təxminən 21,9 milyard ABŞ dolları) təşkil edib.

Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi gəlirlərin 36,0%, xalis mənfəətin isə rekord həddə — 77,4% artdığını göstərir. Cari ilin birinci rübü ilə müqayisədə isə gəlirlər 12%, xalis mənfəət isə 23,4% yüksəlib.

Şirkətin açıqladığı statistikaya əsasən, gəlirlərin böyük hissəsi ən müasir və kiçikölçülü mikroçiplərin payına düşür.

"CNBC" telekanalının sorğu etdiyi nüfuzlu analitiklər bildirirlər ki, "TSMC"-nin nümayiş etdirdiyi maliyyə nəticələri bütün ilkin proqnozları xeyli üstələyib. Şirkət müxtəlif fərdi cihazlara və məlumat mərkəzlərinə süni intellekt (AI) texnologiyalarının tətbiqi üçün zəruri olan super-müasir mikrosxemlərə yönəlmiş qlobal tələbat artımından maksimum yararlanmaqda davam edir.