16 iyul 2026 12:41
85

Cənubi Koreya uşaqlar üçün sosial şəbəkələri qadağan etməyə hazırlaşır

Cənubi Koreyanın Kütləvi Kommunikasiya və Rabitə Komissiyası 14 yaşınadək uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə tam qadağanın tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.

“İki sahil” "Yonhap"a istinadla xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə komissiyanın sədri Kim Çon Çol məlumat verib.

Komissiya rəhbərinin sözlərinə görə, 14-19 yaş qrupuna daxil olan yeniyetmələrin asılılığını azaltmaq üçün isə fərqli bir yanaşma tətbiq olunacaq. Onların hesablarının funksionallığının məhdudlaşdırılması və sosial şəbəkələrdən istifadə müddətini azaldacaq xüsusi dizayn dəyişikliklərinin edilməsi təklif olunur. Kim Çon Çol qeyd edib ki, artıq ölkə parlamentinə bu mövzu ilə bağlı təxminən yeddi fərqli qanun layihəsi təqdim edilib.

Qeyd edək ki, uşaqların virtual asılılıqdan və zərərli kontentlərdən qorunması məqsədilə analoji addımları atan ölkələrin sayı sürətlə artmaqdadır.

Hazırda dünyanın 20-yə yaxın ölkəsi azyaşlıların sosial media platformalarından qorunması üçün analoji sərt qanunvericilik tədbirləri tətbiq etməyi planlaşdırır.